RU

Növbəti il büdcə gəlirlərinin 62%-ə yaxını vergi və gömrük xətti ilə daxil olacaq

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır.

APA-Economics”in xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb

Məlumata görə, 2026-cı ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43,8 faizini və ya 16,821 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1,321 milyon manat və ya 8,5 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1,013.0 milyon manat və ya 6,4 faiz çoxdur.

Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12,750 milyon manatı və ya 33,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6,850 milyon manatı və ya 17,8 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1,021 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981 milyon manatı və ya 2,6 faizi isə sair gəlirlərin payına düşür.

2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 78,6 faizi və ya 13,221 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4 faizi və ya 3,600 milyon manatı neft-qaz sektorunun payına düşür. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1 faizi həcmində olmaqla 6,850 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 250 milyon manat və ya 3,8 faiz, 2024-cü ilin faktı ilə müqayisədə 201,3 milyon manat və ya 3 faiz çoxdur.

Qeyd edək ki, beləliklə, büdcə gəlirlərinin 61.6%-i DVX və DGK xətti ilə daxil olacaq. Bundan başqa, gəlirlərin 42,6 faizi və ya 16,350 milyon manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22,073 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Избранный
1
8
apa.az

10Источники