Adətən unutqanlıqla əlaqələndirilən Altsheymer xəstəliyində diqqət yetirilməli olan əlamətlərdən biri də dil pozuntularıdır. Alimlər söz tapmaqda çətinlik, hekayə qura bilməmə və dialoq davam etdirə bilməmə kimi problemlərin də Altsheymerin erkən əlaməti ola biləcəyini bildirirlər.
HİT.az xəbər verir ki, Dr. Selin Karalı dil dəyişikliklərinin Altsheymerin həm diaqnoz prosesində, həm də xəstəliyin gedişatının izlənməsində kritik rol oynadığını ifadə edib. Altsheymer adətən unutqanlıqla əlaqələndirilsə də, dil və ünsiyyət bacarıqlarındakı pozuntular da xəstəliyin erkən mərhələlərdə ortaya çıxan mühüm əlamətləri arasındadır.
Açıqlamada fikirlərinə yer verilən Selin Karalı Altsheymerin yalnız bir yaddaş itkisi xəstəliyi kimi qəbul edilməməsi lazım olduğunu vurğulayıb:
"Dil dəyişiklikləri həm xəstəliyin diaqnozunda, həm də gedişatının izlənməsində kritik rol oynayır. Son illərdə aparılan elmi tədqiqatlarda, Altsheymerin əvvəlki mərhələsi hesab edilən yüngül kognitiv pozuntu diaqnozu alan şəxslərdə belə dil funksiyalarının təsirlənməyə başladığını görürük. Söz tapmaqda çətinlik, hekayə qura bilməmə və dialoq davam etdirə bilməmə kimi problemlər xəstəliyin erkən işarələrindən ola bilər".
Dil pozuntularının tək bir ünsiyyət problemi olmadığını, eyni zamanda kognitiv geriləmənin erkən göstəriciləri arasında yer aldığını ifadə edən Karalı erkən mərhələdə başlanacaq dil və danışıq terapiyasının şəxsin ünsiyyət bacarıqlarını mümkün olan ən yüksək səviyyədə qorumağa kömək edəcəyini, terapiyanın həm sosial əlaqələrin qorunmasına, həm də şəxsin həyat keyfiyyətinə birbaşa töhfə verəcəyini bildirib.
Xəstəliyin irəliləyən mərhələlərində udma funksiyalarında da pozuntuların müşahidə edilə biləcəyini ifadə edən Karalı deyib:
"Disfaji adlanan bu vəziyyət şəxsin təhlükəsiz qidalanmasını təhdid edərkən, aspirasiya riskini də artıra bilər. Dil və danışıq terapevtləri bu nöqtədə həm ünsiyyət, həm də oral-motor və udma bacarıqlarını qiymətləndirərək lazımi terapevtik yanaşmaları tətbiq edirlər. Məqsədimiz dilin həm diaqnostik, həm də müdaxilə edici bir vasitə kimi necə istifadə edilə biləcəyinə işıq tutmaqdır. Bu tədqiqatlar klinik tətbiqlərə də yol göstərir xarakterdədirlər".
Samir