RU

“Qarabağ”ın uğurunun əsas səbəbi - Mütəxəssis AÇIQLADI

“Mən deyərdim ki, “Qarabağ” artıq Avropada tanınmış klublardan birinə çevrilib”.

Bunu Modern.az-a açıqlamasında keçmiş "Xəzər-Lənkəran FK"nun baş məşqçisi, futbol mütəxəssisi Ağasəlim Mircavadov ötən gün Portuqaliyada baş tutan  “Benfika” - “Qarabağ” matçını şərh edərkən deyib.

“Dünənki oyun bir daha sübut etdi ki, klubun adından çox, onun oyunu, komanda daxilindəki əməkdaşlıq və oyuna necə hazırlaşması əsas rol oynayır.

Əlbəttə, bəzi əlavə amillər də var ki, onlar da oyunun gedişatına ciddi təsir göstərir. Bu amillərdən biri də psixoloji durumdur. Oyunun ilk 15 dəqiqəsində “Qarabağ” 2 qol buraxdı və bu, əsasən müdafiədə edilən yüngül səhvlərin nəticəsi idi. Avropa səviyyəli oyunlarda isə belə psixoloji gərginliklər və səhvlər həlledici ola bilər.

Lakin ilk qoldan sonra “Qarabağ” sanki oyuna “açıldı”, özünə gəldi və həqiqi oyun özünü göstərməyə başladı. “Qarabağ” əvvəldən də oyuna yaxşı başlamışdı, amma bəzən elə klublar olur ki, səfərdə müdafiəyə, evdə isə hücuma üstünlük verirlər. “Qarabağ” isə həm evdə, həm də səfərdə eyni taktiki yanaşma ilə oynayır – bu isə həm komandanın, həm də məşqçi heyətin düzgün qərarlarının və inkişafının göstəricisidir”.

O həmçinin vurğulayıb ki, bu, artıq Avropada tanınmaqda olan bir klubun davranışıdır:

“Ötən gün baş tutan qarşılaşmada “Qarabağ” təkcə nəticə ilə deyil, oyun baxımından da qalib gəldi.

Komanda 3 qol vurdu, amma real imkanlar baxımından ən azı daha 2 qol da vura bilərdi. Yəni qol vəziyyətlərinə nəzər salsaq, “Qarabağ” rəqibdən daha üstün idi”.

“Bəzən düşünürük ki, "Benfika", "Liverpul" kimi komandalar böyük adlara və ulduz oyunçulara malikdirlər”,- deyə sabiq baş məşqçi əlavə edib.

“Amma “Benfika” - “Qarabağ” oyunu göstərdi ki, “Qarabağ”ın həm yerli, həm də xarici oyunçuları rəqibdən heç də geri qalmır, hətta bir çox məqamlarda üstün idilər. Bu da komandanın qələbəsini şərtləndirdi.

Bu münasibətlə “Qarabağ” komandasını təbrik edirəm və arzulayıram ki, bu uğurlar ardıcıl olsun!”

Xatırladaq ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq tarixi zəfər qazanıb.

Избранный
17
50
modern.az

10Источники