RU

Nə yaxşı ki, o var: Qurban Qurbanov

Azərbaycan futbolunda uğur sözünün sinonimlərindən biri də Qurban Qurbanovdur. O, əvvəlcə futbolçu kimi meydanlarda öz izini qoydu, daha sonra isə məşqçi kimi Azərbaycan futboluna yeni nəfəs gətirdi. Qurbanovun həm oyunçu, həm də məşqçi karyerası illər boyu davamlı zəhmət, intizam və peşəkarlığın simvoludur.

Futbolçu karyerası

Qurban Qurbanov 1972-ci ildə Zaqatalada dünyaya gəlib. Futbola məhz doğma bölgəsində başlayıb və qısa zamanda istedadı ilə seçilib. Hücumçu mövqeyində oynayan Qurbanov Azərbaycan futbolunun 1990-cı illərdə ən məhsuldar oyunçularından biri kimi yadda qalıb. O, ölkəmizin “Daşqın”, “Turan”, “Neftçi”, “Qəbələ”, Rusiyanın “Dinamo”, “Baltika”, “Fakel” kimi klublarında çıxış edib.

Milli komandada da öz sözünü deyən Qurbanov uzun müddət Azərbaycan yığmasının əsas hücumçularından biri olub və ötən həftəyə qədər komandanın tarixində ən çox qol vuran futbolçu kimi yadda qalıb. 

Məşqçilik həyatı

Futbolçu karyerasını bitirdikdən sonra Qurban Qurbanov məşqçiliyə başlayıb. İlk illərdə müəyyən təcrübə toplayaraq ölkənin ən perspektivli mütəxəssislərindən birinə çevrilib. Onun əsas uğurları isə “Qarabağ”la bağlıdır.

2008-ci ildən etibarən komandaya rəhbərlik edən Qurbanov Ağdam klubunu təkcə ölkə daxilində deyil, Avropada da tanıtmağı bacarıb. “Qarabağ” ardıcıl ölkə çempionluqları qazanmaqla yanaşı, avrokubokların qrup mərhələlərinə daimi vəsiqə qazanan Azərbaycan komandası olub. “Köhlən atlar” 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələrək tarix yazıb.

Onun komandası eyni uğuru bu mövsüm də təkrarlamağı bacarıb. Komanda Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb. Hətta Qurbanovun yetirmələri ötən gün Portuqaliya nəhəngi “Benfika”nı səfərdə devirib – 3:2.

Qurbanovun rəhbərliyi altında “Qarabağ” sadəcə nəticə baxımından deyil, oyun üslubu və intizamı ilə də nümunəyə çevrilib. O, komandasına müasir Avropa futboluna uyğun düşüncə tərzi aşılayıb, legioner seçimində dəqiq qərarlar verib.

Mütəxəssisin rəhbərliyi altında komanda 696 matçda 413 qələbə qazanıb. Bu isə fantastik nəticədir.

Uğurun sirri

Qurban Qurbanovun uğurunun əsas sirri davamlılıq, işinə ciddi yanaşma və sadəlikdir. O, hər zaman komandasına nümunə olub, həm azarkeşlərin, həm futbolçuların, həm də futbol ictimaiyyətinin etimadını qazanıb. Ən əsası isə Qurbanov yalnız nəticə qazanmaqla kifayətlənməyib, həm də futbol mədəniyyətinin formalaşmasında böyük rol oynayıb.

V turun oyun cədvəli bəlli oldu

“Qaradağ Lökbatan”dan 8 cavabsız qol

Şahin Diniyev: “Benfika” köklü komandadır, amma “Qarabağ” püxtələşib”

Millimiz Monteneqro ilə heç-heçə edib

II Liqada III turun oyun cədvəli açıqlanıb

Избранный
39
1
apasport.az

2Источники