RU

Zəfər müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın dövlətçilik tarixində 2023-cü ilin 19-20 sentyabr tarixləri əlamətdar səhifə kimi yazılıb. Həmin günlərdə cəmi 23 saat davam edən lokal antiterror əməliyyatı ilə Azərbaycanın Qarabağ bölgəsində üç ildən artıq müddətdə davam edən qanunsuz silahlı qüvvələrin mövcudluğuna və separatizmə son qoyuldu. Əslində, bu əməliyyat sadəcə hərbi qələbə deyil, həm də beynəlxalq hüquq çərçivəsində dövlət suverenliyinin bərpası, ərazi bütövlüyünün tam təmin edilməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından tarixi dönüş nöqtəsi oldu.

Təəssüf ki, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlara baxmayaraq, Ermənistan rəhbərliyi üçtərəfli Bəyanatın şərtlərinə əməl etmədi və Azərbaycan ərazisindəki silahlı qüvvələrini çıxarmadı. Əksinə, bu müddətdə Qarabağdakı hərbi birləşmələrin sayı artırıldı, əraziyə yeni hərbi texnikalar gətirildi, təxribatlar törədildi. Azərbaycan isə humanist yanaşma nümayiş etdirərək reinteqrasiya prosesinə üstünlük verdi, erməni əhalisi ilə dinc birgəyaşayış üçün addımlar atdı. Lakin cavab olaraq ölkəmiz terror aktları, mina təxribatları, qeyri-qanuni silah daşımaları ilə üz-üzə qaldı. Xüsusən də 2023-cü ilin sentyabrın 19-da baş verən mina partlayışları, hərbi postların atəşə tutulması Azərbaycan üçün son xəbərdarlıq oldu. Separatizmə son qoyulmalı idi!

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı yüksək dəqiqliklə və peşəkarlıqla icra edildi. Qısa müddətdə düşmənin əsas hərbi infrastrukturları sıradan çıxarıldı, yüzlərlə texnika məhv və ya ələ keçirildi. Ən əsası isə mülki əhalinin qorunması prioritet oldu. Əməliyyat öncəsi erməni sakinlərə xəbərdarlıqlar edildi, onların təhlükəsizliyi təmin olundu, humanitar yardım göstərildi. Bu, Azərbaycanın həm beynəlxalq hüquqa, həm də humanist dəyərlərə sadiqliyinin bariz nümunəsi idi.

Nəticədə separatçı qüvvələr ağ bayraq qaldırmağa məcbur oldular. Qondarma qurumun rəhbərləri kapitulyasiya aktı imzaladı, ardınca isə saxta rejim tamamilə ləğv edildi. 28 sentyabrda separatçı lider Samvel Şahramanyan “DQR”-in mövcudluğuna son qoyan sənəd imzaladı. Bu, Azərbaycan tarixində ərazi bütövlüyünün tam bərpası kimi qiymətləndirilməlidir. 

Bu qələbənin siyasi və geosiyasi nəticələri də olduqca mühümdür. Birincisi, Azərbaycan bölgədə tamhüquqlu suveren güc kimi mövqeyini təsdiqlədi. İkincisi, Ermənistanın və onun havadarlarının “status” xülyası birdəfəlik aradan qaldırıldı. Üçüncüsü, Qarabağdakı erməni icması reallıqları qəbul edərək Azərbaycan dövlətinin reinteqrasiya proqramı ilə tanış olmaq və gələcək həyatlarını müəyyənləşdirmək imkanına sahib oldu.

2024-cü ilin sentyabrında Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 20 Sentyabr tarixi Dövlət Suverenliyi Günü elan olundu. Bu qərar təsadüfi deyildi. Çünki məhz həmin gün Azərbaycanın dövlət suverenliyi tam təmin edildi, əsrlər boyu mübarizə apardığımız torpaqlarımız üzərində hüquqi-siyasi hakimiyyət bərqərar oldu.

Beləliklə, 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycanın tarixində yalnız hərbi qələbə deyil, həm də dövlətçilik fəlsəfəsinin, milli birliyin və siyasi iradənin təntənəsi kimi qalacaq. Bu Zəfər həm xalqımızın mübarizə ruhunu, həm də müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın suverenliyi əbədi olaraq təmin edildi və gələcək nəsillərə azad, güclü dövlət miras qoyuldu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
modern.az

2Источники