RU

"Şanlı Zəfər təkcə hərbi uğur deyil, eyni zamanda..." - ŞƏRH EDİLDİ

"Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərlər edir. Bu səfərlər çərçivəsində o, həmin ərazilərdə həyata keçirilən yeni infrastruktur layihələrinin açılışını edir və yeni inşa ediləcək layihələrin təməlqoyma mərasimlərində iştirak edir. Ümumiyyətlə, ölkə başçımız bölgədə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə şəxsən yerində tanış olur, görülən işlərin gedişatını dəyərləndirir, müvafiq tapşırıqlarını və tövsiyələrini verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, sözün əsl mənasında böyük bir ərazi yenidən qurulur və dirçəlir: "Təkcə yollar, körpülər, hava limanları və elektrik xətləri kimi mühüm infrastruktur obyektləri deyil, həmçinin yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və digər sosial obyektlər də yüksək keyfiyyətlə və müasir standartlara uyğun şəkildə inşa edilir. Bu, azad edilmiş torpaqların sürətli və dayanıqlı inkişafı üçün möhkəm təməl yaradır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları uğurla tətbiq olunur. Bu konsepsiyalar çərçivəsində müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı, enerji təminatı, suvarma sistemləri, nəqliyyat və rabitə sahələrində dayanıqlı inkişaf modeli qurulur. Bu da bölgədə daha rahat, təhlükəsiz və ekoloji cəhətdən təmiz yaşayış mühiti formalaşdırır. Alternativ enerji mənbələrinin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisi potensialından istifadə etməklə “yaşıl enerji” zonasının yaradılması istiqamətində mühüm addımlar atılır. Bu layihələr həm yerli, həm də beynəlxalq miqyasda Azərbaycanın enerji təhlükəsizliyini və ixrac imkanlarını genişləndirir. Ölkə başçısının həm daxili, həm də xarici siyasətinin əsas prioritetlərindən biri uzun illər işğal altında qalmış torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olmuşdur. Bu məqsədə çatmaq yolunda ölkə rəhbərliyinin qətiyyətli siyasi iradəsi, Ali Baş Komandanın müdrik və düşünülmüş qərarları, xalqın birliyi və ən əsası, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı mühüm rol oynadı. 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfər təkcə hərbi uğur deyil, eyni zamanda milli qürur və tarixi ədalətin bərpası idi.

Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dağıdılmış şəhərlər, kəndlər, mədəni və tarixi abidələr bərpa olunur, müasir infrastruktur layihələri həyata keçirilir, yollar, tunellər, elektrik və su xətləri çəkilir. Azərbaycan dövləti bu torpaqları yenidən dirçəltmək, onları əvvəlkindən daha gözəl və yaşanılacaq məkana çevirmək üçün əlindən gələnini edir. Azərbaycan dövləti azad olunmuş ərazilərin hərtərəfli inkişafı, ekoloji balansın qorunması, iqtisadi və sosial infrastrukturun yaradılması üçün beynəlxalq tərəfdaşlarla da əməkdaşlıq edir. Bu ərazilər təkcə Azərbaycanın deyil, regionun inkişafına mühüm töhfə verəcək bir mərkəzə çevrilməkdədir. Qarabağın azad olunması və bu ərazilərin sürətli bərpası Azərbaycan xalqının əzmkar ruhunun, birliyinin və dövlətimizin güclü iradəsinin bariz nümunəsidir".

Müəllif: Arzu Qurbanlı
Избранный
48
1
sia.az

2Источники