RU

Şəhər böyüyür, yollar daralır Tıxacın qarşısı necə alınmalıdır?

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni tədris ilinin başlanması ilə birlikdə Bakıda tıxac problemi yenidən gündəmə gəlib. Şəhərin əsas prospekt və küçələrində müşahidə olunan sıxlıq sürücülərin, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin narazılığına səbəb olur. Artıq şəxsi avtomobili olan bir çox vətəndaş tıxacdan yayınmaq üçün metro və avtobusa üz tutsa da, bu da çıxış yolu deyil.Məsələ ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev vəziyyəti şərh edib. Onun sözlərinə görə, tıxac probleminin əsas səbəbi ölkə vətəndaşlarının yarısından çoxunun iş və təhsil məqsədilə Bakıya üz tutmasıdır:“Universitetlərin böyük hissəsi paytaxtda yerləşir. Bu isə həm tələbə axınının, həm də nəqliyyatda sıxlığın artmasına gətirib çıxarır. İctimai nəqliyyat mövcud vəziyyətdə yükü daşımaq imkanına sahib deyil. Metro və avtobuslar pik saatlarda sərnişinləri qəbul edə bilmir. Əgər sürücülərin hamısı şəxsi avtomobildən imtina edib avtobus və metroya üz tutsa, bu, daha böyük iflic vəziyyətinə səbəb olar”.Ekspert problemin həlli üçün bir sıra istiqamətləri vacib hesab edir. Onun fikrincə, universitetlərin bölgələrdə açılması bu yolda atılan ilk addımdır:“Qarabağda, xüsusən də Xankəndidə universitetlərin fəaliyyətə başlaması bu baxımdan mühüm addım kimi dəyərləndirilir. Digər rayonlarda da ali təhsil müəssisələrinin açılması tələbə axınını paytaxtdan bölgələrə yönəldəcək və bu, nəqliyyata düşən yükü azaldacaq. Digər məqam isə dövlət və özəl qurumların çoxunda iş saatının eyni vaxtda, yəni səhər saat 9:00-da başlamasıdır. Bu isə pik saatlarda həm avtomobil yollarında, həm də ictimai nəqliyyatda sıxlığa səbəb olur. Əgər iş saatları mərhələli şəkildə – 7:00, 8:00, 9:00 və 10:00-da başlasa, səhər və axşam sıxlığının xeyli azaldılmasına nail olmaq olar. Müəyyən sahələrdə işçilərin və tələbələrin həftənin bir hissəsində onlayn rejimdə çalışması həm yollardakı yükü azaldar, həm də ictimai nəqliyyata olan təzyiqi aşağı salar. Bəzi banklar var ki, orada işçilər 1 gün əyani 1 gün “online” formada işləyirlər”. Mütəxəssisin fikrincə, ən əsas məsələ məktəblərin qarşısında yaranan xaosdur. O qeyd etdi ki, xaosun əsas səbəbi valideynlərin övladlarını şəxsi avtomobillə gətirməsidir:“Əgər bütün məktəblərdə münasib qiymətə xidmət göstərən avtobuslar olsa, valideynlər bu xidmətdən yararlanmağa üstünlük verər. Bu da həm səhər, həm də günorta saatlarında yollarda yaranan sıxlığı azaldar. Həm özəl, həm də dövlət məktəblərində mütləq məktəbin şəxsi avtobusu olmalıdır”.A.Nəbiyev vurğulayıb ki, tıxacda uzun müddət qalmaq sürücülərin psixoloji durumuna da mənfi təsir edir: “Sürücülər əsəbləşir, stress keçirir. Bu isə həm yol hərəkətinə, həm də ümumi ictimai mühitə mənfi təsir göstərir. Ona görə də problemin həlli təkcə yol infrastrukturunun genişləndirilməsi ilə deyil, sistemli yanaşma ilə mümkündür. Şəhər böyüyür, insanlar çoxalır, amma yollarımız sanki daralır. Bu tendensiya davam edərsə, tıxac problemi daha da ağırlaşacaq”. (sfera.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
avtosfer.az

2Источники