RU

Sumqayıtda hüquq ixtisasına qəbul olmuş tələbələrlə görüş keçirildi - FOTOLAR

13 sentyabr 2025-ci il tarixində Sumqayıt şəhərində ali təhsil müəssisələrinin hüquq ixtisasına qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələr üçün Manifest kitab evində xüsusi tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, tədbir Sumqayıt Şəhər İcra Hakimiyyəti, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi, NeyroFay Networking klubu və Manifest kitab evinin birgə dəstəyi ilə reallaşıb. Tədbirin əsas məqsədi hüquq sahəsinə maraq göstərən gənclərin təhsil uğurlarını dəyərləndirmək, onların elmə olan marağını artırmaq və gələcək hüquqşünas kimi cəmiyyətə nümunə göstərmək olub.

Tədbirdə çıxış edən NeyroFay Networking klubunun təsisçisi Bəxtiyar Bəxtiyarov hüquq ixtisasına qəbul olmuş tələbələr üçün xüsusi mentorluq proqramlarının icrasına başlanacağını qeyd edib. Bu proqramlar gənclərə təhsil müddətində hüquq sahəsində fəaliyyət göstərən peşəkarların müşayiəti ilə peşə inkişafına dəstək göstərmək, onlara soft skills bacarıqları və praktiki təcrübə qazandırmaq məqsədi daşıyır. Bəxtiyar Bəxtiyarov bildirib ki, bu təşəbbüs tələbələrin özünəinamının artmasına, şəxsi inkişafına və gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsinə əhəmiyyətli töhfə verəcək.

Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlı da tələbələri təbrik edərək onların hüquq sahəsində uğur qazanmaq üçün yalnız akademik biliklərlə kifayətlənməməli, həm də şəxsi inkişaf və praktiki təcrübəyə xüsusi önəm verməli olduqlarını vurğulayıb. O, eyni zamanda, hüquq ixtisasına qəbul olunmuş tələbələri gələcək peşəkar fəaliyyətlərinə dəstək məqsədilə öz bürosunda təcrübə keçməyə dəvət edib.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB-nin rəhbəri Zenfira Mustafayeva isə qeyd edib ki, hüquq sahəsində nəzəri biliklərin real iş mühitində tətbiqi, əmək bazarına daha hazırlıqlı daxil olmaq, yeni peşə bacarıqları qazanmaq və şəbəkələşmə imkanlarından yararlanmaq gənclərin uğurlu gələcəyi üçün mühüm rol oynayacaq.

Sumqayıt şəhərində hüquq ixtisasına maraq göstərən və yüksək nəticələr qazanan abituriyentlərin sayı ildən-ilə artır və bu ənənə uğurla davam etdirilir. Öz məqsədinə nail olmuş hər bir tələbəyə hüquq təhsili və gələcək peşə fəaliyyətlərində uğurlar arzulayırıq.

 

 

 

Избранный
26
2
qht.az

3Источники