RU

Dövrün ailə mənzərəsi: defisitləşən çoxuşaqlılıq

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir zamanlar ailələrdə çoxuşaqlılıq, yəni 6 və daha artıq övlad olması adi hal idi. Xüsusilə kənd yerlərində çoxuşaqlı ailələr üstünlük təşkil edirdi. Lakin son onilliklərdə bu tendensiya sürətlə dəyişib. Müasir dövrdə çoxuşaqlı ailələrin sayı getdikcə azalır və bu azalma artıq bir tendensiya deyil, sosial reallıqdır.

Uşaq böyütmək yalnız fiziki deyil, maliyyə baxımından da ciddi məsuliyyətdir. Təhsil, qida, geyim, tibbi xidmət və sosial fəaliyyətlər üçün ailələr böyük xərclər etməli olur. Artan inflyasiya, işsizlik və aşağı maaşlar çoxuşaqlı ailələr üçün ağır yükə çevrilib. Ailə nə qədər çoxuşaqlıdırsa, bir o qədər sosial və iqtisadi dəstəyə ehtiyac duyur. Bu dəstək olmadıqda valideynlər daha az sayda övlad sahibi olmağa üstünlük verirlər.

Müasir valideynlər uşağa daha çox və keyfiyyətli vaxt ayırmaq istəyir. Tərbiyəyə, təhsilə və psixoloji inkişafa diqqət artıb. Bu isə valideynləri az sayda uşaqla daha effektiv məşğul olmağa yönəldir.

Bu gün ölkəmizdə 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çoxuşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər.

Çoxuşaqlı ailələrə sosial yardım müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilir. Bir sıra Avropa ölkələrində çoxuşaqlı ailələr üçün ayrı-ayrı yaş qrupları üzrə müxtəlif sosial paketlər təklif olunur.

Bəzi ölkələrdə isə çoxuşaqlı ailələrə xüsusi status, əlavə güzəşt və imtiyazlar verilir. Fransada dövlət siyasəti çərçivəsində çoxuşaqlı ailələrə subsidiyaların və imtiyazların verilməsi nəzərdə tutulub. Onlara həmçinin vergi imtiyazları da təqdim olunur. Hər doğulan uşaq vergilərin azalması deməkdir. Beləliklə, əgər ailədə 4 uşaq varsa, həmin ailə praktik olaraq vergi ödəmir.

İsveçdə isə çoxuşaqlı ailələrə proqressiv müavinətlər verilir və bu müavinətlər hər yeni doğulmuş uşağa görə artır. Əlavə olaraq yaşayış üçün ev haqqı, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir.

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, sovet dövründə və ondan öncəki dövrlərdə Azərbaycanda çoxuşaqlı ailə modeli geniş yayılmışdı. Bunun əsas səbəblərindən biri də təhsil səviyyəsi ilə bağlıdır. Qəbul olunmuş yanaşmaya görə, təhsil səviyyəsi nə qədər aşağıdırsa, çoxuşaqlı ailələrin sayı bir o qədər çox olur. İnsanların təhsil və mədəniyyət səviyyəsi artdıqca isə çoxuşaqlılığa maraq azalır. İnsanlar düşünürlər ki, daha rahat və komfortlu yaşamaq üçün az, amma keyfiyyətli övlad böyütmək lazımdır: "Sovet dövründə çoxuşaqlı ailələrin sayının artması bir növ dövlət siyasəti ilə bağlı idi. Sovet dövrünə qədər Azərbaycanda çoxuşaqlı olmaq sanki bir yarış idi. Xüsusilə müharibədən çıxmış ölkə üçün bu, itkiləri kompensasiya etmək məqsədi daşıyırdı. Dövlətdən motivasiya tədbirləri həyata keçirilirdi - çoxuşaqlı analara "Qəhrəman ana" titulu verilir, mənzil növbəsində irəli çəkilirdilər, bəzi hallarda avtomobil hədiyyə edilirdi. Yəni dövlət çoxuşaqlı ailələrə xüsusi imtiyazlar təqdim edirdi ki, bu da insanlarda stimul yaradırdı. Lakin Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı ilk illərdə bu yanaşma məcburən köklü şəkildə dəyişdi. İnsanların həyat şəraiti, iqtisadi vəziyyət çətinləşdi. İnsanlar düşündülər ki, çoxuşaqlı ailə modeli real problemlər yaradır və bu yükün öhdəsindən gəlmək asan deyil. Nəticədə daha az uşağa sahib olmaq düşüncəsi formalaşdı".

Sosioloq bildirib ki, çoxuşaqlı ailələrdəki hər uşağa dövlət tərəfindən verilən məbləğ ailələrin ehtiyaclarını tam ödəmək üçün yetərli deyil: "Valideynlər düşünürlər ki, bəs bu uşaqlar böyüdükdən sonra onların təhsili, sağlamlığı, sosial qayğıları necə təmin olunacaq? İnsanlar ətraflarında çoxuşaqlı ailələrin üzləşdiyi çətinlikləri görür və bəzən bu ailələr qınaq obyektinə çevrilirlər. Çoxları soruşur: "Bu qədər uşağa nə ehtiyac var idi, əgər onlara baxa bilmirsinizsə? Dövlət tərəfindən əvvəlki kimi ciddi dəstək tədbirləri həyata keçirilmədiyi üçün insanlarda çoxuşaqlı ailə modelinə maraq azalıb. Çoxuşaqlı ailələrin sayının azalması demoqrafik vəziyyətə də təsir edir. Ölkədə təbii artım tempi aşağı düşüb. Doğrudur, Cənubi Qafqaz ölkələri arasında hələ də öndəyik, amma ümumilikdə Azərbaycan xalqı üçün xarakterik olmayan bir demoqrafik geriləmə müşahidə edilir".

Sosioloq Əhməd Qəşəmoğlunun dediyinə görə, çoxuşaqlı ailələr şəhər əhalisinə nisbətən, bölgələrdə daha çox olub. Müasir dövrdə şəhərləşmənin sürətlə inkişafı çoxuşaqlı ailələrin azalmasının əsas səbəblərindən biridir. Çünki müasir dövrdə şəhər mühitində uşaq böyütmək valideynlər üçün yalnız qida və geyim qayğılarından ibarət olmur. Kənar xərclərin, əyləncənin təşkili üçün uşağa xərclənən məbləğ ailədəki uşaqların sayının büdcə potensialına uyğunlaşmasını tələb edir: "Keçmişdə bölgələrdə yaşayan ailələr daha çox kənd təsərrüfatı ilə məşğul olduqları üçün ilk növbədə doğulan hər bir uşağa köməkçi işçi qüvvəsi kimi yanaşılırdı. Eyni zamanda, bölgələrdə uşaqların geyim, əyləncə, təhsil xərcləri xüsusi qayğı tələb etmirdi. Bir geyimi bəzən 4-5 uşaq bir-birinə ötürərək istifadə edirdi. Onların müasir şəhər uşaqlarından fərqli olaraq yeməklə bağlı xüsusi tələbləri, cürbəcür rəngli və müxtəlif funksiyalı oyuncaqlara ehtiyac olmurdu. Hər şey təbii və qaneedici idi. Uşaqlar kollektiv oyunlarla öz əyləncələrini təşkil edirdilər. Əmək prosesinin içərisində oynaya-oynaya böyüyürdülər. Bəzən valideynlər heç uşaqların tərbiyəsi üçün də xüsusi vaxt ayırmırdılar. Ailələr və uşaqlar sosial mühitdə, birgə əmək şəraitində olduqları üçün mühit özü hər kəsi tərbiyələndirirdi. Ancaq müasir dövrdə hətta regionlarda belə şəhərləşmənin və şəhər dəyərlərinin artması ailələrin öz uşaqları ilə bağlı qayğılarını da çoxaltmış olur. Bu isə sözsüz ki, ilk növbədə ailələrin uşaq planlamasında onların sayının azalmasına gətirib çıxarır".

Bu gün şəhərlərdə yaşayan ailələr bir və ya iki uşaqla kifayətlənir. Şəhərdə 3-4 uşaqlı ailələrə çox az-az rast gəlinir. 5 və daha çox uşaqlı ailələrə yalnız bölgə və kəndlərdədir.

Millət vəkili Əli Məsimli bildirib ki, Azərbaycanda yeni doğulan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb və ailə modeli dəyişib. Ailələrin əksəriyyəti 2 və 1 uşaqdan ibarətdir. 5 və daha çox uşağı olan ailələr isə azlıq təşkil edir. Ona görə də, ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır. Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu, 3 və dana çox uşağı olan ailələrə şamil edilməli, pensiya yaşının azaldılması güzəştləri tətbiq edildikdə 3 uşaqlı ailələr başlanğıc kimi götürülməlidir: "Ailələrdə uşaqların sayı ilə bağlı müzakirələr hər zaman olub və son vaxtlar bu, daha da aktuallaşıb. Biz sadəcə olaraq onu hazırkı reallıqlar şəraitində Azərbaycan üçün daha çox uşağın timsalında ənənəvi sayılan çoxuşaqlı ailələrin varlığının arxa plana keçməsi fonunda ölkə əhalisinin artımına əlavə təkan verə biləcək və uşaqlar üçün müavinət mexanizminin əlçatanlığının artırılmasının optimal modeli kimi təklif etdik. Ölkədə uşaqların sayının azalması "uşaqpulu" məsələsini getdikcə daha da aktuallaşdıracaq. "Uşaqpulu" problemi həll olunana qədər isə bu cür aralıq mahiyyət kəsb edən təkliflər aktual olacaq".

Ə.Məsimli deyib ki, bir çox ölkələrdə demoqrafik vəziyyətin pisləşməsilə "qırmızı xətt"i keçildikdə uşaqların sayını artırmaq işinə girişilir, amma hədəflərə nail ola bilinmir: "Azərbaycanda ənənəvi sayılan çoxuşaqlı ailələr azalaraq arxa plana keçsə də, az da olsa varlığını saxlayır. Bu iki mühüm faktı nəzərə almaqla, bəzi məsələləri sistemli şəkildə həyata keçirib müsbət nəticələrə nail olmaq mümkündür. Bunun üçün isə mövcud vəziyyətin obyektiv qiymətləndirilməsini, dəqiq hədəfləri və ona nail olmaq yollarını, nəyi təkmilləşdirməli, niyə təkmilləşdirməli və hansı istiqamətdə təkmilləşdirməli kimi üç fundamental sualın optimal cavablarını, bu məsələnin demoqrafik və müavinət mexanizmi tərəfləri ilə yanaşı, uşaqların sağlam böyüməsi, müasir tələblər səviyyəsində inkişafı və sair kimi tədbirlər kompleksini özündə əks etdirən və ən əsası isə işlək reallaşdırma mexanizmi olan müvafiq proqramın hazırlanıb yubanmadan həyata keçirilməsini vacib hesab edirəm".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
525.az

1Источники