RU

Lokal xarakterli antiterror tədbirləri suverenliyimizi tam bərpa etdi

İlin, ayın bütün günləri tarix deyil, sadəcə vaxtdır, zamandır. Zamanı illərin, ayların, yaddaşına öz möhürünü vurub əbədilik ömrü qazanan   hadisələr tarix edir. 2020-ci ilə kimi sentyabr sıradan bir təqvim ayı, payız fəslinə keçid, yeni dərs ilinin başlanğıcı kimi yaddaşlarda yer alırdısa, 2020-ci ildən sonra sentyabr xalqımızın hafizəsinə qəhrəmanlıq tariximizin yeni səhifəsinin yazıldığı, gənclərimizin torpaq uğrunda ölüm-dirim savaşına can atdığı, ölkəmizin suverenliyinin tam bərpa olunduğu bir tarixi an kimi həkk oldu. Bu gün sentyabr ayı haqqında düşünəndə istər-istəməz müqəddəs bir təqvimə assosiasiya oluruq. Artıq sentyabr sadəcə bir təqvim ayı yox -  Azərbaycan xalqı üçün Zəfər ayıdır. 

30 il torpaqlarımızı işğalda saxlayan, daim silahlı təxribatlar törədən  Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına qarşı 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu illərlə ərazilərində hərbi istehkamlar qurub, möhkəmlənən Ermənistan silahlı birləşmələrini 44 gün ərzində darmadağın etdi. Azərbaycan BMT Nizamnaməsindən irəli gələn özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalan dörd qətnaməsinin icrasını özü təmin etdi.

10 noyabr 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması məqsədilə Azərbaycan-Ermənistan və Rusiya Federasiyasının rəhbərləri üçtərəfli Bəyanat imzaladılar. Həmin bəyanata əsasən, Ermənistan silahlı qüvvələri birmənalı olaraq Azərbaycan ərazisini tərk etmək öhdəliyi götürsə də, düz üç il ərzində nəinki şərtlər yerinə yetirilmədi, əksinə, separatçıların sıx cəmləşdiyi torpaqlarımızda istehkamlar quruldu, əlavə olaraq  yüzlərlə ağır döyüş texnikası yerləşdirildi və qanunsuz hərbi dəstələrin sayı artırıldı. Bu zaman kəsiyində Azərbaycanın dəfələrlə xəbərdarlıqlar etməsinə, sülh çağırışları irəli sürməsinə baxmayaraq, separatçı rejim öz mövqeyindən geri çəkilmədi. Qarabağda yerləşən qanunsuz hərbi birləşmələr hər gün atəşkəsi pozur, sərhəd bölgələrindən həyəcanlı xəbərlər gəlirdi. Atəşkəs razılaşmasından sonra - 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş verdi. 2022-ci ilin sentyabrında  sərhəddə baş verən hər iki tərəfdən çoxsaylı insan həyatına son qoyan qanlı toqquşma İkinci Qarabağ müharibəsindən sonra ən qanlı hadisə kimi tarixləşdi. 2023-cü ildə tərəflər arasında toqquşmalarla müşayiət olundu. Erməni silahlıları mart ayında Şuşa istiqamətində,  apreldə və mayda sərhəd bölgələrində silahlı toqquşma yaratdılar.

Üçtərəfli Bəyanatda Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini öz üzərinə götürmüşdü. Bununla kifayətlənməyən Ermənistan 2020-ci ildə atəşkəsdən sonra istehsal etdiyi minaları qanunsuz yollarla Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə yerləşdirdi. Təmas xətti boyunca 480 kilometr yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırıldı. Bundan başqa, Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr də cəmləşdirdi.

2023-cü il aprelin 23-də Azərbaycanın Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Azərbaycanın suveren ərazilərində, Ermənistanla sərhəddə, "Laçın" nəzarət-buraxılış məntəqəsini yaratdı.

Ermənistanın məqsədli şəkildə həyata keçirdiyi təxribatçı hərəkətlərə, edilən bütün xəbərdarlıqlara rəğmən, rəsmi İrəvanın qanunsuz xunta rejimini qoruyub saxlamaq cəhdi, separatçı rejimin maliyyələşdirilməsi, eyni zamanda hərbi, siyasi, ideoloji və digər sahələrdə ona edilən yardımlar ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə təhlükə yaradırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın separatçıların lideri Samvel Şahramanyanı təbrik etməsi, həmçinin  sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı qüvvələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror aktları həyata keçirməsi, Xocavənd rayonu ərazisində mina partlayışları nəticəsində Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfərin həyatını itirməsi Azərbaycanı Qarabağda lokal xarakterli antiterror əməliyyatı keçirməyə məcbur edən səbəblər oldu.

Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirməklə dünya hərb tarixində bir ilkə imza atdı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Hərbi əməliyyatlar sentyabrın 20-də saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. 

Sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda keçirilən görüş zamanı Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, paralel formada bütün silah-sursat təhvil verilməsi və bütün bu proseslərin Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması barədə razılıq əldə olundu.

24 saatdan az davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş  Ermənistan silahlı birləşmələri  tərk-silah olundu və ölkəni tərk etdi. İllərdir Qarabağda qeyri-qanuni fəaliyyət göstərən xunta rejimi ləğv edildi, xalqlar arasında düşmənçilk yaradan separatçıların əsas rəhbərləri həbs olundu. Azərbaycan dövlət suverenliyini tam bərpa  etdi. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımız yüksəldilərək suverenliyimiz tam bərpa edildi.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Избранный
22
azerbaijan-news.az

1Источники