RU

Yeni tədris ilində Oğuz rayonunda 5874 şagird təhsil alacaq

Oğuz, 15 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Sentyabrın 15-də ölkənin hər yerində olduğu kimi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində də Bilik Günü ilə bağlı tədbirlər keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, məktəbin müəllim və şagird kollektivi, təhsil işçiləri, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəb-liseyin direktoru Elxan Bilalov tədbirdə təhsil ocağının fəaliyyəti, ötən tədris ilində qazandığı uğurlar barədə məlumat verib. Bildirilib ki, ötən tədris ilində məktəb-liseyi bitirən 74 məzundan 47-si ali məktəblərə qəbul olunub, 10 nəfər isə kollecə daxil olub. Məzunlardan 3-ü buraxılış və qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb, 3 nəfər qızıl, bir nəfər isə gümüş nişana layiq görülüb. Diqqətə çatdırılıb ki, bu tədris ilində məktəb-liseydə 725 şagird təhsil alacaq. Onlardan 74-ü ilk dəfə birinci sinfə qədəm qoyur.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov çıxış edərək, məktəbin kollektivini, rayonun təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Müdir müavini təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirildiyini diqqətə çatdırıb, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. Təhsil sahəsinin dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayan Regional İdarənin rəsmisi məktəbin pedaqoji kollektivini tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdləri biliklərə daha əzmlə yiyələnməyə çağırıb.

Rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxışında qeyd edib ki, yeni dərs ilində rayonun ümumtəhsil məktəblərində 5874 şagird təhsil alacaq. Onlardan 445-i birinci sinif şagirdidir. Bütün məktəblərdə yeni dərs ilinə ciddi hazırlıq işləri görülüb, binalarda cari təmir işləri aparılıb, məktəblər zəruri inventar və avadanlıqla təchiz edilib. Yeni dərs ili ərəfəsində məktəblərə 133 adda 18 min 562 ədəd dərslik paylanılıb.

Oğuz Rayon İcra Hakimiyəttinin başçısı Cavid Əbdül-Qədirov ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun bu sahədə xidmətlərini xüsusi vurğulayıb.

Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayon icra hakimiyyəti başçısının müavini Aliyə Osmanova, məktəb-liseyin adını daşıyan şəhid Nail İbrahimlinin anası Aqibət xanım, şəhid bacısı Xədicə Əliyeva və başqaları çıxış edərək məktəbin kollektivinə yeni tədris ilində daha böyük uğurlar arzulayıblar.

Tədris ilinin başlandığını bildirən ilk zəng çalındıqdan sonra şagirdlər siniflərə daxil olublar. Qeyd edək ki, cari tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub.

Избранный
28
azertag.az

1Источники