Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“PAŞA Sığorta” şirkəti korporativ sosial məsuliyyət layihələri çərçivəsində Bilik Günü münasibətilə Bakı Fotoqrafiya Evində İçərişəhər və Qala qoruqlarının aztəminatlı ailələrdən olan balaca sakinləri üçün xüsusi tədbir təşkil edib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə keçirilən tədbir zamanı uşaqlar üçün maarifləndirici təlimlər təşkil olunub. Onlar “İlkin tibbi yardım” və “Təbiət hadisələri” mövzularında həm nəzəri biliklər əldə edib, həm də praktiki məşğələlərdə iştirak ediblər.
Balaca iştirakçılar həmçinin kimyəvi elementlərdən istifadə edilən əyləncəli tapşırıqlarla zəngin ustad dərslərində iştirak edərək həm öyrənib, həm də xoş anlar yaşayıblar.
Yeni tədris ilinin başlanması münasibətilə isə hər bir uşağa məktəb çantası və müxtəlif məktəb ləvazimatları hədiyyə edilib.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “AM Best” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB", maliyyə dayanıqlılığı reytinqini "B++", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.