
ABŞ Prezidenti Donald Tramp Çinin “TikTok” sosial şəbəkəsinin ABŞ-də bloklanmasının müddətini dekabrın 16-dək təxirə salıb.
Yeniavaz.com xəbər verir ki, Amerika liderinin bu barədə fərmanı Ağ Evin saytında dərc olunub.
Fərmanda Ədliyyə Nazirliyinə tapşırılıb ki, yeni müddət başa çatana qədər sosial şəbəkəyə mane olmaq üçün heç bir tədbir görməsin, cərimələr tətbiq etməsin.
Nazirlik həmçinin, internet provayderlərinə dekabrın 16-dək sosial şəbəkənin fəaliyyəti ilə bağlı heç bir məsuliyyətin tətbiq olunmayacağı barədə məlumat verməlidir.
Qeyd edək ki, Tramp çərşənbə axşamı “TikTok”u almaq istədiyini bildirib. Onun sözlərinə görə, bununla bağlı Çin tərəfi ilə razılıq əldə olunub. Amerika lideri həmçinin sentyabrın 19-na planlaşdırılan Çin sədri Si Cinpinlə telefon danışığında sazişin şərtlərini təsdiqləyəcəyini qeyd edib.
ABŞ Maliyyə Naziri Scott Bessent isə bazar ertəsi Madriddə Çin rəsmiləri ilə məsləhətləşmələrdən sonra bildirib ki, saziş sosial şəbəkənin Amerika biznesinin mülkiyyətinə çevrilməsini nəzərdə tutur.
Digər tərəfdən, “The New York Post”un məlumatına görə, Amerika istifadəçiləri üçün “TikTok”u təqdim etmək üçün təxmini dəyəri 50 milyard dollar olan yeni Amerika şirkəti yaradılacaq.
Nəşrin qeyd etdiyi kimi, yeni şirkətin əsas səhmdarları Tramp tərəfdarı olan milyarder Ceff Yass və “General Atlantic” investisiya şirkətinə rəhbərlik edən Bill Ford olacaq.
“ByteDance” yeni şirkətdə 19,9% pay alacaq. Yeni şirkətə bulud xidmətlərinin təmin edilməsinə cavabdeh olacaq “Oracle”ın baş direktoru Larri Ellison sövdələşmədə mühüm rol oynayacaq.
Xatırladaq ki, “ByteDance”ın ABŞ-də satışını və ya fəaliyyətini dayandırmasını tələb edən qanun 2024-cü ildə ABŞ-nin 46-cı prezidenti Co Bayden tərəfindən imzalanıb.