RU

Polşa Prezidenti NATO qoşunlarının ölkədə yerləşməsinə icazə verən qərarı imzalayıb  

Polşa Prezidenti Karol Navrotski Rusiya pilotsuz uçuş aparatlarının bu ölkənin hava məkanına müdaxiləsinə cavab olaraq, NATO qüvvələrinin Polşada yerləşdirilməsinə icazə verən qərarı imzalayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Bürosu (BSN) “X” platformasında bildirib: “Polşa Respublikasının Prezidenti Karol Navrotski Şimali Atlantika Müqaviləsi Təşkilatının iştirakçısı olan dövlətlərdən xarici hərbi komponentin “Şərq keşikçiləri” əməliyyatı çərçivəsində Polşa Respublikası ərazisində olmasına icazə verən qərar imzalayıb. Prezidentin qərarı məxfi xarakter daşıyır”.

“Şərq keşikçiləri” əməliyyatı haqqında ötən həftənin sonuna Brüsseldə NATO-nun Baş katibi Mark Rütte tərəfindən Polşaya PUA-ların hücumu və Varşavanın NATO-nun 4-cü maddəsinə istinad etməsindən sonra elan edilib. Rütte bildirib ki, plan Rusiyanın hərəkətlərinə cavab olaraq NATO-nun şərq cinahını gücləndirmək məqsədi daşıyır.

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin (SACEUR) baş komandanı general Aleksus Qrinkeviç bildirib ki, əməliyyat Rusiyadan gələn genişspektrli təhdidləri aradan qaldırmaq üçün hava və qurudan müdafiəni birləşdirəcək.

NATO-nun Baş katibi qeyd edib: “Çərşənbə günü, sentyabrın 10-da səhər saatlarında Rusiyanın çoxsaylı pilotsuz uçuş aparatları Polşanın hava məkanını pozdu. NATO-nun hava hücumundan müdafiə sistemi işə salındı və Şimali Atlantika ərazisinin müdafiəsini uğurla təmin etdi. Bu, NATO hava məkanında müşahidə etdiyimiz ən böyük pozuntu konsentrasiyası olsa da, çərşənbə günü baş verənlər yeganə hadisə deyildi. Rusiyanın şərq cinahımızda havada təxribatları getdikcə artır. Biz dronların Rumıniya, Estoniya, Latviya və Litvada hava məkanımızı pozduğunu görmüşük. Bu, çox təhlükəlidir və qəbuledilməzdir”.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış NATO-nun Polşadakı əməliyyatının təfərrüatlarını açıqlayıb. O deyib: “NATO qəti, aydın cavab verir. “Şərq keşikçiləri” aydın, qəti cavabdır... Bu, çox ciddi əməliyyatdır, yəqin ki, NATO tarixindəki ən böyük əməliyyatlardan biridir”.

O əlavə edib ki, hazırda səkkiz ölkə “Şərq keşikçiləri” əməliyyatına qoşulmağa hazır olduqlarını bəyan edib və “digərləri belə bəyanatlar verməyə hazırlaşır”. Polşalı nazir bildirib ki, “çoxqatlı hava hücumundan müdafiə sistemi” qurmaq üçün bir neçə növ texnika yerləşdiriləcək. “Bu, təkcə dron əleyhinə sistemlər deyil, hava hücumundan müdafiə raketlərinə, aviasiyaya da, yarana biləcək bütün təhlükə növlərinə aiddir”, -deyə o əlavə edib.

Избранный
22
2
azerbaijan-news.az

3Источники