RU

Bir gəncin taleyi...

ain.az, Modern.az saytına istinadən bildirir.

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:

**/

Kəndimizə gedirəm... Dağların ayağına dağılan böyük erməni kəndindən yuxarı, dağların başına sığınan bizim kəndə daşlı-kəsəkli maşın yolu qalxır. Məni Qafandan gətirən “Niva” sürücüsü evə kimi apamaq, “maqarıc” almaq istəyir. Mən etiraz edirəm, piyada getmək istəyirəm. “Niva”nın qırmızı onluğunu verirəm, “sağ olun” deyirəm. Mən burda doğulub böyümüşəm, ermənicə yaxşı bilirəm. Doğrudur, yolum daş-kəsəklidir, piyada getmək çətindir. Amma mən bir az poetik ruhda köklənmişəm, atamın yolunu seçirəm. Əsgərlikdən sonra birinci dəfədir ki, bu yolu gedirəm...

Atamın yolu sola dönür, kəskin yoxuşla yuxarı, kənd məktəbinə doğru qalxır. Arif müəllim kəndimizə piyada getməyi sevirdi, mən də onun yanında olmağı sevirdim. Hələ o vaxtlardan, uşaqlıqdan yollara sarılmaqdan, dağlara qalxmaqdan doymurdum. Bura – aşağı kənd məktəbinin həyətinə çatanda dayanardıq. Yanımızdan keşənlər – şagirdlər, müıllimlər bizə salam verərdi. Atam fəxrlə məktəbi göstərərdi, "neçə il bu məktəbdə işləmişəm, rus dili və ədəbiyyatdan dərs demişəm", ləzzətlə deyərdi. Doğrudur, mən öz kəndimizdə oxumuşam, amma bu məktəb də mənə əzizdir, burda 7-8 il güləşlə məşğul olmuşam, idmançı olmuşam.

Ata-bala məktəbin həyətindən böyük kəndə baxardıq. Məktəb hündürdə, təpə kimi yerdədir. Burdan baxanda kənd əlin işindəki kimidir, gözəl mənzərədir. Məktəbin altı stadiondur, bilyard stolu kimi dördkünc, yam-yaşıldır. Kənd stadiondan sonra başlayır, talalara yayılır. Böyük kənddir, Qafana gedən yola kimi uzanır. Yolun sağında kəndin fermaları ağarır. Yoldan o yana meşələr başlayır, yaşıl atlaz kimi parıldayır, aranlara çatıb dayanır. Aranlar taxıl zəmiləri kimi saralır, qızarır, üfiqlərə kimi uzanır. Atam deyirdi ki, aranlar Qafana qədər gedib çıxır, gecələr burdan baxanda, hava təmiz olanda, şəhərin işıqları sayrışır...

...Doğma yurdun təmiz havasından alir, kəndimizə doğru aparan cığıra çıxıram. Yaxşı yadımdadır, mən hələ ibtidai siniflərdə idim... Yazda atamla babamın Uzun dərəsini (həyətyanı sahəsini) ələk-vələk edərdik, quzuqarnı gəzərdik. Babamın dərəsi Qara qayanın (kəndimiz bu dağın döşündədir, o yana Zəngilan ərazisidir) sağ ətəklərindən axan Köndələn çayın sahilində yerləşirdi. Atam göbələk işinin ustasıydı, mən birini axtarıb tapınca, vedrə dolub-daşardı. Sonra babamın bulağını ziyarət edərdik, atalı-balalı sərin sudan doyunca içərdik. Bağda yorulunca gəzərdik, atam hər ağacın yanında dayanardı, əli ilə budaqlarını tumarlayardı. Deyərdi "bu, Ağ almadır, mən calamışam, bu da Sarı armuddur, onu da mən calamışam". Mən atamdan geri qalmaq istəmirdim, yaxındakı alma ağacının gövdəsindən yapışırdım, "bu da Konfet almadır, onu da mən calamışam" deyirdim. İnanın Allaha, özüm dediyimə özüm də inanırdım. Atam ləzzətlə gülərdi, nəvazişlə deyərdi: "Hə, sən calamısan, sən böyük olanda"...

Kəndimizin yayı yazından maraqlı olardı. Atamla səhər tezdən durardıq, adama bir çiy yumurta içərdik. Qara qayanın sol ətəklərindən axan Duru çaya balıq tutmağa gedərdik. Burda çayın sol sahilində, qayaların altından “İsti su” qaynayırdı. Suyun buxarı ətrafa yayılardı, acı kükürd qoxusu burnumuza dolardı. Bir az yuxarı qalxardıq, atam məni sahildə qoyardı, münasıb bildiyi yerdən çayın axarını başqa səmtə qaytarardı. Sonra yalın əllə balıqları daşın-qayanın altından tutub çıxarardı, yarıya qədər su ilə dolu vedrəyə atardı. Xallı farellər şəffaf suda çırpınardı, üzümə-gözümə su sıçradardı. Günortaya kimi vedrəni balıqla doldurardıq, bir qismət pendir-çörək yeyib evə qayıdardıq. Yolda uşaqlar bizə həsrətlə baxardı, mən ləzzətlə vedrənin qulpundan yapışardım. Evdə atam balıqları yağda qızardadı, üstünə yumurta çırpardı. Anam stolun üstünə təndir çörəyi, pomidor-xiyar qoyardı. Bacım hər tikədən sonra barmaqların yalardı. Mən balığın sümüyünə baxmazdım, dadından doymazdım...

Nəhayət... Enişli, yoxuşlu yollar qurtarır, kəndimizin ayağında «Talalar» başlayır. Yolun sağ tərəfi dərin dərə, sol tərəfi taxıl zəmisidir. Taxıl qurşaqdan yuxarıdır,  soldakı dağın döşünə kimi uzanır. Aşağıda aranlar, yuxarıda dağlar əlin içindəki kimidir, kəndin evləri də göz önündədir. Bizim dağlar meşəli dağlardır, hara baxsan meşədir, təkcə Qara qayanın başından başqa. Qara qayanın yay-qış qarlı olan başı keçəldir, lap pendir motalı kimi… Mən ilk dəfə atamla, sonralar tay-tuşumla Qara qayanın başına kimi qalxmışam. Hər cığırını, hər daşını tanıyıram, amma ilk səfər ilk məhəbbət kimidir, heç vaxt yaddan çıxmır...

Mən dağın başında durmusan, aşağılara baxıram. Qara qayanın aşağıdan baxanda şiş kimi görünən zirvəsi böyük bir taladaır. Kənd burdan baxanda əl boydadır, ağ şiferli, qırmızı kirəmidli evlər dırnaqdan da balacadır. Atam deyir ki, dağın o biri tərəfi Zəngilandır, hər tərəf bizim Azərbaycandır. Bütün dünya mənim ayaqlarım altındadır. Əlimi uzatsam, buludlara çatar. Hətta qartal, məğrur dağ qartalı məndən aşağılarda süzür. Mən zirvədəyəm, mən xoşbəxtəm. Amma təəssüf içindəyəm: Şimalda daha hündür dağlar görünür. Mən hələ ora getməmişəm, o dağları fəth etməmişəm. Bəlkə də heç zaman fəth etməyəcəyəm...

Sakitliyi daha aşağılardan, dumanlı, mеşəli dərələrdən axan çayın şırıltısı azca pozur. Bəzən bu şırıltı da еşidilməz olur, mən dağın başında tək-tənha qalıram. Məni nə isə narahat еdir, еlə bil ki, xoflanıram. Birdən gün çıxandan, Zəngilandan tütək səsi gəlir. Mən rahatlanıram, bir ciyər dolusu nəfəs alıram, bu dağlardan o dağlara baxıram. Qonşu dağın döşündə bir topa qar kimi görünən qoyun sürüsü diqqətimi cəlb еdir. Dеyəsən itlər də məni hiss еdiblər, üzlərini bu tərəfə çеvirib hürürlər. Ulduza hürən kimi - nə səsləri, nə xofları gəlib mənə çatır. Mənim nəzərlərim onların da üzərindən kеçir və axtardığımı tapmayınca dayanmır. Nəhayət... Qara daşın üstündə güclə sеçilən qaraca çoban dünyanı yaddan çıxarıb, sürüsünü itlərə tapşırıb, özü isə tütəyi ilə sеhrli bir aləmə çəkilib. Məni də bir anlıq çəkir, aparır... Tütək səsi ilə Vətən sеvgisindən ibarət aləmə...

Artıq kəndimizə - Vətən sеvgisi ilə tütək səsindən ibarət aləmə girmişəm, doğma küçələri gəzirəm. Sola dönüb yuxarı qalxmaq, evimizə tərəf getmək istəyirəm. Atam, anam üçün yaman darıxmışam. Birdən... Sanki yuxudaydım, ayılıram... Niyə mən heç kəsi görmürəm, qapılarda bir maşın gözə dəymir, niyə kəndin itləri görünmür, mənə hürmür?! Başa düşə bilmirəm, gözlərimi sol tərəfdəki, təpədəki iki mərtəbəli evə zilləyirəm. Bu, mənim bibimgilin evidir, uşaqlığım burda keçib. Yüyürüb həyətə girirəm, amma məni qarşılayan yoxdur, heç kim yoxdur. Evin qabağında tut ağacı, damın dalında sarı armud yerində durur... Yamyaşıldır, yadıma düşür ki, indi yazdır... Amma evin qapıları yoxdur, pəncərələri də yoxdur. Yuxarı çıxıram, otaqlara baxıram... Bom-boşdur, heç kim, heç nə yoxdur, yerdə zir-zibil var, qəzet çırıqları ağarır. Bəlkə, köçüb gediblər?! Bəs, qapıları, pəncərələri niyə çıxarıb aparıblar?!

Nə isə, elə bil vahimələnirəm, nədənsə qorxuram, tez evdən çıxıram. Həyətdə qoyduğum sumkanı qapıram, qaça-qaça üzü yuxarı qalxıram. Bu da bizim evimiz... Kürsülü, böyük evdir, ağ şiferlidir. Amma bom-boşdur, qapı-pəncərəsi də yoxdur. Evdə mebellər də yoxdur, məni qarşılayan da yoxdur... Hanı mənim atam, anam, bacım hardadır?! Pilləkanda otururam, sumkanı yanıma qoyuram. Nə olub, nə baş verib?! Yadıma salıram ki, bir aydan çoxdur ki, evdən məktub almıram, özüm də yazmıram. Adam əsgərdə “molodoy” olanda evə tez-tez məktub yazır, sonra yavaş-yavaş “qocalırsan”, “starik” olanda gec-gec yazırsan. Atam son məktublarının birində yazırdı ki, burda ara qarışır, vəziyyət “rusca”dır, deyəsən, tarix təkrar olunur...  Məni idmançı olduğuma görə, hərbi hissənin bayrağını dəfələrlə qaldırdığıma görə, bir ay tez buraxmışdılar. Evdə məni gələn ay gözləyirdilər. Mən də fürsətdən istifadə etmək, atama, anama sürpriz etmək istəyirdim...

Pilləkanın üstündə oturmuşam və başımı əllərimin arasına almışam. Boş qalmış kəndimə dəyib dağılmış fikirlərimi bir yerə yığmaq, səhmanlamaq istəyirəm... Atam deyirdi ki, həyatı maraqlı, Vətəni müqəddəs edən bizə doğma adamlardır, atadır, anadır, onlarsız həyat adi bir zaman, Vətən adi bir məkandır. Şair deyir ki, Vətən babalarımızın axirət yeri, övladlarımızın gələcək məskənidir, ona görə müqəddəsdir. Filosof deyir ki, həyat bizə Vətənə, valideyinlərə xidmət etmək, övlad yetişdirmək üçün verilən fürsətdir, ona görə qiymətlidir. Deməli, maraqlı, müqəddəs olan da bizə doğma insanlardır... Doğmalarsız Vətən, bu dağlar, bu kənd kimə və nəyə lazımdır?!

Bəs niyə bu ev, bu kənd, bu dağlar mənə bu qədər əzizdir, doğmadır?! Axı, mənim doğmalarım indi burda yoxdur, Allah bilir hardadır?! Amma mən hara baxıramsa, balaca Azadı görürəm, onu qucağında daşıyan anamı, yıxılanda əlindən tutub qaldıran atamı görürəm, daim yanımda olan, mənimlə gülən, ağlayan bacımı görürəm. Başımı qaldırıram, duman çökmüş dağlara - bizim dağlara diqqətlə, məhəbbətlə baxıram.  Birdən o dağlar - Zəngilan dağları yadıma düşür. Nəhayət,.. mən o böyük həqiqəti dərk edirəm.  O dağ, bu dağ fərqi yoxdur - Vətəndir. O dağlarda da Vətən oğlu tütək çalır, qoyun-quzular ayın-şayın otlayır. Doğrudur, mən o dağlarda doğulmamışam, o dağlarda yaşamamışam. Amma o dağlar da mənim dağlarımdır, məni o dağlara, bu dağlara gözəgörünməz tellər bağlayır. Bu tellər babalarımın ruhundan atama, atamdan da mənə keçir. Məndən də oğluma (gülümsəyirəm...) keçəcək. Bu tellər heç zaman qırılmayacaq...

Ayağa qalxıram, artıq mənə lazımsız görünən sumkamı burda qoyuram. Bir az aşağıda mağazanın qabağında bulaq var, doyunca su içirəm. Kəndimizin boş qalmış küçələrini gəzirəm, yetim qalmış evlərinə baş çəkirəm. Bəzi həyətlərdə güllələnmiş itlər görürəm. Bəli, mən əskərəm, güllə yarasını dərhal seçə bilirəm. Evlər yerində qalsa da, dağılmasa da, hamısı talan edilib. Siz məni qınamayın, mənə elə gəlir ki, burdan oğru-quldur dəstəsi gəlib-keçib. Yuxarı, qəbirsanlığa doğru gedirəm. Babamın, nənəmin, əzizlərimin qəbrini ziyarət etmək istəyirəm. Burda mən dəhşətə gəlirəm... Qəbir daşlarının çoxu sınıb, dagılıb, qəbirsanlığımız da kəndimiz kimi viran qalıb. Babamın, nənəmin də qəbirləri dağıdılıb, hətta başdaşlarını tapa bilmirəm. Qara daşdan idi, atam Yerevandan gətirmişdi...

Axşam yavaş-yavaş qaralır, dağlarımızın aranları qan rənginə boyanır, elə gözəl mənzərə yaranır. Mən bu gözəlliyi dərk edəsi halda deyiləm, ayrı şeylər düşünürəm. Axşama qalmışam, gecə kənddə qalmalıyam. Axşamın xeyrindənsə səhərin şəri yaxşıdır deyirəm. Daşlı-kəskli yollarla evimizə gedirəm. Yenə pilləkanda otururam, acından birtəhər olmuşam. Yadıma düşür ki, Yerevanda avtovağzalda aldığım ətli peraşkilərdən bir neçəsi sumkadadır. Tərxunlu limonadın da biri qalır. Çıxarıram, elə pilləkanda içəri basıram. Ayağa dururam, boş otqlara bir-bir baxıram, sonra öz otağıma qayıdıram. Çarpayım, şkafım da yoxdur, mən hələ küncdə qoyulan jurnal stolunu, üstündəki balaca televizoru demirəm. Əsgər pencəyini çıxarıb yerə atıram, üstündə uzanıram, sumkamı da başımın altına  qoyuram. Səhmana salmaq istədiyim qarışıq fikirlərin içində itib-batıram. Yaman yorulmuşam...

Səhər tezdən durdum, deyəsən gecə soyuq olmuşdu, bütün bədənim ağrıyırdı. Saata baxdım - altıya qalırdı, hava yavaş-yavaş işıqlanırdı. Pencəyimi yerdən qaldırdım, eyvanda yaxşı-yaxşı çırpıb əynimə geyindim. Həyətdəki krandan, ayaqyolundan su gəlmirdi, su çəni də yerində yox idi, çıxarıb aparmışdılar. Aşağıda mağazanın qabağındakı bulağın başında dayandım, əl-üzümü yudum. Dünən şən bir həvəslə, yüyürə-yüyürə çıxdığım yolu, bu gün ağır fikirlərlə düşməyə başladım. Dünən gördüyüm təbiətdən, gözəl mənzərələrdən bu gün əsər-əlamət yox idi, şirin xatirlər də qaçıb getmişdi. Deyəsən, yağış çiskiləyirdi. Saat səkkizdə aşağı kənddən Qafana gedən birinci avtobus çıxmalı idi. Tələsirdim, özümü marşruta çatdırmaq istəyirdim. Ayaqlarımı əlimə aldım, amma vaxtında çatdım. Avtobusda seyrəklikdi, tanış adam yox idi. Yadıma düşdü ki, bu gün bazardır, rayona işə gedən azdır.

Aşağıda yol ayrıcında, yuxarıdan ağ şiferləri görünən fermaların yanında avtobusu saxladılar. Hərbi səhra formasında əli silahlı iki nəfər avtobusa qalxdı, mənimlə tay-tuş olardılar. Bir-bir adamların üzünə baxdılar, tanıdıqlarını salamladılar. Mənim yanımdan keçədə, birincisi salam verdi, “yəqin əsgərdən təzə gəlmisən?!” Gülümsədım, “hə, elədir” dedim. İkincisi dayandı, diqqətlə üzümə baxdı və avtomatı qaldırdı. “Bunu mən tanıyıram, bizim məktəbdə güləşə gedirdi, türkdür” dedi, “atası da bizə rus dilindən dərs deyirdi”. Avtomatı sinəmə dirədilər, məni avtobusdan düşürtdülər. Yol kənarında “UAZ” dayanmışdı, içindən iki nəfər də düşdü, yaxınlaşdı. Sumkamı əlimdən aldılar, qollarımı bağladılar. Tərpənməyə imkan yox idi, dördü də silahlı idi... Deyəsən, mən ermənicə yaxşı bildiyimdən bura kimi gəlib çıxmışam, yolda saxlamayıblar...

Məni “UAZ” mindirdilər və kəndin kolxoz idarələrinə sürdülər. İdarənin qabağında maşını saxladılar, hərbçilərin daha yaşlısı, sürücünün yanında oturanı düşdü və içəri keçdi. Bu, deyəsən, bunların komandiri idi. Bir azdan qayıtdı, “okey” dedi, yaxında yerləşən “stolovoy”a getdik. Burda mənim qollarımı açdılar, yaxşı pendir, şirinçay sifariş verdilər. Siz məni qınamayın, əsgər adamam, açından ölürdüm, doyunca yedim. Sonra komandir “bunun qollarını bağlayın, aparın Aşota təhvil verin, sizi burda gözləyəcəyəm” dedi. Əsas yola qayıtdıq, yavaş-yavaş yuxarı qalxdıq. Amma atamın yoluna girmədik, sag tərəfə dönüb asvalt yolla getdik. Kəndin qurtaracaşında asvalt yol da qurtarır və biz bir az da irəli gedib dayanırıq. Maşından düşürük, qəribə bir mənzərə ilə qarşılaşırıq. Burda 4-5 nəfər əlində bellə, lomla işləyir, 2 nəfər formalı, əli silahlı keşik çəkir. Qara rəngli bir “nemes ovçarka”sı da arada gəzir. Elə bil türmədir...

Məni gətirənlər keşikçilərlə salamlaşırlar, pıçıldaşırlar, qollarımı açıb sağollaşırlar. “UAZ” gedir, bayaq görmədiyim 3-cü keşikçi yanında qara rəngli “nemes ovçarka”sı ilə yaxınlaşır. Bu, hündür, zlrpı adamdır, belindəki kəmərdən ratsiya və tapança sallanır. Mənə “türksən?” deyə bağırır, avar kimi uzun qolunu fırladır. Güclə geri atılmağa imkan tapıram, zırpı əlində qəfil peyda olmuş “Makar”dan havaya atəş açır. “Mən səni tanıyıram, idmançısan, çempionsan” deyir. “Amma burda sənin fokusların keçməyəcək, əlinə lom götür işə başla. Qaçmaq istəsən, Şarikdən qaça bilməzsən, arxayın ola bilərsən. Mənim gülləm boşa çıxmır, buna da arxayın ola bilərsən”. Aşot deyəsən, budur, sözsüz başa düşürəm. Əlimə lom götürürəm və işə girişirəm. Doğrudur, mən əskərəm, heç kimin nökəri deyiləm, amma ölmək də istəmirəm...

Həmtalelərim 5 nəfərdir, hamısı mənim kimi türk əsillidir. İkisini tanıyıram, bizim kəndçidir, o birilər aşağı kəndlərdəndir. Məndən yaşlıdırlar, hətta ağsaqqalı, 40 yaşında olanı da var. Bizim kəndə yol çəkirik, daha doğrusu, yolu iri daşlardan təmizləyirik, əyri yerlərini düzəldirik. Sonra asvalt çəkəcəklər, nəhayət, bizim kəndə də rahat yol olacaq. Dediyim kimi, yuxarıda Duru çayda bir neçə yerdən isti, kükürdlü su çıxır. Aşagı kəndin kolxoz sədri də burda böyük sanatoriya tikdirmək istəyir. Yerevandan yaxşı sponsorlar da tapılıb, Qafan milisinə də tapşırılıb. Bizə nəzarət edənlər, keçik çəkənlər milis nəfərləridir. Mənə yumruq atan, göyə atəş açan zırpı da erməni kəndinin sahə müvəkkilidir. Uşaqlar deyir, “doğrudur, bütün günü eşşək kimi işlədirlər, hətta danışmağa imkan vermirlər, amma səhər, axşam yaxşı yemək verirlər. Kolxoz sədri deyir ki, çox danışmaq olmaz, acqarına işləmək olmaz, adam gərək doyunca yesin ki, yorulunca işləyə bilsin”. Mən də belə düşünürəm, səbrlə axşamı gözləyirəm...

Axşam işdən sonra bizim əl-qolumuzu  bağlayırlar, “UAZ” doldururlar. Bu, səhərki “UAZ” deyil, Aşotun maşınıdır, özü sürür. Bizi maşının baqajına basırlar, aşağıdakı fermalara aparırlar. Fermaların axırında böyük bir anbar var, otaqlarının biri boşdur, dəmir qapısı da var. Bizi bu otağa doldururlar, əllərimizi də açırlar, qapını daldan bağlayırlar. İçəridə bir lampa yanır, böyük otaq zəif işıqlanır. Stol-stul yoxdur, amma köhnə, cırıq matraslar çoxdur. Bir küncdə qalaqlanıb, üst-üstə yığılıb. Qapının ağzında su bidonları, üstündə metallik qruşkalar da görünür. Kimi su içməyə cumur, kimi bir matrası qapır, yerə atır, üstündə uzanır. Mən xamam, axıra qalıram, ona görə də cırılmış, dəmirləri çıxmış bir matras tapıram. Buna da şükür, yaman yorulmuşam, misalı bunlara getsin, lap eşşək kimi yorulmuşam. Əlcəksiz işlədiyimdən əllərimdən qan damır. Heç yemək-zad yada düşmür...

Amma kolxoz sədrinin sözü sözdür - adam gərək doyunca yesin ki, yorulunca işləyə bilsin. Qapı açılır, yoldakı keşikşilər içəri girirlər, böyük bir qazanı yerə qoyub gedirlər. Biri qapının ağzında geri çevrilir, bərkdən deyir: “Ay busurman, adam kimi yeyin, donuz kimi yerə tökməyin. Məhəmmədə yox, İsaya dua edin”. Hırıldaşırlar, çıxırlar. Biz yeməyin üstünə atılırıq. Soyutma bişmiş donuz qabırğalarıdır, üstündə çörəyi də var. Doyunca yeyirik, İsaya yox, Allaha şükr edirik. Kəndçilərimdən biri mənimlə yanaşı uzanır. Sual edirəm ki, “bu, nə hoqqadır, camaat hardadır?” Kəndçim əməlli-başlı nitq eləyir: “Bir ayın söhbətidir... Ermənilər 15-20 QAZ-51-i sürdülər kəndə, bizim adamları milisin, əsgərin gücünə maşınlara doldurdular. Kolbasa dolduran kimi, bir-birinin üstünə qaladılar. Hərəyə də bir sumkadan artıq götürməyə qoymadılar. Milislərə də bu Aşot başçılıq edirdi. Kəndin ayağında, yol ayrıcında maşınları saxladılar. Kimin sumkasında pulu, qızılı vardı, zorla əllərindən aldılar. Aramızda “suka” vardı, camaatı satmışdı. Yalnız iki nəfər Aşota müqavimət göstərdik, bizi də avtobusdan düşürtdülər, yaxşı döydülər. Avtobuslar gedəndən sonra güllələmək istəyirdilər, qanımızın arasına kolxoz sədri girdi. Yol çəkirdi, bizi yolda işlətmək istəyirdi. İndi də arabir gəlir, hələ bizə qonaqlıq da verir”...

Kəndçim sözünü bitirir, yatmaq istəyir. Amma mən imkan vermirəm, içimi bərkdən gəmirən sualı yavaşdan verirəm: “Burdan qaçmaq olmur?!” Dərhal cavab eşidirəm: “Burda dörd tərəf divardır, qapı da metaldır. Yolda da Aşot  keşik çəkir, kim qaçmaq istəyirsə, işləmək istəmirsə, güllələyir. Biz iki dəstəyik, biri burda, o biri yuxarıda, yolun ortasında işləyir. Onları da burda saxlayırlar ki, amma bizimlə görüşməyə imkan vermirlər, ehtiyat edirlər. Aşot qaçmaq istəyən, amma ələ keçən iki nəfəri artıq güllələyib. Yoldan qaçmaq asan deyil, 10 kilometrdən çox getməlisən. Qara qayaya çatmalı, Zəngilana aşmalısan. Aşotun qara “ovçarka”sı da var, maşında saxlayır”... Deyəsən, ümidlərim daşa dəyir, parçalanır. Kəntçim yuxuya getməzdən əvvəl pıçıldayır: “dilini dinc qoy, aramızda suka var”. Təəccüblənmirəm, yadıma köhnı bir əsgər məsəli düşür: “Otdeleniya”da 12 nəfər var, onu sukadır, biri komandir, o biri də müavini”.

Səhər tezdən qapı açılır, hava təzə işıqlanır. Saatımı da alıblar, qolumda yeri ağarır. “Heyif, əsgərdə turnirdə vermişdilər, üstü yazılı “Polyot” idi”. Keşikçilər axşamkından kiçik qazan gətirirlər, boşunu aparıb gedirlər. Gedəndə dünənki “naxal” deyir ki, “yarım saat vaxtınız var, dilinizi yox, ağzınızı tərpədin. Aşot yuxarı dəstəni aparıb, indi gəlməlidir”. Hərə bir kruşka götürür, su ilə doldurur, küncdə əlini, ağzını yuyur. Qazanda dünən mən “stolovoy”da yediyim pendirdən 3-4 yekə tikə, bir neçə dənə də qara çörək kömbəsi var. Hərəyə yarım çörək, bir tikə də pendir düşür. Doyunca yeyirik, üstündən su içirik. Bayırdan Aşotun bağırtısı gəlir... 

Ağır işdən qorxan deyiləm, ancaq heç kimin nökəri olmaq istəmirəm. Daim qaçmaq haqqında fikirləşirəm, başımı aşağı salıb işləyirəm, səbrlə gözləyirəm. Atam deyirdi ki, “səbr adama zülmə dözmək üçün yox, fürsət gözləmək, tədbir görmək üçün verilən imkandır”. Hər şeyə dözmək olur, amma Aşotun türklər haqqında danışdığı, bizə ünvanladığı bayağı atmacalara dözmək olmur. Doğrudur, bizə nahar vermirlər, amma günorta bir saatlıq istirahət verirlər. Su yoluna gedirik, siqaret çəkirik (mən çəkən deyiləm), daşların üstündə uzanıb dincəlirik. Aşot burda olanda, bizə istirahət vermir. Milisdən qabaq Rusiyada işləyib, hərbçi olub, çoxlu anekdot bilir. Amma onları dəyişir, türklərin adını çəkir, bizə ilişir. Heç bizim adımızı da çəkmir, “eşşək minən” deyir...

Axşam yeməkdən sonra hərə bir tərəfə yıxılıb qalıb. Alaqaranlıq otağı həm də sükut qaraldıb, elə bil tavandan lampa yox, daş asılıb. Həm yaman yorulmuşuq, həm də Aşotun anekdotlarından cana doymuşuq. Kolxoz sədri “türk fəhlələri” döyməyi qadağan edib, “işləyən eşşəyi döyməzlər” deyib. Ona görə də, Aşot heyfini bizdən belə çıxır, atmacalarla canımızı çıxarır. Mənim yanımda uzanan kəndçim bərkdən fikirləşir: “Türklər eşşək minən deyil, bu, ermənilərin sənətidir. “Axçilər”i də evdə sahibsizdir, onları da türklər minir. Mənim özümün erməni kəndində iki “axçim” vardı. Danışsam, indi nağıldı, itdi-batdı, dağıldı”... Mən daha dözə bilmirəm, əsgərlikdə “prapoşik”dən eşitdiyim bir erməni anekdotunu danışmaq istəyirəm. Uşaqlar da diqqət kəsilir, onsuz da heç kim yatmaq istəmir...

            “Deməli, bir erməni yatır və yuxuda görür ki, Qismət körpüsünün altındadır. Bütün millətlər körpünün altında dayanıblar və körpüdən başlarına tökülən qismətlərini yığırlar. Erməniyə elə gəlir ki, başqa millətlərin qisməti bulaq kimi yuxarıdan başlarına axır, onunku isə zorla damcılayır. Bu, erməninin xoşuna gəlmir, barmağını qismətinin damcıladığı yerə soxur, böyütmək istəyir. Görür ki, alınır, damcılar sürətlə axır. Sonra iki barmağını, daha sonra bütün əlini salır, qismət qaynamağa başlayır. Erməninin gözü doymur, qolunu dirsəyinə kimi içəri soxur, burur, burur, böyütməyə çalışır... Birdən erməni yuxudan ayılır... Görür ki, qolu dirsəyinə kimi dalındadır, özü də qan-tərə batıbdır... Hər şeyi başa düşür, amma qolunu çəkmir, yuxudan tez ayıldığının peşmançılığını çəkir”...

            Bir-iki gün sonra sıhər yolda bizi düşürtdülər, amma qollarımızı açmadılar. Aşot əlində “Makar” nəzarət edirdi, mənə yaxınlaşdı, yerə yıxılmağı, üzü aşağı uzanmağı əmr etdi. Keçikçilərə göstəriş verdi, mənim ayaqlarımı bağlayıb apardılar, yolun qırağındakı palıd ağacının budağından, yerdən 3-4 metr aralı, başıaşağı asdılar. Mənim kəndçimi də sürüyə-sürüyə gətirdilər, ayaqlarını bağlayıb yıхdılar mən asılan budağın altına. Bu yazıq özünü tamam itirmişdi, heç səsi gəlmirdi. Bəlkə də «gözü çıхmış qardaşı»na baхıb şükr edirdi. Mənim vəziyyətim оnunkundan qat-qat pis idi - başıaşağı asıldığımdan başım hərlənir, gözüm qaralırdı, amma səsim çıхmırdı. Kəntçim də qоrхudan səsini çıхarmırdı. Ikimiz də qurbanlıq qоyun kimi axırını gözləyirdik…

            Axırı isə оldu və yaman оldu. Aşot bizə yaxınlaşdı, əvvəl mənə baxdı, dedi “sən yaxşı anekdot danışırsan”. Sonra mənim kəndçimə müraciət edtdi: “Mən hərbçiyəm, sənin kimi sukaların günahından keçmirəm. Bilirəm, məni kolxoz sədrinə satan da sənsən. Mən səni gərək yol ayrıcında güllələydim, fikirləşdim ki, lazım olarsan. Amma suka qandon kimi bir şeydir, ikinci dəfə işə keçmir...” Onun əmri ilə əsgərlər 32 kilоluq iki idman daşını maşından gətirdilər, türkün sözü, hər əlimə birini verdilər, tez də qırağa çəkildilər. Ağır idi, əllərim bağlı оlduğundan kənara ata bilmədim, daşlardan bərk-bərk yapışdım - altda kəndçim uzanmışdı. Elə qışqırırdı, deyirdin bəs, aylıq küçükdü, qulağını kəsirlər. Aşot da qıraqda daşın üstündə оturmuşdu, elə bil teatra baхırdı. Aхırı isə yadıma gəlmir - gözlərim qaraldı, əllərim bоşaldı...Mən bu hadisədən sonra heç kimlə heç nə danışmadım, necə deyərlər, ağzıma su almışdım. Qaçmaq, qurtarmaq haqqında isə, hər gün, hər saat, hər dəqiqə fikirləşirdim. Doğrudur, Aşotun bizə münasibəti pis deyildi, işləyəni yola verirdi. Bir dəfə kolxoz sədri Sergey də (Aşot dalınca Ser-Gey deyirdi) gəlmişdi. Orta yaşlı, ağbaşlı kişi idi, şahmatçı Qarri Kasparova oxşayırdı. Bizə kabab qonaqlığı, yalan-doğru vədlər də vermişdi. Adam şəxsən söz vermişdi ki, “siz yaxşı işləyin, tikinti qurtaran kimi sizi evə buraxacağıq, Zəngilana yola salacağıq. Hərəyə min manat da pul verəcəyəm”. Uşaqlar deyirdilər, kolxoz sədri ciddi adamdır, sözünü tutandır. Amma biz hələ yol çəkirdik, tikinti sonra başlanacaqdı. “O vaxta bizdən kim sağ qalacaqdı?! İndi yaydır, payızın yağışı, soyuğu, qışın qarı, şaxtası var... Səhərdən axşama kimi, eşşək kimi işləyirik... Mən cavan adamam, idmançıyam, amma hər yerim ağrıyır”.

            Bir-iki həftədən sonra fürsət düçdü. Aşot iti ilə yuxarı “toçka”da idi. Fasilə fiti eşidildi, hərə bir tərəfdə düşüb qaldı. Mən bir az aralandım, yolun kənarına, otların üstünə uzandım. Keşikçilərdən biri tez ağacların dalına keçdi, deyəsən “böyük” problemi vardı. O biri də mənə yaxınlaşdı, avtomatı sinəsindən sallanmışdı. Elə uzanan yerdən onun üstünə atıldım, yerə yıxdım, avtomatı əlindən almaq istəyirdim. Erməni bir az yaşlı olsa da, yekəpər adamdır, öküz kimi güclüdür. Bağırmaq əvəzinə mənim kəmərindən tutub qaldırmaq, yerə çırpmaq istəyir. Burda da səhv edir, fürsəti əldən verir. Mən onun ləngliyindən istifadə edirəm, ayaqlarımı boynuna dolayıram, «qayçı»ya salıb boğmağa başlayıram. Erməni çapalayır, xırıldayır, ağır zərbələr endirir. Mən dözürəm, zərbədən yayınmaq və «qayçı»nı bərk sıxmaq üçün yerimdə fırlanıram. Zərbələr zəifləyir, erməni sönən şam kimi titrəyir...

            Avtomatı dartıb çıxara bilmirəm, amma kəmərindəki süngü-bıçağı ələ keçirirəm. Niyə sinəsinə bir zərbə endirmirəm, bilmirəm?! Özümü cəld hərəkətlə ağacların dalına yetirirəm. Bizimkiləri səsləmək istəmirəm, necə reaksiya verəcəklərini bilmirəm. “İlan vuran ala çatıdan qorxar” deyirlər. Hadisə saniyələrdə baş verir, nəinki o biri keşikçi, hətta bizimkilər reaksiya vermir... Meşənin içi ilə qaçıram, elə bil qanad açmışam. Burda hər cığır, hər ağac mənə tanışdır, o qədər göbələk axtarmışam, quş yuvası tapmışam. Qaçıram, qaçıram, qaçıram... Bu zaman maşın səsi eşidilir, yəqin keçikçilər ratsiya ilə xəbər veriblər, Aşot gəlir. Bir az dayanıram, tozun çəkilməsini gözləyirəm. Sonra sola dönüb maşın yoluna çıxıram. Yolu keçib təpəyə qalxıram və ağacların altına atılıram. Yavaş-yavaş kəndimizə yaxınlaşıram. Təhlükə də yaxınlaşır, hiss edirəm...

Cığırla yuxarı qalxıram, ağacların arası ilə kəndə yaxınlaşmaq, yoldan uzaqlaşmaq istəyirəm. Amma səhv edirəm, küləyin istiqamətini nəzərə almıram. Namərd külək isə qarşı tərəfdən əsir və aşağı tərəfdən, yol istiqamətindən  it səsi gəlir. Ağacların arasında hər şey aydın görünür, qara kölgə uzaqdadır, amma sürətlə yaxınlaşır. Mən cəld sol çəkməmi çıxarıram, sol əlimə geyinirəm, süngü bıçağı da sağ əlimə alıram, dizi üstə otururam. Çox gözləmək lazım gəlmir, qara kölgə qasırğa kimi üstümü alır. İri, qara “ovçarka” sürətlə irəli atılır, boğazıma doğru dartınır. Mən birinci anda sol əlimi irəli verirəm, ikinci anda süngü bıçaq xartıltı ilə itin boğazına girir, şah damarına qədər gedir. İri it iki dəfə dartılır, hələ caynaqları ilə “paradnı” formanı cırır, sağ qolumu qanadır. Sol əlimdə də ağrı hiss edirəm, sonra görürəm ki, it çəkməni də dağıdıb, dişləri əlimə batıb. Hələlik isə bunları görməyə, düşünməyə vaxt yoxdur…

Mən iti qırağa itələyirəm, ayaqqabımı geyinirəm, bıçağın qanını itin dərisinə sürtüb təmizləyirəm. Ayağa durub qaçmağa başlayıram, hətta bıcağı cibimə qoymağı unuduram. Bir azdan kəndimizin ayağına, talalara çatıram. Kolların dalında dincimi almaq üçün bir anlıq dayanıram, dünyanı yaddan çıxarıram, üzü üstə otların üstünə yıxılıram. Yaşıl otların, doğma torpağın ətrindən doymuram. Ürəyimin guppultusu qulaqlarında əks-səda verir. Dərindən nəfəs alıb buraxıram, əl-ayağımı uzadıram. Bir az boşalmaq, dincimi almaq, həyəcandan qurtarmaq istəyirəm və ehtiyatı əldən verirəm...

Ermənicə, yerli ləhcə ilə deyilən sözlər məni silkələyir:

-Bıçağı əlindən burax, yavaş-yavaş qalx. Tərpənsən özünü ölmüş bil, elə tərpənməsən də ölmüş bil...

Mən yavaş-yavaş ayağa qalxıram, gözümün ucu ilə arxaya baxıram. Həmin dəqiqə də kürəyinin ortasına ağır zərbə dəyir, ağrıdan dizlərim əyilir. Rəqibim gülür, yumor hissi olsa da, zarafat edənə oxşamır.

- Mən bir sözü iki dəfə təkrar etmirəm. İndi «fizianomiya»nı göstərə bilərsən. Sənin şəklini çəkəcəyəm, amma aparatla yox, avtomatla...

Mən arxaya çevrilirəm, üz-üzə, göz-gözə gəlirik. Erməni məndən bir az yaşlıdır, sarışın, möhkəm oğlandır. Bununla silahsız bacarmaq çətin olardı, indi isə əlində avtomat da var. Amma mən qorxmuram, cəsarətlə baxıram, erməninin də gözləri mənə sancılır. Mənə elə gəlir ki, ermənini tanıyıram, lap çoxdan tanıyıram. Erməni də eyni hissləri keçirir, gözlərini məndən çəkə bilmir. Beləcə sükut davam edir, saniyələr, dəqiqələr keçir. Erməni avtomatı aşağı salır, başından «furaşka»nı çıxarır. Mən hiss edirəm ki, qəhərlənirəm... Nəhayət ikimiz də birdən dillənirik:

- Azad...

- Artur...

Bir yerdə neçə il güləşə getmişik, uşaqlığımız, gəncliyimiz bir yerdə keçib. Artur məndən iki-üç yaş böyük idi, amma dost idik, yaxın idik. Yarışlara həmişə bir yerdə gedərdik, bir-birimizə azarkeşlik edərdik. O, məndən ağır çəkidə güləşirdi, rəqib deyildik. Tiflisdə, Bakıda, Moskvada bir yerdə güləşmişdik, respublikanın bayrağını bir yerdə qaldırmışdıq. Bizi daha çox yaxınlaşdıran, dostlaşdıran da Mahaçqala hadisəsi olmuşdu. Artur yarımfinalda yerli avar güləşçiyə xal hesabı ilə qalib gəlmişdi. Hakimlərin qərarı avarların xoşuna gəlməmişdi, cığallıq etmişdilər. Onlar çox idilər, bizimkilər geri çəkilmişdilər. Artur geri çəkilməmişdi, həyatda da belə idi, gözünə tapanca sıxsan, qorxan deyildi. Mən də qaçmadım, Artura arxadan hücum edən idmançını vurub yıxdım. Beləcə ara-arxaya dayandıq, qorxmadıq, qaçmadıq…

İkimiz də birdən irəli gedirik, ikimiz də birdən dayanırıq. Sanki düşmən olduğumuzu hiss edirik, bir-birimizdən ehtiyat edirik. Bu dəfə sükut uzun çəkir... Artur böyük kimi təşəbbüsü ələ alır:

- Cəhənnəm olsun siyasət-zad... Biz ikimiz də buralıyıq, kənd uşağıyıq. Bir yerdə böyümüşük, qonşu olmuşuq, dost olmuşuq... Biz düşmən deyilik, Allah mərdiməzara lənət eləsin!

Mən əlimi uzadıram... Artur mənim əlimdən tutub çəkir, bərk-bərk qucaqlayır. Mənim gözlərim yaşarır, namərd göz yaşları axıb məni ələ verməsin deyə başımı yuxarı qaldırıram, göylərə baxıram. Heyrətimdən az qala qışqırıram: Artur əməlli-başlı ağlayır. Uşaq deyilik, özümüzü tez ələ alırıq, ciddi söhbətə başlayırıq.

- Kəndçim, sənin işin yaşdır, Aşot səni axtarır. Sən keşikçi polisi şikəst etmisən, iş yerini də tərk etmisən. Bunlar səni güllələmək üçün kifayət edir, amma sən hələ Aşotun sevimli “ovşarka”sını da öldürmüsən. Aşağı, yuxarı “toçkalar”da işi saxlayıblar, işçiləri ağaclara bağlayıblar. Hamı səni axtarır, tutsalar yerində güllələyəcəklər...

Mən dinmirəm, nə isə Artura etibar etmirəm. Sükut xeyli çəkir, Artur məni tələsdirir:

- Vaxt yoxdur, hər dəqiqə bura gələ bilərlər.

Mən yerimdən tərpənmirəm, bu dəfə Artur əsəbiləşir:

- Sən məni düşmən hesab edirsən?

- Hər halda dost deyilik, ayrı-ayrı cəbhələrdəyik…

- Bu, məni maraqlandırmır, mən ideyalist deyiləm. Bilirsən, ideya böyüklərə lazımdır, bizi - kiçikləri aldatmaq, davaya dartmaq, öz ciblərini doldurmaq üçün. Davada qırılan, var-yoxdan çıxan da biz oluruq, böyüklər isə şan-şöhrət, var-dövlət qazanırlar. Burda görürəm də, qazanan kolxoz sədri, bir də milis rəisidir. Odur ki, mən onların ideyasına tüpürürəm... Bizim Qara qayanın başından...

- Bəs, sən niyə burdasan?

- Mən əsgərlikdən sonra milisə keçmiçəm, yuxarı “toçka”da keşikçilərin biri də mənəm, Aşotun yanında işləyirəm. Keşikçilərin içində bu yerləri, meşələri yaxşı tanıyan, yol-izi bilən də mənəm. Aşot səni tutub gətirənə 500, sürüyüb gətirənə 300 manat mükafat təyin edib… Yaxşı, indi neyləyək?

- Bilmirəm..

- Sən məni tutsaydın, neylərdin?

- Bilmirəm...

- Mən isə bilirəm. Mən səninlə kəndçi olmuşam, dost olmuşam, bi bir yerdə arxa-arxaya dayanmışıq, avarların qabağından qaçmamışıq... Yeri gəlmişkən, sizinkilər gedəndə ordaydım, sənin ata-ananı, bacını mən yola salmışam, sağ-salamat gediblər... Sən azadsan, istədiyin tərəfə gedə bilərsən. Amma mən Qara qayaya getməyi məsləhət görürəm, o tərəf nisbətən təhlükəsizdir. Həm də məndən başqa oraları yaxşı tanıyan yoxdur... Yadında saxla, mən səni tutmaq istəsəydim, ayağına bir güllə vurardım, dalıma alardım, Aşotun yanına aparardım. Daha arxadan vurmazdım. Hələlik! Ürəyimə damıb ki, biz yenə görüşəcəyik... Ya bu dünyada, ya da o dünyada…

Artur çıxıb gedir. Mən ancaq bundan sonra yerimdən tərpənirəm, əyilib bıçağı götürürəm. Bir azdan sakitləşirəm, özümü təhlükəsiz hiss edirəm, sürətlə hərəkət edirəm. Danışıb yüngülləşmişəm, həm də bir az istirahət etmişəm, odur ki, dayanmadan gedirəm. Kəndimizə qəsdən girmirəm, dərələrdən keçirəm. Maşın yolunun üstüdür, pusqu olar deyirəm, ehtiyat edirəm. Dərələr tamam kolluqdur, adam boyu qədər qalxır. Su olan yerlərdə dayanıram, əl-üzümə su vururam. Nəhayət Duru çaya çatıram, təpənin dalında dayanıram, ehtiyatla baxıram. Köhnə körpü yerindədir, burdan o qədər keçmişəm. Bura kükürdlü sulardan bir az aşağı tərəfdir, çayın səsi, nərəsi gəlir. Atamla bura gəldiyimiz, balıq tutduğumuz dərdsiz-qəmsiz günlər yada düşür...

Günəş artıq qərbə doğru əyilir, gündəlik marşrutunu bitirmək niyyətindədir. Bir-iki saatdan sonra aranlar qan rənginə boyanacaq, elə gözəl mənzərə olacaq. Amma mən tələsirəm, bu mənzərəyə Qara qayanın başından baxmaq niyyətindəyəm. Odur ki, çayı körpüdən keçmirəm – “ehtiyat igidin yaraşığıdır” deyirəm, xəlvət bir yer seçirəm.  Çayın o biri sahilinə çatanda dayanıram, kolların dalına atılıram. Cibimdən qəpik axtarıram, tapmıram, ancaq metallik “Olimpik” manat var. Əlimdə fırladıram, diqqətlə baxıram, sonra çayın sularına atıram. Deyirlər suya qəpik atanda, adam bura bir də gəlir. Mən isə, manat atmışam, deməli mütləq qayıdacağam…

Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
modern.az

1Источники