RU

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri:Qardaşlıq, dostluq üzərində qurulan əlaqələr yüksək səviyyədədir

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri münasibətlərimizin çox uğurla inkişaf etdiyinin bariz nümunəsidir

Tarixi-mədəni bağlılığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələri yeni istiqamətlərdə əməkdaşlıqla daha da möhkəmlənir. Dövlətlər arasında münasibətlərdə etimad mühitinin qorunması prioritetdir. Eyni zamanda, qarşılıqlı səfərlərin dinamikliyi, imzalanan sənədlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinin timsalında  bunu aydın şəkildə görmək mümkündür.

Günümüzün reallığı budur ki, Azərbaycanın istər regionda, istərsə də dünyada nüfuzu gündən-günə artır. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin dünya ölkələrinin liderlərinin isə Azərbaycana səfərləri, heç şübhəsiz, dövlətimizin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsini verməkdədir.

Son illər, yəni tarixi Zəfərimizdən sonra Azərbaycanın Avropa və Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərimizin yeni istiqamətlər üzrə inkişafı diqqətdən kənarda qalmır. Hazırkı dövrün qürurverici məqamlarından biri də təkcə paytaxt Bakımızın deyil, azad edilmiş torpaqlarımız da qonaqlarını yüksək səviyyədə qarşılamağa hazır olmasıdır. Ölkəmizdə beynəlxalq hava limanlarının tikintisinə xüsusi diqqət göstərilməsi işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Zəngilan, Füzuli və Laçın Beynəlxalq Hava limanları Azərbaycana səfər edən dost, tərəfdaş ölkələrin dövlət başçılarını qarşılamaqla bir daha bizə tarixi Zəfərimizin qürurunu yaşadırlar.   

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri bu baxımdan diqqətdə oldu. Belə ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzüldü.  Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı qarşıladı. Füzuli Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verildi.

Prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan avtomobillə Füzuli şəhərini gəzdilər. Sonra dövlət başçıları Şuşaya gedərkən Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər. Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi oldu. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzüldü. Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşısından keçdi.

Şuşada Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə təkbətək və geniş tərkibdə  görüşü oldu. Prezident İlham Əliyev geniş tərkibdə görüşdə bildirdi ki, bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir. Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan çıxış edərək bildirdi ki,  Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər ötən onilliklər ərzində ardıcıl inkişaf etmişdir və xüsusilə də qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artmışdır. İyul ayında ölkələrimiz hərtərəfli iqtisadi əməkdaşlıq haqqında Saziş imzalamışdır. Bu sənəd iqtisadi əlaqələrimizə yeni bir təkan vermişdir. İnşallah, bizim müştərək iqtisadi hədəflərimizi həyata keçirmək üçün onun çox böyük təsiri olacaqdır. Biz Birləşmiş Ərəb Əmirliklərində bu əməkdaşlığı genişləndirməyə davam etməkdə maraqlıyıq, ələlxüsus da inkişaf sektoruna aid olan iqtisadiyyat və bərpaolunan enerji, qida təhlükəsizliyi, həmçinin mədəniyyət sahələrində və əlbəttə ki, digər əhəmiyyətli sahələrdə. Çünki bu sahələr bizim gələcəyimiz üçün çox böyük nəticələr vəd edir.

Sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.

Dövlət başçısı İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxdılar. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə ermənilərin işğal zamanı bu heykəlləri Ermənistana apararaq orada əritmək istədikləri barədə məlumat verilib. Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi nəticəsində bu heykəllər Ermənistandan alınaraq ölkəmizə gətirilib. Bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan heykəllər Şuşa işğaldan azad olunduqdan sonra öz əvvəlki yerlərinə qaytarılıb. Prezidentlər, həmçinin  Milli Xalça Muzeyinin Şuşa filialında oldular. Bildirildi ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. İşğal dövründə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, 1992-ci il fevralın 29-da onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. İndi burada vaxtilə təxliyə olunmuş və əsasən XVIII-XX əsrlərə aid eksponatlarla yanaşı, son illər filialın kolleksiyasına daxil edilən dəyərli xalçalar da sərgilənir. Muzeydə ümumilikdə 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri yenidən nümayiş olunur.

Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olan Prezident  İlham Əliyevə və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana məlumat verildi ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan bu məscid tarixi şəhər olan Şuşada modern memarlıq nümunəsi kimi seçiləcək. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, məscidin forması 8 rəqəmini əks etdirəcək ki, bu da Şuşanın işğalçılardan azad olunduğu günü - Zəfər Gününü simvolizə edəcək. Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzi kimi məscidin iki minarəsi 11 rəqəmi formasında olacaq. Şəhərin yuxarı hissəsində inşa olunan bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək.

Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşa Qalasının önündə foto çəkdirdilər, həmçinin  Cıdır düzündə Qarabağ atlarının şousunu izlədilər. Şuşada Prezident İlham Əliyevin adından Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın şərəfinə rəsmi nahar verildi.

Göründüyü kimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə rəsmi səfəri çərçivəsində atılan addımlar iki ölkənin münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə görülən işləri daha yaxından izləmək imkanı yaratdı. Bu, münasibətlərimizin yüksələn xətlə inkişafının göstəricilərindən biridir. Azərbaycana dost, tərəfdaş ölkələrin dövlət başçılarının azad edilmiş torpaqlarımızda görülən işlərlə maraqlanmaları, eyni zamanda, bərpa-quruculuq işlərinə dəstəkləri, dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Qeyd etdiyimiz kimi Azərbaycanla ərəb dövlətlərinin əlaqələri uğurla inkişaf edir. Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın 4 il sədrlik etdiyi  Qoşulmama Hərəkatının  da üzvləridir. Qəti şəkildə  islamofobiya meyillərinə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verdi. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir. Ərəb dünyasının ən zəngin ölkələrindən biri Birləşmiş Ərəb Əmirlikləridir. Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərir.

Ulu Öndər Heydər Əliyev İslam dünyası, ərəb ölkələri ilə əlaqələrə də həmişə xüsusi diqqət göstərmişdi. Ümummilli Liderin əsasını qoyduğu bu əlaqələr hazırda  uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2006-cı ildə  Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verdi. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər imzalandı. Növbəti illərdə bu səfərlər davamlılığı ilə diqqətdə oldu.

Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payını 30-40 faizə çatdırmağı  hədəf kimi qarşıya qoyub. 2022-ci ilin martında  “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu.  2023-cü ilin oktyabrında istifadəyə verilən Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı dost Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın əlaqələrinin yüksək səviyyəsini bir daha vurğulayan Prezident İlham Əliyev bildirmişdir: “Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var.» Yüksək səviyyəli ikitərəfli əlaqələrimizin ən bariz nümunəsi   Prezident İlham Əliyevin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı oldu. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ötən il Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilmişdir.

Azərbaycan müsəlman ölkəsi olaraq bu coğrafiyaya daxil olan dövlətlərlə yüksək səviyyədə əməkdaşlığını davam etdirir, siyasi, mədəni, iqtisadi, sosial və digər sahələrdə qurulan əlaqələrin yeni mərhələyə yüksəlməsi istiqamətində səylərini əsirgəmir.

Onu da qeyd edək ki, bu ilin iyulunda dövlət başçısı İlham Əliyevin  Ərəb Əmirliklərinə işgüzar səfəri oldu.  Səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığı, siyasi münasibətlərimizin yüksək səviyyədə olduğu, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdiyi vurğulandı. Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpaolunan enerji sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu və bu istiqamətdə perspektiv layihələr müzakirə edildi. SOCAR-la ADNOC, həmçinin ölkəmizlə “Masdar” şirkəti arasında bərpaolunan enerji sahəsində əməkdaşlıqdan məmnunluq bildirildi. Söhbət zamanı, həmçinin  İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş Zirvə görüşünün əhəmiyyətinə toxunuldu və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edildi.

Prezidentlərin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin imzalanması iki ölkə arasında münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Təbii ki, hər bir səfər gündəmə gətirilən məsələlərlə yanaşı, münasibətlərin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin  imzalanması ilə  xarakterizə edilir.

Prezident İlham Əliyevin BƏƏ-nə işgüzar səfərinin  əhəmiyyətini artıran mühüm məqamlardan biri  Azərbaycanın söz sahibliyini, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlarını təsdiqləyən Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə,  sonra isə  təkbətək formatda görüşünün keçirilməsi olmuşdu.

Reallıq budur ki, Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Ötən ay Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq nüfuzunun, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəyin göstəricisi oldu. Artıq sülh müqaviləsinin imzalanması qaçılmazdır. Regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi yeni əməkdaşlıq formatlarının yaradılmasına  stimul olacaq.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri münasibətlərimizin yeni mərhələyə yüksəlməsinin bariz nümunəsidir. İki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Yeganə Əliyeva, “İki sahil”

Избранный
28
9
ikisahil.az

10Источники