RU

Dövlət Suverenliyi Günü – Dövlətçiliyimizin qürur tarixidir

Ötən il xalqımız daha bir mötəbər tarixi hadisənin, böyük qürurla qeyd edəcəyimiz əlamətdar günün sevincini yaşadı. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə bundan sonra hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sərəncamda deyilir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Məlum olduğu kimi, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. 44 gün davam edən müharibə nəticəsində işğal altındakı ərazilərinin bir hissəsini azad edən Azərbaycan digər ərazilərindən – Kəlbəcər, Ağdam və Laçın rayonlarından erməni qoşunlarının çıxarılmasını təmin etdi. Bununla da öz torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Bu, dünya praktikasında ədalətin bərqərar olduğu nadir hadisələrdən, bir ölkənin öz suverenliyini bərqərar etmək üçün böyük qəhrəmanlıq salnamələrindən biridir.

Digər baxımdan, Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan, Ermənistanın və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və suveren dövlət daxilində qəbuledilməz bir vəziyyət idi. Bu vəziyyət Azərbaycanın beynəlxalq hüquqi suverenliyini sual altına qoymadan onun suveren ali hakimiyyətini və suverenliyin nəzarət funksiyasını məhdudlaşdırırdı. Azərbaycan qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Həmin nəzarət-buraxılış məntəqəsinin yaradılması hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi demək idi. Bu, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi növbəti tarixi nailiyyət hesab olunur. Həkəri çayının üzərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan bütün beynəlxalq sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa cür desək, ərazi bütövlüyünü təmin etdi.

Unutmayaq ki, suverenlik dövlətin mövcudluğunun və müstəqilliyinin əsas elementidir: Çünki dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü və beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir.Bu gün Azərbaycan öz torpaqlarını tamamilə işğaldan azad edib. Artıq Azərbaycan torpaqlarının heç bir qarışında separatçılar mövcud deyil. Təbii ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarda həyatı dirçəltməyə davam edir. Artıq Xankəndi şəhərində Qarabağ Universiteti də fəaliyyətə başlayıb. Bütün bu konteksdə tarixi günlər biri-birinə qarışıb. 20 sentyabr həm “Əsrin Müqaviləsi”nin imzalanmasının 30 ili tamam olur, həm də yuxarıda qeyd etdiyimiz kimi, Qarabağda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günlərinin təsis edilməsi haqqında 20 sentyabrda cənab Prezident tərəfindən öncədən Sərəncam imzalanıb.

Eyni zamanda 20 sentyabr artıq Dövlət Suverenliyi Günü kimi simvolik anlamda da kifayət qədər mühüm önəm daşıyır. Xüsusilə Dövlət Suverenliyi Gününün təsis edilməsi həm dosta, həm də düşmənə bir mesajdır.Müasir beynəlxalq hüququn fəlsəfəsinə görə, dövlət ərazisinin böyüklüyündən, əhalisinin sayından, konstitusiya quruluşundan asılı olmayaraq suverenliyə malikdir. Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir və onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir.

Bu gün bütün ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, bütün ərazilərimizdə Prezident seçkiləri və Milli Məclisə seçkilər keçirildi. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşları, keçmiş məcburi köçkün soydaşlarımız yenə də öz ata-baba yurdlarında səs verəcəklər. Artıq hamımıza məlumdur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu sürətlə inkişaf edir. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən o anları böyük xoşbəxtlik və tarixi hadisə adlandırmışdır: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü

Избранный
43
1
veteninfo.az

2Источники