Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Fuad Bayramovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı məhkuma təyin edilən cəzaya aid hissədə dəyişdirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 15 mart tarixli hökmü ilə Fuad Bayramovun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıdan məhrumetmə cəzası, Ali Məhkəmənin 2023-cü il 21 iyun tarixli qərarı ilə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 11 il 6 ay cəza verilib.
İttihama görə, Fuad Bayramov özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq planı həyata keçirib.
Belə ki, o, 2018-ci ilin oktyabr ayında zərərçəkmiş M.M.-i (adı, soyadı şərtidir) aldadaraq özünü geniş əlaqələrə malik, tikinti materiallarının alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib. Təqsirləndirilən şəxs zərərçəkmişə yüksək gəlir qazandığını, nisyə divar kağızlarını aldığı halda həmin məhsulları çox qısa müddətdə sataraq pulunu geri qaytaracağını vəd edib. Bu yolla zərərçəkmişi onunla əməkdaşlığın təhlükəsiz və sərfəli olmasına inandırıb.
Etibardan sui-istifadə edən Fuad Bayramov qəsdini davam etdirərək 10–22 oktyabr 2018-ci il tarixlərində müxtəlif vaxtlarda Bakı şəhəri Balaxanı qəsəbəsindəki anbardan ümumilikdə 2 700 rulon divar kağızını – hər biri 40 manat olmaqla, 108 000 manat dəyərində məhsulu Abşeron rayonu, Digah qəsəbəsində yerləşən digər anbara daşıtdırıb.
Daha sonra o, əldə etdiyi divar kağızlarının pulunu qaytarmamaq niyyəti ilə saxta sənədlərdən istifadə etməklə yeni aldatma əməli həyata keçirib. O, “Real-2016” Mənzil Tikinti Kooperativinə məxsus blankları qanunsuz yolla ələ keçirərək guya həmin kooperativ tərəfindən mənzil satışı həyata keçirildiyini göstərən saxta müqavilələr və maliyyə arayışları hazırlayıb. Bunun üçün kooperativ rəhbərinin imza və möhürünü skan edib sənədlərə köçürüb.
Saxta müqavilələrdə zərərçəkmişin tanışına 53 950 manat dəyərində 2 otaqlı, 83 kvadratmetr sahəsi olan mənzil, həmçinin 86 645 manat dəyərində 4 otaqlı, 133,3 kvadratmetr sahəsi olan digər mənzilin satıldığı göstərilib. Bu sənədləri təqdim etməklə zərərçəkmişi aldadan Fuad Bayramov onu pulların geri qaytarılacağına inandırıb.
Nəticədə zərərçəkmiş şəxsin ümumilikdə 108 000 manat dəyərində əmlakı dələduzluq yolu ilə ələ keçirilib, ona külli miqdarda maddi ziyan vurulub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. CM-in 66.5-ci maddəsinə əsasən, bu cəza əvvəlki – Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə verilmiş 12 illik cəza ilə qismən toplanaraq yekunda 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdu.
Fuad Bayramov bu hökmdən apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayəti təmin edilməyib və hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdı.