Gələn həftə Bakıda Suriya və İsrailin təhlükəsizlik rəsmiləri arasında görüş keçiriləcək.
News365.az xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Görüşün sentyabrın 24-də keçirilməsi nəzərdə tutulub.
“Axios” nəşri isə yazır ki, İsrail Suriyaya yeni təhlükəsizlik sazişi layihəsi təqdim edib. Layihədə Dəməşqdən İsrail sərhədinədək cənub-qərb istiqamətində xüsusi bölgülər nəzərdə tutulub.
İki mənbənin bildirdiyinə görə, bu plan İsrail və Misir arasında 1979-cu ildə imzalanan sülh sazişinə əsaslanır. Həmin sənəd Sinay yarımadasını “A, B, C” zonalarına bölərək, müxtəlif təhlükəsizlik rejimləri və silahlanma səviyyələri müəyyənləşdirmişdi.
Yeni təklifə görə, Dəməşqin cənub-qərbindən İsrail sərhədinədək olan ərazi üç zonaya bölünəcək. Hər zonada Suriyaya müəyyən miqdarda hərbi qüvvə və silah saxlamağa icazə veriləcək. Sənəd, həmçinin Suriya tərəfindəki bufer zonanın əlavə 2 kilometr genişləndirilməsini nəzərdə tutur.
Əvəzində İsrail Suriyada ərazilərindən mərhələli şəkildə çıxmağı təklif edib.
Lakin İsrail strateji əhəmiyyətli Şeyx dağı zirvəsindəki mövqelərini saxlamaqda israr edir.