RU

Xaricdə oxuyanların nəzərinə: “Diplomun tanınmasını istəyirsinizsə...”

Bu il xaricdə təhsil alan 491 nəfərin diplomu ölkədə tanınmayıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bildirib ki, ümumilikdə 3480 müraciət üzrə ekspertiza aparılıb və onlardan 2989-u müsbət qiymətləndirilib.

Bu il 491 nəfərin diplomunun tanınmaması ən çox hansı səbəblərdən baş verib? Həmçinin, diplomların tanınmaması daha çox hansı ölkələrdəki universitetlərə aiddir? Bəs bu, həmin tələbələrin gələcək karyerasına necə təsir edir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, 491 nəfərin diplomunun tanınmaması onların vaxtında düzgün qərar verməmələrinin məntiqi nəticəsidir.Onun sözlərinə görə, xaricdə təhsil almağa üstünlük verənlər mütləq Təhsildə Keyfiyyət Təminatı Agentliyinin müvafiq qaydaları ilə tanış olmalıdır:

“Təəssüf ki, bəzi mövsümi şirkətlər və şəxslər proses başlanğıcında valideyn və abituriyentləri bir növ aldadaraq onları müxtəlif istiqamətlərə yönləndirirlər. Nəticədə isə diplomların tanınmaması kimi halları yaşanır. 

Qeyd edim ki, diplomun tanınmaması üçün əsas səbəblər ilk növbədə, vətəndaş hansı ölkədə təhsil alıbsa və ya tədris dili hansı dildədirsə, həmin dillə bağlı bilik və bacarıqlara sahib olmalıdır. İkincisi, təhsil aldığı ixtisasın ölkəmiz üçün prioritet olmalıdır. Həmçinin həmin ixtisasın ekvivalentliyi bizim ölkənin ixtisasları ilə hardasa uyğunluq təşkil etməlidir. 

Üçüncü vətəndaşın təhsilini mütləq əyani formada almasıdır. Qiyabi və distant təhsil üzrə alınan diplomlar tanınmır. Dördüncü, əyani təhsil alan tələbənin pasportunda onun gediş-gəlişləri öz əksini tapmalıdır. Bundan əlavə, tələbə ixtisas üzrə minimal biliklərə cavab verməlidir”.

Təhsil eksperti diplomu tanınmayan məzunların karyera imkanlarının məhdud olduğunu vurğulayıb:

“Təbii ki, digər amil, təhsil aldığı universitetin dünya reytinqində ən azı ilk 1000-likdə, maksimum isə 1500-lükdə yer almasıdır. Diplomların tanınmaması ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən mütəmadi olaraq siyahılar dərc olunur.

Burada əsasən, MDB ölkələrinin bəzi universitetləri, xüsusilə Rusiya və Ukraynanın müəyyən ali məktəbləri, eləcə də qardaş ölkə Türkiyənin bəzi universitetləri qeyd edilir. Bundan başqa, bir sıra digər ölkələrin də universitetlərinin diplomları ölkəmizdə tanınmır.

Diplomu tanınmayan tələbələrin gələcək karyerasında iş imkanları məhduddur. Çünki işə qəbul prosesində diplom əsas sənəd kimi tələb olunur. Əgər təqdim edilən diplom tanınmırsa, təəssüf ki, həmin şəxs işə qəbul edilmir.

Dolayı yollarla ola bilər ki, müəyyən iş imkanları qazana bilirlər, lakin bu da yalnız müəyyən bir dövr çəkir. Sonradan diplomun saxta olduğu və ya tanınmadığı aşkarlanarsa, həmin şəxslərin əmək müqaviləsinə xitam verilir”.Elçin Əfəndi qeyd edib ki, belə hallarda yeganə çıxış yolu yenidən ali təhsil almaqdır:

“O ki qaldı diplomu tanınmayan şəxslər üçün alternativ çıxış yolları nələr ola bilər? Burada alternativ çıxış yolu yenidən ali təhsil almaqdır. Bunun üçün ya xarici ölkə universitetlərinə üz tuta bilərlər, ya da Azərbaycanın ali təhsil müəssisələrinə abituriyent qaydasında qəbul imtahanı vermək lazımdır.

Təəssüf ki, əlavə imtahanlar, nostrifikasiya kursları və digər qeyri-rəsmi yollar keçərli deyil. Yeganə düzgün yol ölkə universitetlərində qəbul imtahanı verərək təhsil almaq və ya xaricdə oxumaq istəyənlər üçün rəsmi qaydada qəbul almaqdır.

Əgər təhsil attestatla mümkündürsə, o zaman mütləq şəkildə əvvəlcədən araşdırma aparılmalı, diplomları Azərbaycanda tanınan universitetlər seçilməli və prioritet ixtisaslarda təhsil alınmalıdır. Həmçinin, təhsil mütləq əyani formada həyata keçirilməlidir”.

Избранный
46
1
cebheinfo.az

2Источники