RU

Yaponların uzunömürlülük sirri nədir - qida, həyat tərzi, yoxsa genetika?  

Yaponiyada 100 yaşını keçmiş insanların sayı 100 min nəfərə yaxınlaşır. Yaponiya Səhiyyə Nazirliyinin açıqlamasına görə, son bir il ərzində 100 yaşını tamamlayanların sayı 4 644 nəfər artaraq rekord həddə çatıb. Bu, son 55 ilin ən yüksək göstəricisidir. Hazırda rəsmi qeydiyyata alınmış 100 yaş və daha yuxarı insanlar 99 763 nəfərdir. Onlardan 87 784-ü qadın, 11 979-u kişidir. Maraqlıdır ki, ölkənin ən yaşlı sakinlərinin 88%-i qadınlardır.

Yaponiyanın ən yaşlı insanı Siqeko Kaqava, 1911-ci ildə doğulub və hazırda Nara prefekturasının Yamatokoriya şəhərində yaşayır. Ən yaşlı kişi isə Mizu no Kiesi Taka olub və o, Sidzuoka prefekturasının İvata şəhərində 111 yaşa çatıb.

BMT-nin məlumatına görə, dünyada 100 yaş və daha artıq yaşı olan təxminən 630 min insan var və bu o deməkdir ki, hər altıncı yüz yaşlı şəxs Yaponiyada yaşayır.

Bəs yaponların uzunömürlülük sirri nədir - qida, həyat tərzi, yoxsa genetika?

Alimlər Yaponiya nümunəsində uzunömürlülüyü bir neçə əsas amillə izah edirlər:

1.Qidalanma - Yaponiya mətbəxi əsasən balıq, dəniz məhsulları, tərəvəz, soya və düyü ilə zəngindir. Qızardılmış və yağlı yeməklər nisbətən az istehlak olunur.

“Hara hachi bu” prinsipi - doydum deməmiş 80% doymuş saymaq həm mədə sağlamlığını qoruyur, həm də ömür uzunluğunu artırır.

2.Fiziki fəallıq - Yaşlı yaponlar gündəlik yürüş edir, bağ-bostan işləri ilə məşğul olurlar  Fiziki aktivlik onların ürək-damar sistemini, əzələlərini və ümumi sağlamlığını gücləndirir.

3.Sosial əlaqələr və psixoloji sağlamlıq - Yapon mədəniyyətində ailə bağları və icma həyatı güclüdür. İnsanlar təcrid olunmur, sosial şəbəkələrdə aktiv qalırlar, bu da depressiya riskini azaldır.

4.Tibbi xidmətlər və profilaktika - Yaponiya yüksək səviyyəli səhiyyə sisteminə malikdir və yaşlılar mütəmadi olaraq yoxlanışdan keçirilir. Profilaktik müayinələr erkən xəstəlikləri aşkar etməyə imkan verir.

5.Genetik amillər - Tədqiqatlar göstərir ki, uzunömürlülükdə genetik predispozisiya da mühüm rol oynayır.

Ümumiyyətlə, XX əsrdə müşahidə olunan ömür uzunluğundakı artım son dövrlərdə yavaşlamağa başlayıb. Tədqiqatçılar hesab edirlər ki, 2000-ci ildən əvvəl doğulmuş heç bir nəsil orta hesabla 100 yaşa çatmayacaq. Buna baxmayaraq, Yaponiyanın nümunəsi göstərir ki, sağlam həyat tərzi, balanslı qidalanma və güclü sosial dəstək uzunömürlülüyü xeyli artırır.

 

Xalidə Gəray

Musavat.com

Избранный
41
1
musavat.com

2Источники