ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib.
Fakültənin dekanı professor Afət Məmmədova qeyd edib ki, yeni tədris ilində təhsil prosesinin müasir, tətbiqyönlü və tələbəmərkəzli metodlarla daha da zənginləşdirilməsi əsas prioritetlərdəndir. O, tələbələrin biliklərinin praktik tətbiq müstəvisində möhkəmlənəcəyini vurğulayıb, fakültədə aparılan elmi-tədqiqat işlərinin, beynəlxalq əməkdaşlıqların və tələbələr üçün nəzərdə tutulan layihələrin imkanlarından danışıb. Tələbələri bu resurslardan fəal şəkildə yararlanmağa dəvət edib.
Dekan çıxışında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını xatırladaraq, bu istiqamətdə fakültədə müxtəlif elmi-praktik tədbirlərin, seminar və layihələrin həyata keçiriləcəyini bildirib. O, tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməyərək, həm də vətəndaşlıq mövqeyi, sosial məsuliyyət və milli dəyərlərə bağlılıq kimi keyfiyyətlərə sahib olmalarının vacibliyini qeyd edib.
Sonra Biologiya fakültəsinin tarixi, elmi nailiyyətləri və inkişaf prioritetlərini əks etdirən tanıtım videosu təqdim olunub.
Daha sonra kafedra müdirləri ixtisaslar üzrə tədris planlarının strukturu, fənlərin praktik komponentləri, laboratoriyalardan istifadə qaydaları, qiymətləndirmə meyarları və akademik dürüstlük prinsipləri haqqında danışıb, elmi-tələbə dərnəkləri, istehsalat və sahə təcrübələri, mentorluq sistemi, karyera və mübadilə imkanları, eləcə də dekanlıqla operativ əlaqə kanalları barədə məlumat veriblər.
Qeyd edilib ki, bu il fakültəyə ümumilikdə 309 tələbə qəbul olunub. Onlardan 4-ü 600-dən yuxarı, 129 nəfər 500–599 aralığında bal toplayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.