QHT-lər vətəndaş
cəmiyyətinin formalaşmasında mühüm rol oynadıqlarına görə məsuliyyət daşıyırlar
Müxtəlif
illərdə yaradılmış və fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin
formalaşmasında mühüm rol oynayır. Azərbaycan Respublikasında ictimai həyatın
demokratikləşməsinin əsas istiqamətlərindən biri də vətəndaş cəmiyyəti
institutlarının inkişaf etdirilməsi və onların fəaliyyəti üçün əlverişli şəraitin
yaradılmasıdır.
Dövlətimiz
bu sahənin inkişafını daim diqqətdə saxlayır, qayğı göstərir. Ölkəmizin
iqtisadi gücü artdıqca, regionda söz sahibinə çevrildikcə, dünyada söz sahibi
olduqca vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətimizin
imkanları daha da genişlənir. Qeyri-hökumət təşkilatlarının fəaliyyətini dəstəkləmək
və inkişaf etdirmək üçün dövlət siyasəti də daim təkmilləşir və çevik xarakter
alır.
Qeyri-hökumət
təşkilatlarının yaranması və fəaliyyət göstərməsi bu günün, dünənin işi deyil.
Araşdırdıqca görürük ki, onun kökləri qədim dövrlərə gedib çıxır. Bəzi tarixi məlumatlara
görə, ilk belə təşkilatlar eramızdan əvvəl VI əsrdə Yunanıstanda yaranıb.
Onlar, əsasən, müxtəlif şəhərlərin birlikləri və cəmiyyətləri, şəhərlərin dini
və yaxud siyasi birlikləri şəklində formalaşmış təşkilatlar olub. XIX əsrin
ikinci yarısından sonra isə sənaye inqilabı nəticəsində dövlətlər arasında sıx əməkdaşlığa
ehtiyac duyulduğuna görə bir-birinin ardınca müxtəlif təşkilatlar yaranmağa
başlayıb.
Zaman-zaman
yaradılmış qeyri-hökumət təşkilatlarının başlıca vəzifəsi elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata
keçirmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi
qayğıya ehtiyacı olanlara kömək göstərmək, insanların yaradıcı potensialının,
bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə,
inkişaf etdirməsinə yardım etmək və sair kimi işlər görməkdir.
Ölkəmizdə fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarının vəzifəsi mədəniyyətimizin geniş təbliği,
sağlam mənəvi dəyərlərin qorunması, dövlətimizin beynəlxalq nüfuzunun
artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan
həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır. Yəni dövlətimizin, dövlətçiliyimizin
daha da möhkəmlənməsi istiqamətində qeyri-hökumət təşkilatları səmərəli işlər
görməlidirlər. Ölkəmizdə belə təşkilatların sayı olduqca çoxdur.
Ümummilli
Lider Heydər Əliyevin 13 iyun 2000-ci ildə imzaladığı "Qeyri-hökumət təşkilatları
ictimai birliklər və fondlar haqqında Azərbaycan Respublikasının
Qanunu"nda aydın şəkildə qeyd edilir: "Qeyri-hökumət təşkilatı Azərbaycan
Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və Qeyri-hökumət təşkilatının
nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə
hər hansı fəaliyyət növünü həyata keçirə bilər".
1997-ci ildə
Azərbaycan və BMT-nin İnkişaf Proqramı arasında QHT sektorunun təsisi və
inkişaf etdirilməsi sahəsində əməkdaşlıq əlaqələrinin bünövrəsi qoyulub.
1999-cu ildə Azərbaycan Milli QHT Forumunun qurulması ilə bu işlər daha da
stimullaşıb. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və
fondlar) haqqında" qanun qəbul olunub. Ölkəmizdə qəbul olunmuş bu qanun
MDB məkanında QHT-lərin fəaliyyətini tənzimləyən ilk qanun olmuşdur.
2000-ci ilin
sentyabr ayında BMT-nin Nyu York şəhərində yerləşən qərargahında dünya dövlətləri
başçılarının iştirakı ilə Minilliyin Sammiti keçirilib. 189 dövlət başçısı, o
cümlədən Ulu Öndər Heydər Əliyev də sammitin yekun sənədi olan Minilliyin Bəyannaməsini
imzalayıb. Həmin Bəyannamədə 2015-ci ilədək ifrat yoxsulluq, sağlamlıq, gender
bərabərliyi, təhsil, ətraf mühit kimi sahələrdə inkişaf məqsədlərinin yerinə
yetirilməsi öhdəliyi təsdiq olunub. Qeyd olunan həmin öhdəliklərin realizə edilməsində QHT-lər dövlətə
dəstək verib.
Azərbaycanda
ilk qeyri-hökumət təşkilatlarının yaradılmasının təşəbbüskarları ziyalılar
olublar. Onlar bu xeyirxah addımları ilə özlərinin potensial imkanlarından
istifadə edərək xalqı düşdüyü çətin vəziyyətdən çıxarmağa çalışıblar. Keçmiş sovet
dövlətinin dağılması ərəfəsində ali təhsil ocaqlarının, idarə və təşkilatların
nəzdində dərnək və cəmiyyətlər yaranmağa başladı. Həmçinin müəssisələrdə vətəndaşları
bir amal, bir məqsəd əhatəsində birləşdirən xeyriyyə və mədəniyyət mərkəzləri
yaradıldı.
Vətəndaş cəmiyyətinin
formalaşmasında və inkişafında ölkəmizdəki qeyri-hökumət təşkilatları böyük işlər
görür, səmərəli fəaliyyət göstərirlər. Qeyri-hökumət təşkilatları hansı dövlətin
ərazisində fəaliyyət göstərməsindən asılı olmayaraq, həmin ölkədə mövcud olan
başqa qurumlarla ümumi xüsusiyyətlər və məqsədlərin daşıyıcısı rolunda çıxış
edirlər.
QHT-lər
dövlətin qüvvədə olan qanunları ilə hesablaşmalı, fəaliyyəti zamanı mövcud
qanunvericiliyə hörmətlə yanaşmalıdır. Başqa sözlə, QHT-lər səlahiyyətləri və fəaliyyətləri
çərçivəsində öz məsuliyyətlərini daim
hiss etməli və düzgün addımlar atmalıdir. Məlumdur ki, qeyri-hökumət təşkilatının
nizamnaməsi onun əsas təsis sənədidir,
bir növ fəaliyyət proqramıdır. Çünki nizamnamədə qeyri-hökumət təşkilatının fəaliyyəti
haqqında dəqiq müddəalar öz əksini tapıb.
Demokratik
inkişaf yolu seçən bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da vətəndaş
cəmiyyəti quruculuğu özünəməxsus tarixi inkişaf yolu keçib. Bu sektorun
inkişafı üçün zəruri hesab olunan məqsəd və prioritetlər həmişə davamlı şəkildə
aparılıb, beynəlxalq təcrübə diqqətlə öyrənilib, əhatəli müzakirələr nəticəsində
müəyyən edilərək daha da zənginləşdirilib.
Həmişə
olduğu kimi, bu gün də ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, təkmilləşməsi
və möhkəmlənməsi istiqamətində mühüm addımlar atılır. Qeyri-hökumət təşkilatlarının
inkişafı üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılır. Məhz elə buna
görədir ki, ölkəmizdə fəaliyyət göstərən
qeyri-hökumət təşkilatlarının sayı daim artır. Müqəddəs amal və xeyirxah işlər
naminə yaradılmış qeyri-hökumət təşkilatları elm, təhsil, mədəniyyət, səhiyyə,
idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər görürlər. Amma
təəssüflər olsun ki, bəzi qeyri-hökumət təşkilatları nizamnaməsində öz əksini
tapmayan addımlar atır, müxtəlif orden və medallar təsis edərək, onları
ayrı-ayrı şəxslərə təqdim edirlər. Onlar bu addımları ilə olduqca mühüm işlər
görən başqa qeyri-hökumət təşkilatlarının fəaliyyətinə kölgə salırlar. Təbiidir
ki, bütün bunlar cəmiyyətimizi, vətəndaşlarımızı narahat edir.
Bəzi
qeyri-hökumət təşkilatlarının belə xoşagəlməz fəaliyyəti ilə bağlı Ədliyyə
Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanat yayıb. Bəyanatda
deyilir: "Bir sıra QHT-lərin qanunla qadağan olunan fəaliyyətə yol verərək,
ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə
informasiyalar yayılmaqdadır. "Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında" 1992-ci il tarixli Azərbaycan
Respublikası Qanununa 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və
medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir.
Bu qanundan başqa, digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən
"orden" və ya "medal" ifadəsindən hər hansı mənada istifadə
edilməklə) təltif növü kimi təsis oluna bilməz. Bildiririk ki, bəzi QHT-lərin
orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına
səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır".
Nizamnaməsindən
kənar fəaliyyət göstərən bəzi qeyri-hökumət təşkilatları Ədliyyə Nazirliyi və
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəyanatından nəticə çıxarmalıdırlar. Belə
neqativ əməllərə, yanlış addımlara son qoyaraq fəaliyyətlərini dövlətimiz və cəmiyyətimiz
üçün daha müqəddəs olan amallara, məqsədlərə yönəldəcəklər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"