RU

Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? Açıqlama

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Məlum olduğu kimi, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək, qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqçanı, eləcə də 5 ədəd qumbaranı götürüb. O, Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.

Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə cinayət işi başlanılıb və əməliyyat-istintaq tədbirləri aparılır.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli xatırladıb ki, iki il əvvəl – sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda separatçılara qarşı antiterror əməliyyatına başladı:

“Birgünlük əməliyyat nəticəsində terrorçu-separatçılar məğlub edildi və sağ qalanlar ölkəmizi tərk etməyə məcbur oldular. Ermənilər hərbi dəstəklərinin kəsildiyini hiss edən kimi Qarabağı tərk etdilər. Bununla belə, Xankəndidə bəzi ermənilər qalmağa qərar verdilər. Hazırda onlar orada yaşamaqdadırlar və təhlükəsizlikləri tam təmin edilir.

Mütəllim Rəhimli

Xankəndidə yaşayan ermənilərdən birinin təxribat xarakterli hərəkəti onların yaxşılıqları tez unutduğunu göstərir. Yalançı ideologiyalar ermənilərin başını o qədər zəhərləyib ki, hələ də bəziləri bu təsirdən çıxa bilmirlər. Onlar hələ də “Böyük Ermənistan” və ölkəmizə nifrət ruhunda yaşayırlar. Xankəndində yaşayan erməni əsilli Azərbaycan vətəndaşı da, görünür, beyni zəhərlənmiş və onu təmizləməyə qüdrəti çatmayanların sırasında olanlardandır. O, çox güman ki, kənar qüvvələrin təsirinə düşərək, onların təhriki ilə belə bir təxribata əl atıb. İnanıram ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələni araşdıraraq əsl səbəbkarın üzə çıxmasına nail olacaq”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
globalinfo.az

1Источники