Mançester Şəhər Universitetinin alimləri müəyyən ediblər ki, nar ekstraktının gündəlik qəbulu 55–70 yaş arası insanlarda “gənclik hormonu” adlanan IGF-1 səviyyəsini yüksəldir.
E-saglam.az xəbər verir ki, tədqiqatın nəticələri Nutrients jurnalında dərc olunub.
Araşdırmada 72 nəfər könüllü iştirak edib. Onlar 12 həftə ərzində gündəlik olaraq ya 740 mq nar ekstraktı kapsulu, ya da plasebo qəbul ediblər.
Nəticədə nar ekstraktı qəbul edən qrupda IGF-1 hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bu hormon hüceyrələrin böyüməsi və yenilənməsinin tənzimlənməsində, əzələlərin və sümüklərin möhkəmlənməsində, həmçinin beyin və damar sisteminin fəaliyyətində mühüm rol oynayır. Yaş artdıqca IGF-1-in azalması əzələ zəifliyi, tonusun itməsi və müxtəlif xəstəlik riskinin yüksəlməsi ilə əlaqələndirilir.
Bununla belə, araşdırma göstərib ki, nar ekstraktı xromosomların “qoruyucu ucları” olan telomerlərin uzunluğuna ciddi təsir göstərməyib. Telomerlərin vəziyyəti hüceyrələrin yaşlanma sürətinin göstəricisi hesab olunur.
Alimlər qeyd ediblər ki, nar ekstraktının həqiqi “cavanlaşdırıcı təsiri”ni təsdiqləmək üçün uzunmüddətli və genişmiqyaslı araşdırmalar aparılmalıdır. Bu cür tədqiqatlar həm də istifadənin mümkün risklərini aradan qaldırmağa kömək edəcək.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az