“Musiqi dinləmək hər bir şəxsin mədəni seçimidir və qanunla qadağan olunmur. Lakin musiqiyə yüksək səsdə qulaq asmaq ətraf mühitə və qonşulara ciddi narahatlıq yarada bilər. Azərbaycan qanunvericiliyi ictimai asayişi pozan bu cür hərəkətlərə qarşı inzibati məsuliyyət nəzərdə tutur. İctimai yerlərdə və yaşayış binalarında yüksək səs-küy yaratmaq “xırda xuliqanlıq” kimi qiymətləndirilə bilər. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq halları təsbit olunub. Bu maddəyə görə, ictimai asayişi pozan və başqalarının rahatlığını əngəlləyən şəxslər cərimə edilə bilər. Qanuna əsasən, belə hallarda inzibati cərimə 50 manatdan 100 manata qədər müəyyən edilir. Əgər bu cür davranış təkrar edilərsə, daha ağır cəza tədbirləri tətbiq olunur. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 307-ci maddəsində “gecə vaxtı sükutun pozulması” ayrıca hüquqi məsuliyyət daşıyır. Saat 23:00-dan səhər 07:00-a qədər yüksək səslə musiqi dinləmək və ya digər səs-küy yaratmaq qadağandır. Bu qaydanı pozan şəxslərə 40 manatdan 80 manata qədər cərimə tətbiq oluna bilər. Təkrar hal baş verərsə, məhkəmə qərarı ilə daha yüksək məbləğdə cərimə və ya digər inzibati tədbir nəzərdə tutulur. Mülki qanunvericiliyə görə də hər bir vətəndaşın mülkiyyət hüququ var, lakin bu hüquq qonşuların normal həyatına mane olmamalıdır. Əgər bir şəxs daimi olaraq yüksək səslə musiqi dinləyirsə, qonşular məhkəməyə müraciət edərək hüquqlarının qorunmasını tələb edə bilərlər. Məhkəmə qərarı ilə həmin şəxsin bu hərəkətlərinə son qoyulması, hətta dəymiş zərərin ödənilməsi də mümkün ola bilər”.

Ülkər Cəlilzadə / Metbuat.az