RU

ABŞ də ChatGPT ilə bağlı yenilik: Bəzi hallarda məsləhət bilsə , polisə zəng edəcək

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"ChatGPT" çatbotu istifadəçinin sorğularında təhlükə aşkar edərsə, polisə zəng edə biləcək. Süni intellektin yeni təhlükəsizlik sistemi xüsusilə azyaşlı istifadəçilərə yönəldilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin "OpenAI" şirkətinin saytında xəbər verilib.

Bildirilir ki, "ChatGPT" platformasında istifadəçilərin yaşını avtomatik müəyyən edə biləcək sistem tətbiq olunacaq. Məqsəd xidmətin funksionallığını fərqli yaş qruplarına uyğunlaşdırmaq və azyaşlıların təhlükəsizliyini təmin etməkdir. Minimum yaş həddi 13 il olaraq müəyyən edilib.

Yeni texnologiya istifadəçilərin davranışlarını və qarşılıqlı əlaqələrini analiz edərək onların yaşını qiymətləndirəcək. Əgər sistem istifadəçinin 18 yaşdan yuxarı olduğunu əminliklə təsdiqləyə bilməzsə, "ChatGPT" versiyasına tam giriş məhdudlaşdırılacaq, əvəzinə yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulmuş sadələşdirilmiş interfeys aktivləşdiriləcək.

Bəzi hallarda və regionlarda istifadəçinin yaşını sənəd vasitəsilə təsdiqləməsi tələb oluna bilər.

Valideynlər və qəyyumlar üçün də nəzarət alətləri hazırlanıb. Onlar xüsusi dəvət vasitəsilə öz hesablarını uşağın profilinə bağlaya, cavab məzmununa limit qoya, söhbət tarixçəsinin saxlanması və botun yaddaş funksiyasını idarə edə, həmçinin yeniyetmədə emosional gərginlik əlamətlərini izləyən bildirişlər ala biləcəklər. Həmçinin müəyyən saatlarda xidmətin istifadəsini məhdudlaşdırmaq mümkün olacaq.

Məxfilik baxımından "OpenAI" istifadəçi məlumatlarını həkim və hüquqşünaslarla aparılan məxfi söhbətlər səviyyəsində qorumağı hədəfləyir. Məlumatlar şirkət əməkdaşları üçün əlçatan olmayacaq, yalnız həyat təhlükəsi, başqasına zərər riski və ya kiberhücumlardan ibarət ciddi hallar istisna təşkil edir.

Şirkət vurğulayır ki, prioritet azyaşlıların qorunmasıdır.

Yeniyetmələr üçün isə təhlükəsizlik baxımından əlavə filtr funksiyaları tətbiq olunacaq: "ChatGPT" özünü zərərvermə, intihar mövzularında və flirt tipli müzakirələrdə aktivləşdirməyəcək.

Əgər 18 yaşdan kiçik istifadəçidə intihar düşüncələri aşkarlanarsa, sistem əvvəlcə valideynlərlə əlaqə qurmağa çalışacaq; uğursuz olarsa, dərhal təhlükə halında hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Dəyişikliklərin tətbiqi cari ilin sonuna planlaşdırılır. Bu təşəbbüs ABŞ Konqresində süni intellekt çatbotlarının yeniyetmələrin psixi sağlamlığına mənfi təsiri ilə bağlı dinləmələr və Federal Ticarət Komissiyasının texnologiya şirkətlərindən təhlükəsizlik tədbirləri barədə məlumat tələb etməsi fonunda həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
4
oxu.az

5Источники