RU

Almaniya polisi üç əyalətdə sağçı ekstremistlərə qarşı əməliyyat keçirib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 16 sentyabr, AZƏRTAC

Almaniyanın üç əyalətində sağçı ekstremistlərə qarşı əməliyyat keçirilib.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, əməliyyat tədbirləri Aşağı Saksoniya, Baden-Vürtemberq və Şimali Reyn-Festfaliya əyalətlərində ümumilikdə 14 ünvanda həyata keçirilib. Silahlı qrup yaratmaqda və belə qruplarda fəaliyyət göstərməkdə ittiham olunan səkkiz nəfərin saxlanılması məqsədilə keçirilən əməliyyatlar nəticəsində çoxlu sayda silah-sursat, nağd pul və partlayıcı maddələrin hazırlanması üçün lazımi vasitələr tapılıb.

Qəzetin məlumatına görə, ittiham olunanlar arasında Almaniya Silahlı Qüvvələrinin iki sabiq və iki aktiv əsgəri, həmçinin bir polis əməkdaşı var.

Aşağı Saksoniyanın daxili işlər naziri Daniela Behrens bildirib ki, bu əməliyyat hüquqi dövlətə və demokratiyaya ən böyük təhlükənin radikal sağçılar tərəfdən gəldiyini göstərir. O, polis və Konstitusiya Mühafizə İdarəsinin ifrat sağçı qrupların silahlanma cəhdlərini daim izlədiyini, təhlükəsizlik orqanlarının konstitusiya quruluşuna qarşı çıxanları və radikal sağçıları silahsızlandırmaq üçün bütün imkanlardan istifadə etmələrinin vacibliyini bildirib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
60
2
azertag.az

4Источники