RU

AzMİU da Bilik Günü: yeni tədris ilinə böyük ümidlərlə start verildi

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, mərasim müasir, müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra universitetin rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək yeni tələbələri və onların valideynlərini təbrik edib. Rektor bildirib ki, bu il ayrılmış 2600 plan yerindən 2554-ü tutulub və qəbul 98,2 faiz yerinə yetirilib. Ən yüksək nəticəni isə 648,6 balla memarlıq ixtisasına qəbul olunan tələbə – Nuranə İbrahimova göstərib. Bu il magistratura səviyyəsində isə ən yüksək nəticə 89,5 balla sənaye və mülki tikinti ixtisaslaşmasına qəbul olunan Çingiz Qəşəmliyə məxsus olub. Bu göstəricilər gənclərin universitetə etimadını və AzMİU-nun təhsil sahəsində nüfuzunu bir daha təsdiqləyir.

Gülçöhrə Məmmədova 2025-2026-cı tədris ilinin universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu il AzMİU-nun 50 illik yubileyi, eyni zamanda, Azərbaycanda memarlıq və inşaat təhsilinin 105 illiyi qeyd olunacaq. Rektor bildirib ki, bu yubileylər universitetin keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, gələcək nəsillərin qarşısında böyük məsuliyyət və hədəflər formalaşdırır.

Universitetin tarixinə toxunan rektor xatırladıb ki, ali məktəbin əsası 1975-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və həmin vaxtdan etibarən AzMİU mühüm inkişaf yolu keçib. Son illərdə isə Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı nəticəsində universitetdə müasir laboratoriyalar və elmi mərkəzlər istifadəyə verilib, maddi-texniki baza əhəmiyyətli dərəcədə gücləndirilib.

Bu gün AzMİU yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də öz sözünü deyir. Universitet dünyanın nüfuzlu ali məktəbləri ilə əməkdaşlıq edir, ikili diplom proqramları və beynəlxalq layihələr həyata keçirir. Bütün bunlar tələbələrə həm Azərbaycanda, həm də xaricdə rəqabətədavamlı mütəxəssis kimi yetişmək imkanı verir.

Mərasimdə AzMİU-nun rektor müşaviri professor Məsud Əfəndiyev və yüksək balla qəbul olunan tələbələr də öz təəssüratlarını bölüşüblər. Tədbirin sonunda isə yüksək balla universitetə qəbul olan birinci kurs tələbələrinə hədiyyələr təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
38
azertag.az

10Источники