Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
İngiltərənin Kotsuolds bölgəsində yerləşən Biburi kəndi "dünyanın 50 ən gözəl kəndi" siyahısında birinci olub. Lakin bu uğur kənddə nəzarətsiz turist axınına səbəb olaraq yerli əhali arasında narazılıq yaradıb.
Qayanrinfo "Independent"ə istinadən xəbər verir ki, XVII əsrə aid toxucu evləri və füsunkar çəmənlikləri ilə tanınan kiçik kənd illərdir turistləri cəlb edir. Qızılı rəngli kotteclər və sakit Koln çayı sayəsində kənd birinci yeri qazanıb.
Bununla belə, Biburi kilsə icması şurasının sədri Kreyq Çepmen bu vəziyyəti "iki uclu çubuq" adlandırıb. Onun sözlərinə görə, turistlərin artması kənddə problemlər yaradır və bu, yerli sakinlər üçün əlavə xərcə çevrilir.
Kəndin əhalisi cəmi 600–700 nəfər olsa da, həftəsonları bura 20 minədək turist gəlir. Nəticədə avtobusların hərəkəti, turistlərin yaratdığı uzun növbələr və çəpərləri aşaraq selfi çəkməyə çalışan insanlar kənd həyatını çətinləşdirir.
Çepmen bildirib: "Əsas problem ondadır ki, insanlar kəndə necə gəlir, nə vaxt gəlir, necə davranır və harada parklanırlar. Böyük avtobuslar səbəbindən tıxaclar yaranır və bundan çox əziyyət çəkirik".
Yerli sakinlər əlavə ediblər ki, tıxaclar təcili xidmətlərin işinə mane olur və turistlərin nizamsız parklanması əlavə narahatlıq yaradır. Çepmen turistlərlə yerli əhali arasında "harmonik qarşılıqlı münasibət"in vacibliyini vurğulayıb.
Məlumata görə, siyahının ilk üçlüyünə həmçinin Yunanıstanın Santorini adasındakı İya kəndi və Avstriyanın Halştat kəndi də daxil olub. Hər iki məkan da populyarlıq səbəbindən həddən artıq turist axını ilə üzləşir.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.