İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında rəqabət qabiliyyətinin artırılması” layihəsi ilə bağlı QHT.az-a açıqlama verib.
QHT sədri bildirib ki, 2024-cü ildə Azərbaycanda “Satınalmalar haqqında” yeni qanun qəbul edilib və bu qanun çərçivəsində satınalmalar elektron platforma üzərindən həyata keçirilir. Bu, prosesin tam şəffaf, rəqabət qabiliyyətli və açıq şəkildə aparılmasını təmin edir. Yeni platforma həmçinin əvvəlki neqativ halların qarşısını almağa imkan verir və ölkə iqtisadiyyatında, sahibkarların dövlət tenderlərində iştirakına, dövlət büdcəsindən ayrılan maliyyələrə çıxışına şərait yaradır.
“Yeni sistem yerli sahibkarların dövlət investisiyalarında və satınalmalarında iştirakını artırmaqla, sahibkarlığın inkişafına yeni təkan verir. Bu, həm də sahibkarların fəaliyyətini genişləndirməyə və ümumi iqtisadi proseslərə töhfə verməyə imkan yaradır”, – deyə E. Kərimli əlavə edib.
Lakin ekspert qeyd edib ki, təhlillər göstərir ki, sahibkarlar hələ bu prosesə tam hazır deyillər. Çünki satınalmada iştirak müəyyən bilik və bacarıq tələb edir, həmçinin fəaliyyətin qanunauyğun qurulması və sənədləşmənin düzgün aparılması önəmlidir. Xüsusilə regionlarda sahibkarlar bu səbəbdən prosesdən kənarda qalır.
“Layihəmizin əsas məqsədi sahibkarları satınalma prosesinə cəlb etmək, onları təlimləndirmək, qanunvericilik və informasiya dəstəyi ilə təmin etməkdir. Təlimlər yüksək peşəkarlıqla həyata keçirilir, iştirakçılara kitablar paylanır. Bu, region sahibkarlarının bilik və bacarıqlarını artırır və onların dövlət investisiyalarına və büdcə vəsaitlərinə çıxış imkanlarını genişləndirir. Nəticədə regionlarda sahibkarlığın inkişafına dəstək göstərilmiş olur”, – deyə E. Kərimli vurğulayıb.
Pərvanə Fərhadqızı
QHT.az