RU

Kuklaçılar qalib oldu

Azərbaycan Dövlət Kukla Teatrı “Aktau – Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində “NOMAD PUPPET”  I Beynəlxalq Kukla Teatrları Festivalında (9-14 sentyabr 2025-ci il) ölkəmizi layiqincə təmsil edib.

Türk Dünyası Mədəniyyət Təşkilatı (TÜRKSOY) və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə türdilli ölkələri bir araya gətirən ilk sənət bayramı öz işini uğurla başa vurdu və təmsilçilərimiz festivalın "Milli ənənələrin qorunmasına görə" nominasiyasında qalib olublar.

Bundan başqa, teatrımıza festivalda yüksək səviyyədə iştiraka görə TÜRKSOY-un Baş katibi Sultan Raev adından Təşəkkürnamə də təqdim edilib.

Onu da qeyd edək ki, bütün qalib kollektivlər festivalın diplomları və pul mükafatları ilə təltif olunublar.

Yaradıcı heyət  üzvlərimiz qazax teatrsevərlər və münsiflər heyəti qarşısında tarixi irsimiz, soy kökümüzlə bağlı hazırlanan “Yalquzaq” tamaşasını nümayiş etdiriblər.

Yazıçı-dramaturq Məhbubə Hacıyevanın  “Yalquzaq və Simurq quşunun nağılı” hekayəsi əsasında hazırlanan birhissəli uşaq tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Anaxanım Abdullayeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə Hüseynzadədir.

Modern üslubda hazırlanan tamaşanın səhnə tərtibatında qum üzərində təsvirlər ön plana çıxır. Beləcə parket kuklalar (biri canlı plan olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin sintezində  vizual həllə nail olunub.

Tamaşada rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov (Yalquzaq), Səbinə Məmmədova (Ana Qurd), Könül Nəsibova (Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin Abbasov (Bala qurd) ifa edirlər.

Tədbirdə kukla teatrı üzrə əməkdaşlığın möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin inkişafı, kukla sənətinin təbliği və beynəlxalq səviyyədə tanıdılması məqsədilə memarandum da imzalanıb.

Kukla teatr sənətində müasir tendensiyaların təşviq olunması, tamaşaların səhnə təqdimatları vasitəsilə unikal xüsusiyyətlərinin nümayiş etdirilməsi, gənc nəslin estetik təhsilinə töhfə verilməsi, kukla teatr sənətinin beynəlxalq nüfuzunun artırılması və effektiv istifadəsi kimi məqamları önə çıxaran sənəd sonrakı əməkdaşlıq üçün uğurlu təməl hesab oluna bilər.

Избранный
14
3
xalqqazeti.az

4Источники