RU

Rumıniya nəşri: Azərbaycan regionda əsas logistika qovşağı kimi mövqeyini gücləndirir

Buxarest, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Asiya ilə Avropanı birləşdirən əsas logistika mərkəzi kimi rolunu daha da möhkəmləndirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın dəmiryolu üzrə ixtisaslaşmış “Club Feroviar” jurnalında yayımlanan məqalədə bildirilir.

Materialda qeyd olunur ki, son illərdə ölkənin nəqliyyat-logistika infrastrukturu genişlənib, müasir logistika mərkəzləri yaradılıb, dəmir yolları və dəniz limanlarının ötürücülük gücü artırılıb. Xəbərdə Bakı–Böyük Kəsik maqistral xətti üzrə ildə 30 milyon tonadək yük daşındığı vurğulanır.

Bundan əlavə bildirilir ki, Ucar–Hacıqabul istiqamətində dəmir yolu şəbəkəsinin modernləşdirilməsi tranzit imkanlarını daha da gücləndirir.

Məqalədə, həmçinin Bakı Limanının illik 150 min TEU yükdaşıma gücünün yaxın iki ildə 260 min TEU-ya çatdırılacağı, limanın ildə 60 min avtomobil və 100 min vaqon qəbul etmək imkanına malik olduğu qeyd olunur.

“Club Feroviar” yazır ki, bu inkişaf nəticəsində Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizlərinin əsas tranzit mərkəzinə çevrilib, həmçinin Bakı-Tbilisi-Qars xətti üzrə yükdaşımaların 17 milyon tona qədər artırılması, Zəngəzur dəhlizi ilə isə əlavə 15 milyon ton yükün daşınması nəzərdə tutulur. Jurnalın qənaətinə görə, yeni dəmir yolu marşrutları Çini, Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirərək Azərbaycanın Orta Dəhlizdə aparıcı rolunu gücləndirir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Избранный
31
2
azertag.az

3Источники