Texnologiyanın imkanları sayəsində bu gün bir çox şəxs Azərbaycanda yaşasa da, xarici şirkətlər üçün remote (işçinin şirkətin ofisinə getmədən, evdən, başqa şəhərdən və ya hətta başqa ölkədən onlayn şəkildə işləməsi) olaraq işləyir. Remote işlərdə maaşlar da yüksək olur. Lakin remote işlərdə çalışan şəxslər Azərbaycanda banklara kredit üçün müraciət edəndə, çox vaxt “yox” alırlar. Gəlirləri yüksək olduğu üçün ödəmə qabiliyyəti də yüksək olacaq. Buna baxmayaraq, onların kredit əldə etməsi çətin olur.Bəs niyə banklar remote işləyənlərə kredit verməkdən çəkinir?Bank eksperti Azər Balamedov Valyuta.az-a bildirir ki, buna səbəb ilk növbədə Azərbaycanda yaşayıb xaricdə işləyənlərin gördüyü işlərin nəticəsində alacaqları maaş və resursların xaricdə yerləşməsi ilə bağlıdır:“Bu mənbələr xaricdə yerləşdiyinə görə, Azərbaycanın qanuni təsir dairəsinə daxil deyil. Əgər kredit alan şəxs müxtəlif səbəblərdən krediti vaxtında qaytara bilmirsə, bankın həmin ölkələrdə yerləşən obyektlərə və subyektlərə sanksiya tətbiq etmək imkanı yoxdur. Şəxs Azərbaycanda yaşayırsa və rəsmi iş yeri varsa, məhkəmə qərarı çıxarmaq mümkündür. Yəni, kredit ödənilmədiyi halda, bank məhkəməyə müraciət edərək vətəndaşın işlədiyi təşkilatda alacağı maaşa sanksiya tətbiq edə bilir. Həmçinin, Azərbaycanda yaşayan və işləyən şəxslərin bank kartlarına tam nəzarət mövcuddur. Kredit götürüb ödəməyən şəxslərin ödənişlərini həmin kartlardan almaq mümkündür. Amma Azərbaycan banklarının xarici ölkələrdə yerləşən maliyyə mənbələrindən kreditin ödənişini çəkməsi ilə bağlı mexanizm mövcud deyil. Ona görə də banklar birinci növbədə Azərbaycanda yaşayan və Azərbaycan Respublikasının qanuni təsir dairəsinə daxil olan potensial kredit götürənlərə üstünlük verirlər”.“Bankların vaxtında krediti ödəyən və daimi müştəriləri çox olduğundan, remote şəxslərə kredit verməyə ehtiyac duymurlar” – deyə ekspert əlavə etdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта