"Şamaxı" Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində doğma meydanda "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizim üçün önəmli oyun idi. Bu gün azarkeşlərimizə qələbə hədiyyə etmək istəyirdik. İlk qələbəmizi qazandıq. Hər xal önəmlidir. İşimizin öhdəsindən gəldik. "Karvan-Yevlax"ın əvvəlki oyunlarına baxmışıq. Çox yaxşı mübarizə aparıblar. İlk qolu vurandan sonra oyun bizim nəzarətimizdə oldu. Bundan da yaxşı ola bilərik. Futbolçularımızın potensialı var. Milli fasilədən səmərəli istifadə etdik. Sevindirici haldır ki, ikinci hissədə meydanda gənc oyunçuların sayı çoxaldı. Burada qazanan milli komanda olacaq. Çempionat daha da sərtləşir. Növbəti oyunlara hazırlaşacağıq.
- Gənc oyunçuların performansı sizi qane etdi?
- Əlbəttə hazırda onlardan yüz faiz razı deyilik. Emil Süleymanov artıq bizim əsas oyunçumuzdur. Oruc Məmmədov da formasını bərpa edib. Həm millidə, həm də klubda yaxşı oynadı. Rüfət Abbasov daim əsas heyətdə çıxış edir. Edqar Adilxanov əməliyyat olunacaq. Təxminən 3 həftə bizimlə olmayacaq. Milli komandada zədələnib. Sənan Muradlı 2006-cı il təvəllüdlüdür. Gələcəyi hələ qarşıdadır. Nihat Mehralıyevin Premyer Liqada ilk oyunu idi. Onlara vaxt lazımdır. İnanıram ki, gələcəkdə hamısı bizə xeyir verəcək.
- Qarşıda millinin Fransa ilə oyunu var. Bu, "Şamaxı"dakı işinizə təsir etməyəcək?
- Bu suala cavab verə bilmərəm. Çünki mən U-21 millisinin baş məşqçisiyəm. Bir oyunluq əsas milliyə kömək etdim. Hazırda mənim bütün fikrim "Şamaxı" və U-21-in qarşıdakı iki oyunundadır.
- Təklif olsa, əsas millidə davam edəcəksiz?
- Bu təklif müzakirə olunmalıdır. Fikir mübadiləsi aparılacaq çox mövzular var. Tək Fransa ilə oyuna hazırlıqdan söhbət gedə bilməz. Yəqin ki, federasiyanın vaxtı var. Yaxşı düşünəcəklər. Çünki qərar düz olmalıdır. Gələn məşqçi tək bu oyunları yox, gələn ili də düşünməlidir. Bu, böyük mövzudur. Biz federasiyasının məşqçisiyik. Ehtiyac varsa, canla-başla hazırıq. İnanırlarsa, fikir mübadiləsi aparmaq olar.
- Fernandu Santuşun qarşısına Avro-2028-ə vəsiqə qazanmaq hədəfi qoyulmuşdu. Sizcə, bu realdır?
- Millimizdə potensial var. Püşkdən, sistemdən asılıdır. Futbolda hər şey olur. Bu gün bizim futbolçular "Qarabağ"la Çempionlar Liqasında iştirak edir. İnanmaq lazımdır. Bu, bir günün işi deyil. Bir sistemlə çalışsaq, nələrəsə nail olmaq olar. Deyə bilərlər ki, sizin U-21 milliniz də 0:5 uduzub. Amma oyuna baxmaq lazımdır. Futbolçular Portuqaliyaya qarşı çəkinmədən mübarizə apardılar. Məğlubiyyətlər də, böyük hesablar da olacaq. Moldova Norveçə 1:11 hesabı ilə məğlub olur. Türkiyənin İspaniya ilə matçını (0:6) gördük. Heç kim bundan sığortalanmayıb. Biz onlardan böyük komanda deyilik ki.
- Milli üçün baş məşqçi postuna əcnəbi namizədlərin adları hallanır. Bu, sizə necə təsir edir?
- Bu dəqiqə ora köklənməmişəm. İlk növbədə inam lazımdır. Bəlkə də gün yarım ərzində vaxtımız az idi. Amma köməkçilərim, futbolçular çox böyük iş gördülər. Millinin yeni baş məşqçisinin kim olacağı mənə təsir etməyəcək. Çünki mənim işim var. Əgər bir fikir olsa, geniş müzakirə olunmalıdır.