RU

Ermənistanın silah bazarını böyütməsi region üçün təhlükədir?

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin silah tədarükü imkanlarının genişləndiyini açıqlayıb. Onun sözlərinə görə, əvvəllər Ermənistan üçün silah bazarları həm coğrafi, həm də maliyyə baxımından məhdud idi. Lakin artıq bu məhdudiyyətlər aradan qaldırılıb və heç bir ölkə Ermənistanla hərbi-texniki əməkdaşlıqdan çəkinmir, çünki bu silahların qeyri-legitim məqsədlər üçün istifadə olunacağından narahatlıq yoxdur. Bəs Ermənistanın silah bazarını böyütməsi region üçün təhlükə hesab oluna bilər? Hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, Ermənistan 2025-ci ilə qədər müxtəlif silahların alınması ilə bağlı müqavilələr imzalayıb və onların bir qismini də əldə edib. Onun sözlərinə görə, sonradan güc balansını bərpa etmək niyyətlərinin Ermənistan üçün ciddi təhlükələr yarada biləcəyini anlayan rəsmi İrəvan bu prosesdən qismən kənarda qalmağa çalışıb: "Ermənistanın baş naziri son bəyanatlarında açıq şəkildə bildirib ki, Azərbaycan ordusu ilə Ermənistan ordusunu müqayisə etmək mümkün deyil. Azərbaycan həm hərbi-texniki sahədə kifayət qədər üstün mövqedədir, həm də dünya silah bazarının əsas oyunçularından olan bir çox ölkələrlə dostluq, tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malikdir. Bu səbəbdən Ermənistanın silahlanma yarışına qoşulması real görünmür. Azərbaycanın hərbi büdcəsi artıq 8,7 milyard manata çatdığı halda, Ermənistanın dövlət büdcəsi bununla müqayisə oluna bilməz". Ə.Verdiyev qeyd edib ki, hazırda Ermənistanın silahlanması Azərbaycanın təhlükəsizliyi üçün ciddi risk yaratmır: "Əsas təhlükə, dövlət televiziyası səviyyəsində Azərbaycana qarşı aparılan nifrət təbliğatıdır. Buna görə də biz ordumuzun döyüş qabiliyyətini və təchizatını yüksək səviyyədə saxlayır, silah arsenalımızı, aviasiya parkımızı və dəniz donanmamızı yeniləyir və istənilən təhdidə cavab verməyə daim hazır vəziyyətdə oluruq".

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
29
1
metbuat.az

2Источники