RU

Mexaniki maşınların qənaətcil olması nə qədər doğrudur? - ARAŞDIRMA

Bir vaxtlar sürücülər arasında belə bir inam vardı ki, mexaniki transmissiyalı avtomobillər daha az yanacaq sərf edir. Lakin texnologiyanın inkişafı ilə bu yanaşma dəyişib. İndi müasir avtomatik transmissiyalı avtomobillər yanacaq sərfiyyatında mexaniki modelləri geridə qoyur.

Avtosfer.az xəbər verir ki, mütəxəssislərin açıqlamasına görə, 10 il əvvələ qədər mexaniki transmissiyalar sıx trafikin olduğu yerlərdə daha qənaətcil hesab olunurdu. Çünki avtomobili neytral rejimə keçirərək yanacaq sərfini azaldırdılar. Köhnə avtomatik transmissiyalar isə əksinə, yüksək yanacaq sərfi ilə tanınırdı.

Bu gün isə vəziyyət tamamilə fərqlidir. Qabaqcıl elektron sistemlər və çoxpilləli sürət qutuları sayəsində avtomatik transmissiyalar mühərrikin sürətini optimal səviyyədə saxlayır, həm performansı qoruyur, həm də yanacağa qənaət edir. İkimuftalı və CVT transmissiyalar ötürmələrin daha hamar dəyişməsini təmin edir.

Sürücülük təlimatçıları bildirirlər ki, yeni nəsil avtomatik transmissiyalar yalnız şəhər şəraitində deyil, magistral yollarda da üstünlüklər təklif edir. Xüsusilə 8 və 9 pilləli sürət qutuları mühərrikin ən qənaətcil fırlanma diapazonunda işləməsinə şərait yaradır və sürücünün tez-tez sürət dəyişmə zərurətini aradan qaldırır.

Testlər də bunu təsdiqləyir. Aparılan sınaqlar göstərib ki, mexaniki və avtomatik transmissiyalı avtomobillər arasında yanacaq sərfiyyatı fərqi 100 kilometrdə təxminən 1 litr təşkil edir. Bu isə orta hesabla ildə 200 litr yanacağa qənaət deməkdir.

Beləliklə, illərdir davam edən “mexaniki daha qənaətcildir” düşüncəsi artıq köhnəlmiş sayılır. Müasir avtomatik transmissiyalar sürücülərə həm rahatlıq, həm də qənaət imkanı təqdim edir.

Eltac Zülfüqaroğlu

Избранный
26
1
avtosfer.az

2Источники