RU

Venesiyada turistlərlə mübarizə davam edir: Kanala girən cütlüyə şəhər qadağası

Venesiyada turistlərlə mübarizə davam edir: Kanala girən cütlüyə şəhər qadağası

İtaliyanın Venesiya şəhərində 35 yaşlı bir ingilis və 25 yaşlı rumın sevgilisi tarixi Böyük Kanalda üzdükləri üçün şəhər mərkəzinə girişdən məhrum edilib.

Cütlüyə yerli qaydalara əsasən “şəhərin sularında üzərkən uyğunsuz davranışlar” etməklərinə görə 450 avro (388 funt sterlinq) məbləğində cərimə kəsilib. Bundan əlavə, 48 saat müddətinə laquna şəhərinə girişləri qadağan edilib.

Rəsmilərin verdiyi məlumata görə, qondolçular tətillərinin son gününü qeyd edən cütlüyün kanalda üzdüyünü görərək bələdiyyəyə məlumat veriblər. Venesiya Bələdiyyəsi “Qərar dərhal qüvvəyə minib və cütlüyün tətili faktiki olaraq sona çatıb” açıqlamasını yayıb.

Bələdiyyə sədrinin müavini Elizabeta Pesce qondolçulara əməkdaşlıqlarına görə təşəkkür edib və bildirib: “Venesiyanı qorumaq, dünyanın unikal şəhəri olan bu şəhərin şərəfini müdafiə etmək deməkdir.”

Venesiya bələdiyyəsi bildirib ki, artıq ilin əvvəlindən etibarən UNESCO-nun Dünya İrs siyahısında yer alan şəhər mərkəzinə giriş qadağası qoyulan şəxslərin sayı 1000-i ötüb.

Sosial mediada “Venetsiya Disneyland deyil” adlı qrupda bir çox istifadəçi turistlərin hörmətsiz və təhlükəli davranışlarını qınayıb. Bəzi istifadəçilər cütlüyün ölkəni cərimə ödəmədən tərk etməməli olduğunu qeyd edib.

Şəhərdə əvvəllər də turistlərin Rialto körpüsündən sərxoş halda atlaması və kanallarda qanunsuz su xizəyi sürməsi kimi hadisələr baş verib. Bələdiyyə sədri Luici Bruqnaro yalnız alt paltarı ilə kanala atlayan turisti axmaq adlandırıb.

Venesiya Bələdiyyə sədrinin müavini Simone Venturini bildirib: “Venesiya gözəlliyi qədər həssas bir şəhərdir. Aşırı turizmin təsirləri ilə mübarizə aparmaq üçün hər şəhər öz yolunu tapır.”

Избранный
27
afn.az

1Источники