Xroniki yorğunluq, iştahsızlıq, ayaqların şişməsi, konsentrasiyanın çətinləşməsi və sidikdə dəyişikliklər gizli böyrək problemlərini göstərə bilər...
Poliqon xəbər verir ki, bunu Hola nəşrinə müsahibəsində ispaniyalı həkim və Sanitas La Morale Universitet Xəstəxanasının tibbi direktoru Pablo Turrion deyib.
Həkim xatırladıb ki, böyrəklərin əsas vəzifəsi qanı süzməkdir. Bu funksiyaya faydalı maddələrin geri alınması və yararsız, artıq, zərərli, zəhərli birləşmələrin sidiklə xaric edilməsi daxildir.
Mütəxəssisin fikrincə, böyrək xəstəliklərinin ilkin mərhələlərində heç bir təzahürlər olmaya bilər, buna görə də toksinlər orqanizmdə tədricən və hiss olunmayacaq şəkildə toplanır. Bununla belə, diqqət yetirməyə dəyər bir sıra incə simptomlar var. Həkim qeyd edib ki, daimi yorğunluq, iştahsızlıq və diqqəti cəmləməkdə çətinlik çəkmək narahatlığa səbəb olmalıdır. Bundan əlavə, topuq və ayaqların yüngül şişməsi, sidiyin rənginin dəyişməsi, içərisində köpük görünməsi, həmçinin tez-tez sidiyə getmə həkimə müraciət etmək üçün səbəb ola bilər.
Doktor Turrion vurğulayıb ki, bir çox xəstələr bu əlamətlərə məhəl qoymurlar və ya digər xəstəliklərlə əlaqələndirirlər, buna görə də həkimə çox gec müraciət edirlər. Mütəxəssis əlavə edib ki, risk qrupundan olan insanlar öz sağlamlıqlarına xüsusilə diqqətli olmalıdırlar. Bura yaşlılar, şəkərli diabet, hipertoniya xəstələri, həmçinin böyrək xəstəliklərinə genetik meyli olanlar daxildir.
Poliqon.info