RU

Sürət həvəskarları yenidən Bakıya toplaşır

Möhtəşəm Azərbaycan Qran-prisinə sayılı günlər qaldı

Planetin ən güclü pilotları birillik fasilədən sonra yenidən Bakıda toplaşırlar. Gələn həftəsonu start götürəcək və ölkəmizin sayca 9-cu dəfə evsahibliyi edəcəyi "Formula-1"in də dünyada artıq Azərbaycan modeli yaranıb. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici rola malikdir. Bir çox ölkələr beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün rəqabət aparırlar. Yarış və tədbirlərin ev sahibləri illər öncə müəyyən olunurlar.

Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə olaraq, güclü iqtisadiyyata, sabit və təhlükəsiz mühitə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.

Bundan öncəki illərdə olduğu kimi, növbəti dəfə də Azərbaycan "Formula-1" yarışlarına adına layiq uğurla evsahibliyi edəcək. Dünyanın bütün qitələrinin telekanallarında yenə də "Bakı", "Azərbaycan" sözləri qürurla səslənəcək. "Formula-1" təqvimindəki ən yeni trekin yarışa hazırlığı yüksək səviyyədə qiymətləndirilir. Hər şey çox mükəmməl təşkil olunub. Bu il təşkilatçılar ötən illərə nisbətən daha çox hazırlıqlıdırlar. Mütəxəssislər bildirirlər ki, ötən illərdə Bakıda keçirilən yarışlar xoş sürprizlə yadda qalmışdır. Bu il isə Azərbaycan Qran-prisi daha möhtəşəm olacaq.

İlk dəfə 2016-cı ildə paytaxtımızda keçirilən "Formula-1" Avropa Qran-prisinin Bakı mərhələsi yenilikləri ilə xatırlanır. Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci və 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən, ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırıldı. 10 pilot 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verdi. Yeni qaydaya görə isə, seansın sonunda yox, 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub.

Bakı Şəhər Halqası paytaxtımızın tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. "Formula-1" Azərbaycan Qran-prisi Azadlıq meydanından start götürəcək və həmin yerdə də başa çatacaq. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq.

Azadlıq meydanı yarışın başlayıb bitdiyi yer olduğu üçün trekin əsas hissəsini təşkil edəcək. Burada inşa olunan Paddok arenasında yarışa nəzarət, Beynəlxalq Avtomobil Federasiyasının, "Formula-1" rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. Məhz bu ərazidə yarışın startı və finişi olacaq. Qaliblər isə pit binasının podium hissəsində mükafatlandırılacaqlar.

Azadlıq meydanının qarşısı həm də bolidlərin sürətlə hərəkət edəcəyi yoldur. Burada hərəkət zamanı çox gözəl mənzərə yaranacaq. Çünki bir yanda "Formula-1" Paddok Klubunun arxasında görünən Hökumət Evi, digər tərəfdə isə start nöqtəsinə tərəf uzanan dənizkənarı yol və Dənizkənarı Milli Park diqqəti çəkir. Dənizkənarı Milli Park Bakının əvəzsiz incisi və maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, şəhərimizin tarixi və müasir simasını təşkil edən xüsusi təbii kompleksdir. Həm də bulvar kimi tanınan bu ərazi son günlər "Formula-1" yarışlarını izləmək üçün paytaxtımıza gələn qonaqların sevimli gəzinti və istirahət yerinə çevrilib. 

Yarışın əsas izləyici tribunalarından olan Abşeron tribunası da Azadlıq meydanının qarşısında, bulvar ərazisində yerləşir. Bu tribunadan yarışın ən həlledici məqamlarını, start və finişi izləmək mümkündür. Bulvarı və Hökumət Evini ötdükdən və 90 dərəcəli sol döngədən sonra pilotlar 300 metrlik məsafədə rus şairi A.S.Puşkinin adını daşıyan küçədən keçəcəklər. İkinci döngədən sonra bolidləri trekin Xaqani küçəsi boyu 1 km uzanan və uzunluğuna görə ikinci böyük sürətlənmə xətti sayılan hissəsi gözləyir. Sonra pilotlar yenidən kəskin döngə ilə qarşılaşacaqlar. Bu döngə pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar.

Üçüncü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alırlar. 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşırlar. Bu düz yolun sol tərəfində gözəl mənzərəli Sahil bağı yerləşir. Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə dönəcək, kiçikbucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər. Növbəti 5-ci və 6-cı döngələr pilotları Neftçilər prospektinin əks istiqamətindəki yola yönəldir. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə "Formula-1" bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq. Bununla trekin müasir Bakının mərkəz hissəsini göstərən görüntüləri sona çatacaq. Bakının bu əraziləri sanki Cənubi Avropanı - Barselona və Nitsanı xatırladır. Bu ərazidə çox sayda mağaza, restoran və kafelər yer alır. Həmçinin müasir memarlıq üslubunda tikilmiş bir neçə ticarət mərkəzinə və gözoxşayan mənzərəyə sahib Xəzərin sahili trekə xüsusi gözəllik verir. Bəzi tribunalar bu zonada yerləşir.

Yeddinci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçərişəhərin qala divarlarına tərəf yönələcəklər. Bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər. Bu yerlərdə trek qismən səki hesabına genişləndirilib. Trekin ən çox çətinliyə malik hissəsi də buradan və qarşıdakı 8-ci döngədən sonra başlayır. Şəhər trekinin bu hissəsi artıq onun vizit kartına çevrilib. 8-ci döngədən sonra yol maksimal şəkildə daralacaq və bu hissədə pilotları kəskin yoxuş gözləyəcək. Pilotları sol tərəfdə İçərişəhərin qala divarları və giriş qapısı, sağ tərəfdə isə yaşayış binaları əhatə edəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan"

Избранный
69
azerbaijan-news.az

1Источники