RU

Rənglər dünyasına səyahət

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müasir İncəsənət Mərkəzində tanınmış və gənc rəssamların əsərlərindən ibarət “Rəngli dünyam” adlı rəsm sərgisi keçirilib. Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının professoru Nailə Məmmədova, Əməkdar rəssam, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti MirAzər Abdullayev, Azərbaycan Rəssamlar İttifaqı və Avrasiya Rəssamlar İttifaqının üzvü Rəfael Əliyev kimi sənət adamları və digər qonaqlar iştirak ediblər. Tanınmış rəssamlar öz çıxışlarında rəssamlıq sənətinin davamçıları olan gənclərə yaradıcılıq yolunda uğurlar arzulayıblar. Sərgi iştirakçılarına sərgidə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkilib. Sənətin çoxrəngli dünyasını əks etdirən - kətan üzərində yağlı və sulu boya texnikası ilə işlənmiş əsərlərdə hər bir rəng çaları bir duyğunu, hər bir fırça izi isə bir hekayəni danışır. Burada, həmçinin Firəngiz Babayeva “Armudu işığında Van Qoq”, Mahizər Sadıqova “Zaman”, Aygün Mahmudova “Gecənin işığı”,  “Xəyallar şəhəri”, Nərmin Abbaslı “İsanın mövludu” və başqa gənc rəssamların maraqlı əl işləri nümayiş olunur. 

Sərgi iştirakçılarının XQ-yə müsahibələrini təqdim edirik: 

Nicat Qəhrəmanov, sərgi təşkilatçısı: - Sərgini təşkil edəndə düşündük ki, ancaq tanınmış rəssamları sərgiyə cəlb edək. Sonra qərara gəldik ki, gənc rəssamların əsərləri də burada nümayiş olunsun. İncəsənət sahəsində istedadlı gənclər çoxdur. Onlara dəstək olmaq, əsərlərinin satışına şərait yaratmaq lazımdır. Məsələn, müəyyən məkanlar var ki, orda yalnız əcnəbi rəssamların əsərləri asılıb. Bizim yerli rəssamların da çox yaxşı əsərləri var. Onların da əsərlərinin nümayiş olunmasına, satılmasına vəsilə olmaq lazımdır.Bu sərginin təşkil olunmasında əsas məqsədlərdən biri də məhz budur. Məsələn, sentyabrın 7-də 5-16 yaş uşaq, gənc və yeniyetmələr arasında “Balaca əllər, böyük ürəklər” adlı rəsm sərgisi təşkil olunmuşdu. Bu əsərlərə baxdıqca düşünürdüm ki, bu yaşda olan uşaqların necə belə gözəl əl işləri ola bilər. Sonda bir şeyi də qeyd etmək istəyirəm. Fikirləşdik ki, hərdən rəssamların əl işlərini tənqid də etmək lazımdır. Çünki, tənqid olmayan yerdə inkişaf ola bilməz. Tənqidə hazır ola bilən rəssam ən güclü rəssamdır. Bir rəssam ki, tənqidə hazır deyil, deməli o məşğul olduğu sahədə inkişaf etməyib. Fərqi yoxdur, bu gənc rəssam ola bilər və ya tanınmış rəssam da ola bilər. Belə sərgilərin təşkili nəticəsində rəssamlar inkişaf edir, çəkdiyi əsərlərdə öz qüsurlarını görür və daha yaxşı işlər ortaya qoymağa çalışır.

Mahizər Sadıqova, gənc rəssam: - Bugünki sərgidə “Zaman” adlı avtoportretlə çıxış edirəm. Bu əsər, həm də İtaliyada sərgilənib. Burada əsas məna odur ki, biz zamanı tutub saxlaya bilmirik. Zaman sanki, əllərimizin arasından su kimi axıb gedir. Portretdə özümü canlandırmışam. Burada təsvir olunmuş arılar isə olduqca işgüzar insan və rəssam olduğumu göstərir. Əsər daha dolğun və maraqlı alınsın deyə əlvan rəng çalarlarına üstünlük vermişəm.

Firəngiz Babayeva, gənc rəssam: - Çəkdiyim əsərdə görkəmli rəssam Vinsent Van Qoqu armudu işıqlar altında təsvir etmişəm. Bilirsiniz ki, o uzun illər depressiya və yoxsulluqdan əziyyət çəkib. Mən bu dahi rəssamı qarşısında paxlava və çay ilə İçərişəhərin küçələrində qurulmuş “Çay dəstgahı Evi” ndə oturmuş,   xoşbəxt bir insan kimi təsvir etmişəm. 

Pərvanə Əhmədli, gənc rəssam: - Mən özüm hərbi sahədə tibb qulluqçusu kimi çalışıram. Rəssam kimi də fəaliyyət göstərirəm. Vətənpərvər mövzularda əsərlərə daha çox üstünlük verirəm. Bu əl işimdə də əsgər çəkmələrini təsvir etmişəm. Bu adi çəkmələr deyil. Vətən torpaqlarının azadlığı uğrunda uzun yol qət etmiş, bu yolda şərəf və ləyaqətlə döyüşmüş bir igidin çəkmələridir. Onun içərisində təsvir etdiyim “Xarı bülbül” isə qələbənin rəmzi kimi göstərilib. Əsərdə də göstərilir ki, sonda “Xarı bülbül” və çəkmələr qalib olur, düşmən tapdağı altında olan Vətən torpaqları işğaldan azad olur. Mən bu əsərimi 44 günlük qələbəmizə həsr etmişəm. İkinci əsərimdə isə tarixi döyüş səhnələrini göstərməyə çalışmışam. Burada döyüşçülərin istirahəti üçün hərbi düşərgələr də təsvir olunub. 

Əməkdar rəssam, MirAzər Abdullayev: - Sənətlə məşğul olan gənc rəssamların sərgilərinin təşkil olunmasını təqdirəlayiq addım kimi qiymətləndirirəm. Arzu edirəm ki, gələcəkdə belə sərgilərin sayı daha çox olsun. Gənc rəssamlar öz potensiallarını üzə çıxara bilsinlər. Onların hər birinə bu sahədə uğurlar arzulayıram. 

Fidan SalmanovaXQ  

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
xalqqazeti.az

2Источники