RU

"Qarabağ"ın "Benfika" ilə matçda qol imkanları yaradacağına yüz faiz əminəm" - Aslan Kərimov

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk oyununu səfərdə "Benfika"ya (Portuqaliya) qarşı keçirəcək. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb sabah Bakı vaxtı ilə 23:00-da başlayacaq görüşdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Əlbəttə, bizi çox ağır oyun gözləyir. "Benfika" Portuqaliyanın sayılıb-seçilən klublarındandır və dünyada akademiya olaraq, birinci yerdədir. Həmişə olduğu kimi, yenə bir neçə oyunçu satıb əvəzinə, yenilərini transfer ediblər. Bu iş onlarda mükəmməl səviyyədədir. "Qarabağ" keyfiyyətli futbolçulara qarşı mübarizə aparacaq. "Benfika" son oyunlarının bəzilərində 3 mərkəz müdafiəçisi ilə oynayıb. Belə sxemlə mübarizə aparanda cinah müdafiəçiləri vingerlər kimi, rəqibin ncərimə meydançasına qədər irəliləyirlər. İnsaydları da nəzərə alsaq, rəqib meydanın mərkəzində dominantlıq etməyə çalışacaq. Hələ mərkəz hücumçusu da var. Məncə, daha öndə oynamağa, topu özlərində saxlamağa çalışacaqlar. Elə "Qarabağ" da bu üsluba üstünlük verir. 

Onlar müdafiədən oyun qurarkən ön xətdə pressinq etsək, onlar kombinasiyalı şəkildə bizim yarımmüdafiəni keçməyə çalışacaqlar. Bəzən yaxşı pressinq etməyi bacarırıq və pressinq sayəsində qol imkanları əldə edə bilərik. İkinci çıxış yolu isə rəqib meydanın bizə aid hissəsində olduğu zaman sürətli keçidlərdən istifadədir. Düzdür, Nəriman Axundzadə oynasaydı, Portuqaliyada xal qazanmaq imkanımızın olacağını daha əminliklə deyərdim. Amma indi mərkəz hücumçusu mövqeyində kimin oynayacağını dəqiq bilmirəm. Bəlkə Emmanuel Addai, bəlkə Leandro Andrade, bəlkə də yeni transferlərdən biri "sivri uc"da yer alacaq... İstənilən halda, vingerlərimiz iti oynamalıdırlar. Abdullah Zubirin, Andradenin sürətli keçidləri sayəsində qol imkanları yarada bilərik. Mənə elə gəlir ki, "Benfika"dan xal almaq ehtimalımız var. Meydanda üzərimizə gələn rəqibi cəzalandırmağımız mümkündür. "Benfika"nın "Fənərbağça" ilə oyunlarını izləmişik. Lissabon təmsilçisi Türkiyə komandasını 1:0 hesabı ilə yensə də, keçilməz rəqib deyil. Yəni hücum planında onlara çətin anlar yaşadacaq potensialdayıq. Müdafiədə necə oynayacağımız əsas məqamdır. Hücuma çıxarkən vaxtında qapana, onların əks-həmlələrinin qarşısını kəsə, sürətli keçidlər zamanı cinahları bağlaya biləcəyikmi? Bu suallar sual olaraq qalır. Şübhəsiz, onların da qol imkanları olacaq, bizim də. "Qarabağ"ın "Benfika" ilə matçda qol imkanları yaradacağına yüz faiz əminəm. Hərçənd epizodları boşa vermək, həlledici anlarda səhv etmək ehtimalımız da var. Məncə, həyəcanlı və maraqlı matç olacaq. Düşünürəm ki, gərginlik final fitinə qədər davam edəcək. Hamılıqla Çempionlar Liqasının həyəcanını yaşamağa çalışmalıyıq".

Nihat  

Избранный
10
1
fanat.az

2Источники