Müşahidələr göstərir ki, kişi müəllimlərin sayı qadın müəllimlərlə müqayisədə xeyli azdır. Cəmiyyətdə bu hal əsasən müəllimlərin əməkhaqlarının aşağı olması ilə izah edilir. Belə ki, ailə başçısı üçün mövcud məbləğin kifayət etmədiyi düşünülür və buna görə də kişilər müəllimlik peşəsinə maraq göstərmirlər.
Elm və Təhsil naziri Emin Əmrullayev isə yaxınlarda keçirilən brifinqdə bildirdi ki, kişi müəllimlərin maaşlarının az görünməsinin əsas səbəbi onların götürdüyü dərs saatının az olmasıdır.
Mövzu ilə bağlı AzEdu.az-a danışan “İlin gənc müəllimi” müsabiqəsinin qalibi Xəzri Muradov bildirib ki, bütün kişi müəllimlərin əməkhaqqısı aşağı deyil:
"Müəllimlik sadəcə bir peşə deyil, həm də fədakarlıq tələb edən müqəddəs sənətdir. Biz bunu M.Ə.Sabir, M.F.Axundzadə, F.B.Köçərli kimi maarifpərvər ziyalıların timsalında görə bilirik. Onlar şəxsi qazanc barədə düşünmədən xalqın maariflənməsi naminə çalışıblar. Məsələn, Sabirin sabun sataraq qazandığı pulu şagirdlərin təhsilinə sərf etməsi buna bariz nümunədir”.
Kişi müəllimlərin azalması böhrana səbəb ola bilər:
“Sadə müqayisə aparsaq, kişi müəllimlərin üstünlük təşkil etdiyi məktəblərlə qadın müəllimlərin üstünlük təşkil etdiyi məktəblərdə şagirdlərin davranış qaydaları arasında ciddi fərqlər var. Bu fakt göstərir ki, məktəblərdə həm kişi, həm də qadın müəllimlərin balanslı şəkildə təmsil olunması uşaqların sosial inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.
Kişi müəllimlərin daha çox seçdiyi texniki fənlərin məktəb proqramında dərs saatı azdır. Bu isə onların maaşını aşağı salır:
“Kimya, fizika, informatika kimi fənlər üzrə dərs saatı məhdud olduğu üçün həmin müəllimlərin əməkhaqqısı da az olur. Belə halda onlar məktəbdən uzaqlaşaraq başqa gəlirli sahələrə yönəlirlər. Nəticədə bu boşluğu qadın müəllimlər doldurur”.
Repetitor kimi fəaliyyət göstərən kişi müəllimlər kifayət qədər yaxşı qazanc əldə edə bilirlər:
“Dərs yükü çox olan və paralel olaraq repetitorluqla məşğul olan kişi müəllimlər yüksək qazanc əldə edirlər. Amma ümumi tendensiya göstərir ki, kişi müəllimlərin pedaqoji fəaliyyətə marağı ildən-ilə azalır. Abituriyentlərin, xüsusilə oğlanların böyük əksəriyyəti pedaqoji ixtisaslara maraq göstərmir, daha çox texniki, iqtisadi və hüquq sahələrinə üz tutur”.
Kişi müəllimlərin azalması təhsilin keyfiyyətinə və şagirdlərin sosial inkişafına birbaşa təsir edir.
“Bu problemin həlli üçün yalnız əməkhaqqının artırılması kifayət deyil. Cəmiyyətdə müəllim peşəsinə münasibət dəyişməli, kişi müəllimlərin nüfuzu artırılmalı, oğlanların pedaqoji ixtisaslara marağı stimullaşdırılmalıdır. Əks halda, yaxın illərdə kişi müəllim çatışmazlığı daha da kəskinləşəcək”.