RU

Uşaqlarınızı belə qidalandırın - Valideynlərin diqqətinə!

Uşaqlar məktəb dövründə günlərinin əksər hissəsini evdən kənarda keçirirlər. Bu səbəbdən onların qida seçiminə təkcə valideynlər deyil, həmçinin dostları, müəllimləri və hətta sosial media da təsir edə bilər.

 

Pravda.az bildirir ki, yaşları 6-12 arası olan uşaqlar üçün bu dövr, böyümə və inkişafın ən sürətli mərhələsidir. Hər il orta hesabla 5 sm boy artımı və 2 kq çəki artımı müşahidə olunur. Qız uşaqlarında bu proses 10-14, oğlanlarda isə 12-16 yaş arasında daha sürətlidir.

 

Hər bir uşağın boyu, çəkisi, yaşı və fiziki aktivliyi fərqli olduğuna görə, enerji tələbatı da fərqlənir. Buna görə uşaqlara fərdi yanaşma vacibdir. Qidalanma əsasən taxıllar, meyvə və tərəvəzlər, süd məhsulları, paxlalılar və ət kimi proteinlə zəngin qidalardan ibarət olmalıdır. Paketlənmiş, şəkərli və yağlı məhsullardan uzaq durulması tövsiyə olunur.

 

Kalsium və D vitamini mühümdür

 

Uşaqlar gündə 2-3 stəkan süd qəbul etməklə kalsium ehtiyacının əhəmiyyətli hissəsini qarşılamış olurlar. Əgər D vitamini ilə zənginləşdirilmiş süd istehlak edilərsə və günəşlə təmas yetərincə olarsa, əlavə D vitamini qəbuluna ehtiyac qalmır. Lif ehtiyacını qarşılamaq üçün meyvə və tərəvəz istehlakı artırılmalı, kalium çatışmazlığının qarşısını almaq üçün paxlalı bitkilərə üstünlük verilməlidir.

 

Səhər yeməyi uğurun təməlidir

 

Səhər yeməyi məktəbyaşlı uşaqlar üçün həm akademik uğur, həm də fiziki inkişaf baxımından əsas qidadır. Əgər uşaq səhər yeməyi yeməyi vərdiş etməyibsə, ən azı bir stəkan süd və ya təzə sıxılmış meyvə şirəsi ilə bu ehtiyac müəyyən qədər ödənə bilər.

 

Məktəbli uşaqlar üçün praktiki səhər yeməyi nümunələri:

 

Pendirli tost və meyvə suyu

 

Taxıl, süd və banan

 

Evdə hazırlanmış mürəbbə, pendir və krep

 

Meyvə (məsələn, banan və ya quru üzüm), süd və yulaf əzməsi

 

Qidalanma çantasına nə qoymalı?

 

Əgər uşaq məktəbdə yarım gün qalırsa və ya tam gün məktəbdə yemək verilirsə, aralıq yeməklər üçün bu alternativlər uyğun ola bilər:

 

Evdə hazırlanmış az şəkərli, az yağlı, qoz-fındıqla zəngin keks və süd

 

Meyvə, süd və qoz-fındıq

 

Tam taxıllı çörək arası ev mürəbbəsi və ya fındıq əzməsi, yanında süd

 

Az yağlı, pendirli ev bükməsi və meyvə

 

Əgər uşaq tam gün məktəbdə qalır və yemək verilmir:

 

Tam taxıllı çörək arası yumurta, toyuq və ya ton balığı ilə hazırlanmış sendviç, meyvə və süd/ayran

 

Pendirli tost və meyvə, yanında süd/ayran

 

Tərəvəzli, pendirli makaron, meyvə və ya meyvə suyu

 

Uşaqları məcbur etməyin – öyrədin

 

Bəzi uşaqlar yeməyi oyunla əvəz edə bilər və ya müəyyən qidaları sevməyə bilərlər. Bu hallarda uşaqları məcbur etmək əvəzinə, həmin yeməkləri başqa yeməklərlə birlikdə təqdim etmək və zamanla öyrəşdirmək daha faydalıdır. Qida seçiciliyi olan uşaqlarda nizamlı yemək saatlarının olmaması, hər yeməkdə yalnız bir növ qida yeməsi sonradan balanssız qidalanmaya yol aça bilər.

 

Valideynlər uşaqları ilə birlikdə mətbəxdə olmalı, hansı qidaları sevdiklərini öyrənməli, uşaqların təzə meyvə və tərəvəzləri asanlıqla görə və əldə edə biləcəkləri yerlərdə saxlamaq vərdiş yaratmaq baxımından faydalıdır.

 

Qeyd: Məktəbyaşlı uşaqlar üçün balanslı və fərdi qidalanma yanaşması həm fiziki, həm də zehni inkişaf üçün olduqca vacibdir. Valideynlər qida seçimi və qidalanma vərdişlərini uşaqlarla birlikdə formalaşdırmalı, onlara düzgün nümunə olmalıdır.

 

Əminə Bayramova

Tarix: 18 Sentyabr 2025, 08:16   
Избранный
20
pravda.az

1Источники