Əfqanıstanda hakim Taliban hərəkatının lideri Heybətulla Axundzadə “əxlaqsızlığın qarşısını almaq” üçün əyalətlərin birində Wi-Fi-ı qadağan edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Associated Press” administrasiya rəsmisinə istinadən məlumat yayıb.
Bu, Taliban 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra ilk belə qadağadır. Qərar mobil internet işləməkdə davam etsə də, ölkənin şimalındakı Bəlx əyalətində hökumət idarələrini, özəl sektoru, dövlət idarələrini və yaşayış binalarını Wi-Fi-dan məhrum edib.
Əyalət hökumətinin sözçüsü Hacı Attaullah Zaid bildirib ki, lider Axundzadənin göstərişi ilə Bəlxdə artıq kabel interneti yoxdur.
“Bu tədbir əxlaqsızlığın qarşısını almaq üçün atılıb və ehtiyacları ödəmək üçün ölkədə alternativ yaradılacaq”, deyə Zaid agentliyə bildirib.
Lakin o, qadağa üçün niyə Bəlx şəhərinin seçildiyi və ya blokun digər əyalətlərə də şamil edilib-edilməyəcəyi ilə bağlı əlavə məlumat verməyib.
AP-nin qeyd etdiyi kimi, Əfqanıstan hakimiyyəti təhlükəsizlik səbəbi ilə bəzən mobil interneti dayandırır. Bu, adətən dini bayramlarda partlayıcı qurğuların işə düşməsinin qarşısını almaq üçün edilir.