RU

Rektor: BDU builki tədris ilinə öz uğurları ilə gəlib çatıb

Bakı, 15 sentyabr, AZƏRTAC

Bu gün 106 yaşını qeyd edən Bakı Dövlət Universitetinin inkişafında növbəti səhifə açılır. Yeni tədris ilinə başlayırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.

Rektor bildirilib ki, BDU yeni tədris ilinə öz uğurları ilə gəlib çatıb və reytinqdə öz nəticələrini xeyli yaxşılaşdırıb. 2025-2026-cı tədris ilində bakalavriat səviyyəsinə 5500-ə yaxın, magistratura səviyyəsinə 1500 nəfər qəbul olunub. Yüksək bal toplayan tələbələrin də səviyyəsi kifayət qədərdir.

“Universitet özünün zəngin ənənəsini qoruyub saxlayıb. Öz keçmişinə xüsusi hörmətlə yanaşır və eyni zamanda, strateji inkişafına uyğun olaraq gələcəyə daha böyük planlarla addımlayır. Bu gün biz yeni tədris ilində Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə Tələbə İnkişaf Mərkəzinin açılışını etdik.

Bu məkan tələbələrin şəbəkələşməsinə, onların inkişafına, problemlərin müzakirəsinə və həllinə şərait yaradacaq . Düşünürük ki, bu cür məkanların olması tələbələrin elm sahəsində öz uğurlarını artırması ilə yanaşı, eyni zamanda, sosial həyatının düzgün qurulmasına xidmət edəcək.

BDU-nun strukturunun yenilənməsi ilə bağlı ciddi planlar var. Qarşıdan gələn illərdə bunun şahidi olacağıq. Ərazimizdə artıq bir neçə belə məkan fəaliyyət göstərir. Onların siyahısında COP29 çərçivəsində açılmış Ekoməkanı, Tələbə məkanını, Ekoenerji məkanını və digərlərini qeyd etmək istərdim.

Vətənimiz Azərbaycan üçün kadr hazırlığı hər bir ali təhsil müəssisəsinin başlıca vəzifəsidir. Biz bu vəzifəni vicdanla və yüksək keyfiyyətlə yerinə yetirməklə gələcəyimizin inkişafına xüsusi töhfə vermiş oluruq”.

 

Избранный
21
3
azertag.az

6Источники