“Milli komandanın hazırlığı artıq yekunlaşmaq üzrədir, baxmayaraq ki, son heyət hələ formalaşır”.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan batut gimnastikası üzrə milli komandasının baş məşqçisi Vladimir Şulikin yarışın rəsmi saytına açıqlama verib.
O, hazırlıq prosesi ilə bağlı təfərrüatları bölüşüb:
«III MDB Oyunlarında 2009-cu il təvəllüdlü və daha böyük idmançılar iştirak edəcəklər. Qızlarda dörd idmançı müəyyən edilib, oğlanlarda isə altı namizəd var ki, onlardan dördü yekun komandaya daxil olacaq. Hazırlıq plan üzrə gedir, bizim üçün bütün zəruri şərait yaradılıb».
Məşqçinin sözlərinə görə, qarşıdakı yarışların səviyyəsi yüksək olacaq:
«Şəkiyə Rusiya və Belarusdan güclü rəqiblər gələcək, onların arasında ikiqat Olimpiya çempionu da var. Həmçinin Qazaxıstan, Özbəkistan və bir sıra digər ölkələrin gimnastları da iştiraklarını təsdiqləyiblər. Yarışlar ən yüksək səviyyədə keçiriləcək.
Bizim də öz liderlərimiz var. Xüsusilə, medal uğrunda mübarizə aparacaq Səlcan Mahsudova. Qızlarda da, oğlanlarda da sinxron çıxışlarda yaxşı şanslarımız var. Turnir Azərbaycanda keçiriləcək, buna görə uğurlu nəticələrin qazanılması üçün əlimizdən qələni etməliyik. Təxminən dörd medal qazanacağımıza ümid edirik», — deyə baş məşqçi vurğulayıb.
Şulikin qeyd edib ki, Azərbaycanda batut gimnastikası sürətlə inkişaf edir: «Batut gimnastikası ölkəmizdə cəmi təxminən 12 ildir inkişaf edir, amma artıq ciddi nailiyyətlər əldə olunub. Gimnastika Federasiyasının səyləri sayəsində demək olar ki, sıfırdan məktəb yaradıldı və nəticədə ilk dəfə Azərbaycan idmançısı Olimpiya Oyunlarına vəsiqə qazandı. Bu uğur idmana böyük maraq yaratdı və gənclər arasında tanınmasını əhəmiyyətli dərəcədə artırdı. Əvvəllər bir çoxları batut gimnastikasının nə olduğunu belə bilmirdi, amma indi bu idman növünə maraq günü-gündən artır. Əminik ki, III MDB Oyunlarında idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edəcəklər» — deyə baş məşqçi yekunlaşdırıb.
Qeyd edək ki, 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək.