2026-cı ildən etibarən Azərbaycanda əməkhaqlarından vergi tutulması məsələsi gündəmə gətirilib. İqtisadi islahatların yeni mərhələsi çərçivəsində nəzərdə tutulan bu addımın həm dövlət büdcəsinə təsiri, həm də işçilərin gəlirlərinə mümkün nəticələri ictimai müzakirə mövzusuna çevrilib.
Bəs bu qayda necə tətbiq olunacaq? Maaşın neçə faizi vergiyə çıxılacaq?
Məsələ ilə bağlı deputat Vüqar Bayramov News24.az-a açıqlamasında bildirib ki, dəyişikliklərə əsasən, Azərbaycanda fiziki şəxslər 7 il müddətinə gəlir vergisindən azad olunmuşdu:
"Bu güzəşt müddəti 2026-cı ilin yanvar ayında başa çatır. 7 illik güzəşt qeyri-dövlət və qeyri-neft sektorunda çalışan vətəndaşlara şamil edilirdi. Onlar 14 və ya 25 faizlik gəlir vergisini ödəmirdilər. Artıq bu il həmin güzəştin 7-ci ilidir. Mənim təklifim odur ki, bu müddət uzadılsın. Əgər uzadılmayacaqsa, ən azından kiçik faiz dərəcələri tətbiq edilsin. Məsələn, 2 faiz həcmində bir vergi müəyyənləşdirilə bilər ki, bu da vətəndaşın əməkhaqqısında ciddi fərq yaratmasın”.
Vüqar Bayramov qeyd edib ki, sözügedən güzəşt əmək müqaviləsi ilə çalışan bütün vətəndaşlara şamil olunur. Onun fikrincə, güzəşt müddətinin uzadılması və ya minimal vergi tətbiqi əməkhaqlarının real dəyərinin qorunmasına, insanların sosial rifahının daha az zərər görməsinə imkan verəcək:
“Əməkhaqqı ölkədə insanların əsas gəlir mənbəyidir. Ona görə də bu məsələdə mümkün qədər vətəndaşların maraqları qorunmalıdır. Növbəti ildən müddətin uzadılması onların daha rahat şəraitdə işləməsinə, həmçinin iqtisadi aktivliyin qorunmasına xidmət edəcək”.
Aqil Qarayev