RU

Paşinyan Ermənistan ordusunun missiyasını necə görür?..

Ermənistanın baş naziri: Ermənistan ordusunun funksiyası yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərin müdafiəsi olmalıdır...

“Əgər təhlükəsizliyin yeganə təminatçısı ordudursa, deməli, ümumiyyətlə təhlükəsizlik yoxdur”.

Poliqon xəbər verir ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan “Kompleks təhlükəsizlik və davamlılıq – 2025” adlı beynəlxalq konfransda çıxışı zamanı ölkəsinin təhlükəsizlik konsepsiyası, ordunun rolu və regional siyasət barədə mühüm bəyanatlar verib.

Paşinyan bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması Ermənistanın ərazi bütövlüyünün tanınması üçün zəruri addım idi və başqa yol mövcud deyildi. O, ordunun rolu ilə bağlı da əsaslı dəyişikliklərə diqqət çəkib.

Ermənistan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənarda heç bir missiya və funksiyaya malik deyil. Ordunun yeganə vəzifəsi Ermənistan Respublikasının tanınmış ərazisinin müdafiəsidir”, deyə Paşinyan vurğulayıb.

Baş nazir qeyd edib ki, Ermənistanın tarixində “güclü ordu” anlayışı hər zaman əsas prinsip kimi göstərilib, lakin bunun əslində yanlış yanaşma olduğunu indi anladıqlarını deyib.

“Əgər təhlükəsizliyin təminatçısı kimi yalnız ordunu görürsənsə, onda ümumiyyətlə təhlükəsizliyin yoxdur. Güclü ordu kimin ordusundan güclü olmalıdır? Daha çox əhalisi və on qat böyük ÜDM-i olan ölkələrin ordusundanmı? Bu, real deyil”, deyə Ermənistaın baş naziri bildirib.

Paşinyan qeyd edib ki, ordunun hətta ikinci, üçüncü, beşinci yerdə deyil, ən sonuncu təhlükəsizlik aləti olması vacibdir: “Ordu təhlükəsizlik təminatında 15-ci, 20-ci, 50-ci, hətta 100-cü yerdə olmalıdır. Bu, onun rolunun kiçildilməsi demək deyil, sadəcə, əsas təhlükəsizlik mənbəyi kimi ordunun götürülməsi ölkə üçün təhlükə yaradır”.

Ermənistan baş naziri əlavə edib ki, bu siyasətə görə müxalifət onu Azərbaycanın və Türkiyənin tələblərini yerinə yetirməkdə ittiham edir.

“Amma bu, sadəcə, ‘təhlükəsizlik’ anlayışının mahiyyətinin başa düşülməməsindən irəli gəlir”, deyə baş nazir vurğulayıb.

Paşinyan deyib ki, onların məqsədi yalnız bu günü yox, uzunmüddətli perspektivi təmin etməkdir: “Bizi indi satqın adlandırırlar. Amma məhz bizim qərarlarımız sayəsində 50, 100, 150 ildən sonra Ermənistan dövləti mövcud olacaq. Bu, legitimlik strategiyasının nəticəsi olacaq”.

Ermənistan lideri həmçinin vurğulayıb ki, Ermənistan ordusu istənilən halda Azərbaycan ordusunun, xüsusilə də onun güclü müttəfiqləri ilə birlikdə daha üstün mövqeyini aşa bilməz.

“Buna görə də ölkənin əsas təhlükəsizlik konsepsiyası legitim sərhədlərin tanınması və beynəlxalq dəstəyin qazanılması üzərində qurulmalıdır”deyə baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, əvvəllər Ermənistan təhlükəsizliyini ordunun gücü və hərbi-siyasi ittifaqlarda görürdü, lakin bu formul heç vaxt işləməyib: “ODKB-nin mövqeyi bunu bir daha göstərdi. Onlar Azərbaycanı da, Ermənistanı da ‘qardaş ölkə’ hesab edir. Biz isə uzun müddət bu reallığı görməməyə üstünlük verdik”.

Paşinyan əlavə edib ki, bu gün getdikcə daha çox ölkə Ermənistana silah satmağa hazırdır, çünki Ermənistan ordusunun qarşısında qoyulan missiya beynəlxalq hüquq baxımından tamamilə legitimdir və bu misdiya .yalnız tanınmış sərhədlərin qorunması ilə məhdudlaşır.

Poliqon.info

Избранный
20
8
poliqon.info

10Источники