İstanbulun Bakırköy rayonundakı evində ölü tapılan yarış aparıcısı Esen Gökün ölümünə dair ekspertiza hesabatı ortaya çıxıb.
Sherg.az xəbər verir ki, 19 iyul günü Esen Gökdən xəbər ala bilməyən yaxınları polisə məlumat vermişdi. Bakırköyün Osmaniye məhəlləsindəki evə çilingirin köməyi ilə girilmişdi.
Qruplar evdə Gökün çarşafla qaz borusundan asılmış cansız bədəni ilə qarşılaşmışdı.

İlkin araşdırmada evin qapısının içəridən kilidli olduğu, açarın qapıda taxılı qaldığı və heç bir zorlanma izinin olmadığı müəyyən edilmişdi.
Evdə bir də qeyd tapılmışdı.
Qeyddə belə yazıldığı görülmüşdü: “Bacı, sən məsul deyilsən, sən heç vaxt səhv etmədin. Mən həmişə bəhanə axtardım.”
Esen Gökün Ədli Tibb Qurumu Morq İxtisas Şöbəsində aparılan ekspertiza tamamlanıb.
Araşdırmada Gökün bədənində hər hansı qadağan olunmuş maddə aşkarlanmayıb.

Ekspertiza hesabatında Gökün bədənində zorakılıq və ya kəsik izi olmadığı, asılma əməlində şəxsin diri olduğu, ölümün asılma nəticəsində baş verdiyi qənaətinə gəlinildiyi bildirildi.

Hesabat hadisə ilə bağlı araşdırmanı aparan Bakırköy Respublika Prokurorluğuna göndərilib.
İzmir doğumlu Esen Gök, Türkiyənin ilk qadın at yarışı spikeri unvanını daşıyırdı.

Süleyman Dəmirəl Universiteti Kommunikasiya Fakültəsinin Radio-Televiziya və Kino ixtisasını bitirmişdi. Ege TV və TRT kimi kanallarda müxbirlik və proqram aparıcılığı etmişdi.
Gənc spiker daha sonra at yarışı yayımlarının aparıldığı Tay TV-də spikerliyə başlamışdı.
Gök Tay TV-də 11 iyul cümə günü etdiyi son yayımında bir həftəlik məzuniyyətə çıxdığını bildirərək “Sizlərdən bir həftəlik icazə istəyirəm. Gələn həftə bazar ertəsi "Hipodromdan Günə Baxış" əlbəttə efirdə olacaq” demişdi.